YENƏ ŞABLON, YENƏ XƏCALƏT… – Paşinyan nə deyir, Məmmədyarov nədən danışır?…
BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan çıxışını demək olar ki, bütövlüklə Qarabağ münaqişəsinə və ölkəsinin Rusiya ilə strateji əməkdaşlığına həsr edib.
Həmişəki kimi, həyasızcasına dünya ictimaiyyətinin gözünün içinə yalan danışan erməni baş nazir, Azərbaycanın ünvanına mümkün olan bütün böhtanları söyləyərək, ölkəmizi təcavüzkar qismində təqdim etməyə çalışıb.
Sitat: “Azərbaycan Dağlıq Qarabağı Sovet vaxtındakı statusla geri qaytarmaq istəyir. Ancaq bunlar boş yerə edilən cəhdlərdir. Çünki Dağlıq Qarabağ xalqı öz müqəddaratını təyin etmə hüququndan istifadə edərək, qanuni şəkildə müstəqilliyini elan edib. Eyni şeyi Azərbaycan xalqı da edib. Bakının indiki mövqeyi isə SSRİ-nin bərpası ideyasına bərabərdir…
Azərbaycan Qarabağ məsələsində kompromisə getməməklə göstərir ki, münaqişənin həllinə yox, 1990-cı illərdə və 2016-cı ildə uğursuzluqla başa çatan Qarabağ xalqına qarşı təcavüz cəhdlərinə görə intiqam almağa çalışır…
Azərbaycan Qarabağ münaqişəsini Ermənistanla Azərbaycan arasındakı ərazi problemi kimi görür. Biz bununla razı deyilik. Söhbət əsrlərlə əcdadlarının yaşadıqları kimi öz vətənlərində yaşamaq istəyən insanlardan, qadınlardan, kişilərdən gedir. Azərbaycan hakimiyyəti isə təəssüf ki, həmin insanlarla danışmaq istəmir. Çünki onları yalnız ərazi maraqlandırır. Daha doğrusu, insanlarsız ərazi…”
İndi isə eyni gündə və eyni tədbirdə – BMT Təhlükəsizlik Şurasının Nazirlər Debatında çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışından fraqmentlərə diqqət edək. Report.az-ın yaydığı çıxışın mətnində Qarabağ münaqişəsinə, Paşinyanın son həyasız bəyanatlarına, Ermənistanın davam etdirdiyi təcavüz siyasətinə və beynəlxalq birliyin biganə yanaşmasına dair bir kəlməyə də rast gəlinmir. Sanki adam Azərbaycanın yox, Avstraliyanın xarici işlər naziridir.
Sitat: “Azərbaycan, regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, terrorizm, ekstremizm və separatizm, habelə narkotik ticarəti və əlaqəli cinayətkarlığa qarşı mübarizə aparılması, o cümlədən qarşılıqlı maraq və narahatlıq doğuran digər sahələrdə regional əməkdaşlığın təşviq edilməsi üçün ŞƏT ilə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməkdən məmnundur.
Birləşmiş Millətlər Təşkilatı və regional təşkilatlar arasında əməkdaşlıq, Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinin təşviq edilməsi baxımından zəruridir. Bir sıra hallarda aydındır ki, regional və sub-regional təşkilatlar bu xüsusda əvəzedilməz mexanizmlərdir.
Bununla yanaşı, ciddi problemlər hələ də mövcuddur. Regional təşkilatlar öz bölgələrinin qarşılaşdıqları təhdid və çətinlikləri dərk etmək bacarığına malik olsalar da, heç də hamısı, onlara üzv dövlətlərin qanunla müəyyən edilmiş müvafiq öhdəliklərinə əməl etmələrini təmin etmək qabiliyyəti, siyasi iradəsi və institusional potensialına sahib deyillər…”
Bilmirik, bütün bunları hansı dildə deyib, bu fikirlər necə tərcümə olunub və sair. Ancaq bütün bu söylənən boş, standart fikirlərin Azərbaycanın ən böyük dərdi, real problemi olan Qarabağ münaqişəsilə konkret və birbaşa əlaqəsi nə dərəcədədir? Ümumiyyətlə, bu tipli şablon çıxışlardansa, ölkəmizin acınacaqlı durumda olan xarici siyasət idarəsi və onun başçısı ortaya daha sərt, konkret, dəqiq və ünvanlı mövqe qoymalı deyilmi? Azərbaycan kimi işğala və misilsiz haqsızlığa məruz qalan ölkənin xarici işlər naziri hər çıxışında “od püskürməli” deyilmi? Nə ad verəsən buna?
Görəsən, xarici siyasət idarəmiz nə vaxta qədər camaatın boğazından kəsilib büdcəyə yığılan pulların hesabına dünyanı “o ölkə sənin, bu ölkə mənim” deyərək gəzib, lyuks həyat yaşayıb ortaya heç bir ciddi nəticə qoymayaraq, məzmunsuz və dişsiz açıqlamalar verməklə millətin başını qatacaq? Və nə vaxta qədər lağlağı, məsxərə hədəfinə çevriləcək, çevriləcəyik?…
Cəlal MƏMMƏDOV
AzPolitika.info
Faktinfo.az xatırladır ki,Azərbaycanın Dağlıq Qarabağ və digər rayonlarının işğalı ilə bağlı problemi beynəlxalq kürsulərdən qardaş Türkiyə dövlətinin prezidenti,xarici işlər naziri daha kəskin səsləndirir,nəinki Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov.
Bu xəbər üçün şərh yazın