Yeni bahalaşma dalğası: - "Azərbaycanda inflyasiya yüksək həddə çatacaq"

Yeni bahalaşma dalğası: - "Azərbaycanda inflyasiya yüksək həddə çatacaq" 

Federal Ehtiyat Sistemi (FES) ABŞ-nin 2022-ci ildə ÜDM-in artımı proqnozunu 4 faizdən 2,8 faizə qədər pisləşdirib, 2023-cü il üçün isə 2,2 faizlik proqnozu saxlayıb.

 Eyni zamanda, FES də ABŞ-də inflyasiya proqnozunu 2022-ci ildə 2,6 faizdən 4,3 faizə, 2023-cü ildə 2,3 faizdən 2,7 faizə, 2024-cü ildə 2,1 faizdən 2,3 faizə yüksəldib. Federal Açıq Bazar Komitəsinin (FOMC) bəzi üzvləri FES-in 2023-2024-cü illərdə uçot dərəcəsini 3,5-3,75 faizə qədər artıracağını gözləyirlər. Mövzu ilə bağlı “VECON CONSULTING” şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, iqtisadçı Vüqar Oruc Yenicag.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Vüqar bəy, uçot dərəcəsinin artırılması fonunda dünya iqtisadiyyatında hansı dəyişikliklər yaşanacaq?

– Federal Ehtiyat Sistemi tərəfindən uçot dərəcəsinin yüksəldilməsi nəinki ABŞ-yə, hətta əsas valyuta hesab olunan dollardan istifadə olunan bütün ölkələrə və Azərbaycana da təsir göstərəcək. Uçot faiz dərəcəsinin yüksəlməsi verilən kreditlərin faizlərini yüksəldir. Bu isə iqtisadiyyata ciddi şəkildə təsir göstərən amildir. Bu təsiri Azərbaycan da hiss edəcək. Çünki ölkə banklarının əksəriyyəti donor qurumlardan və təşkilatlardan dollarla aşağı faizli kreditlər götürürlər. Əvvəllər faiz aşağı olduğu halda, qiymətlər artıq qalxacaq. Bu, iqtisadi fəallığın azalmasına və məhsulların maya dəyərinin, satış qiymətinin artmasına səbəb olacaq. Adətən uçot dərəcəsinin qalxması enerji resurslarının daşıyıcılarında özünü göstərir və nəticədə bütün məhsullar bahalaşır.

– Ukraynada baş verən hadisələr qlobal təchizat zəncirlərinin vəziyyətini nə dərəcədə pisləşdirə bilər?

– Bu gün Kiyevin iqtisadiyyatı ciddi zərbələr altındadır və bu vəziyyət ətraf ölkələrə təsirsiz ötüşməyəcək. Rusiya da təcavüzkar siyasətinə görə dünya ölkələri tərəfindən arzuolunmaz dövlətə çevrilib. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar nəticəsində beynəxalq iqtisadi əlaqələri ciddi şəkildə zərbə alıb. Rusiyanın ölkəmizin əsas iqtisadi partnyoru olduğunu nəzərə alsaq, mövcud vəziyyət bizə də təsir edəcək. Artıq ilk işartılar hiss olunmağa başlayıb. Bu gün bazarlarda bəzi məhsulların qıtlığı yaranıb. Tələb-təklif qanununa əsasən, hansısa zəruri istehlak malının bazarda həcminin azalması onun qiymətinin avtomatik olaraq bahalaşmasına səbəb olur. Bu baxımdan istehlak məhsullarının qiymətlərinin yüksələcəyi proqnozlaşdırılır.

– Dünya bazarında neftin və enerji daşıyıcılarının qiymətləri yüksəlməkdədir. Uçot dərəcəsinin qaldırılması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

– Bahalaşmanın ilk işartılarına səbəblərdən biri budur ki, Rusiya-Ukrayna müharibəsi daşınmaz əmlak bazarına ciddi şəkildə mənfi təsir göstərir. Azərbaycanın dünya iqtisadiyyatının bir parçası olduğunu nəzərə alsaq, beynəlxalq aləmdə baş verən proseslər ölkəmizə birbaşa və ya dolayı yolla təsirini göstərir. Qeyd edim ki, Amerika iqtisadiyyatında inflyasiya proqnozlaşması yüksəlməkdədir. İnflyasiya yüksək olanda dolların alıcılıq qabiliyyəti aşağı düşür. Bu isə məhsulların dollarla alışında müəyyən problemlər yaradır. Ümumilikdə yaxın gələcəkdə Azərbaycanda və digər ölkələrdə inflyasiya yüksək həddə çatacaq. İnflyasiya yaradan amillərə valyutanın alıcılıq qabiliyyətinin itməsi və məhsul qıtlığı daxildir. Bu gün məhsul qıtlığı artıq yaşanır. Sanskiyalar müqabilində Rusiya ümumi ticarət bazarından kənarlaşmaq üzrədir. Bu gedişat dünya bazarındakı bir çox istehlak məhsullarının həcminin azalmasına səbəb olacaq. Azərbaycanda məsul şəxslər bu situasiyada əsasən sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrin əziyyət çəkməməsi üçün onların mənafeyini qorumaq istiqamətində tədbirlər görməlidir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi