Zəfərimizi möhkəmləndirmək, azad olunmuş torpaqlarımızı yenidən qurmaq qarşımızda duran əsas hədəflərdəndir

Zəfərimizi möhkəmləndirmək, azad olunmuş torpaqlarımızı yenidən qurmaq qarşımızda duran əsas hədəflərdəndir 

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər təkcə ölkəmizin deyil ümumilikdə regionun həyatında mühüm dəyişikliklərə səbəb olacaq reallıqlar yaratdı.

Öz haqq işini layiqincə yerinə yetirib tarixi ədaləti bərpa edən Azərbaycan ordusu xalqımıza Qələbə bəxş etdi və 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımız işğaldan azad olundu. Vətən müharibəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdi. Döyüş şəraitinin bizim üçün əlverişsiz olmasına, relyefin çətin olmasına baxmayaraq, Azərbaycan əsgəri ancaq irəli gedirdi. İşğalla heç vaxt barışmayan Azərbaycan xalqı bütünlüklə Qələbə ruhuna kökləndi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuz bu ruhu və əzmkarlığı doğrultdu, tariximizə illərlə arzusunda olduğumuz Zəfəri yazdı.

Azərbaycan və ona qonşu olan dövlətlərin sülh, qarşılıqlı əməkdaşlıq şəraitində yaşamaları üçün, yeni yaradılacaq dəhlizlərdən istifadə edərək, öz iqtisadi imkanlarını genişləndirmələri üçün real şərait yarandı. Lakin bu reallıqla barışıb, yaranan imkanlardan yararlanmaq əvəzinə rəsmi İrəvan siyasi təxribat və hərbi cinayətlər törətməkdə davam edir.

Hələ Vətən müharibəsinin gedişində öz biyabırçı məğlubiyyətinin acısını mülki insanlardan almağa çalışan Ermənistan bizi durdurmaq və mülki əhaliyə zərər vermək üçün şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya qurğuları ilə daim atəşə tuturdu. Təsadüfi deyildir ki, sakini olduğumuz Füzuli rayonunun mülki əhali yaşayan ərazisinə 300-ə yaxın raket atılmışdır. Ərazilərin minalanması və mina xəritələrinin qaytarılmaması səbəbindən hələ də insanlar həyatını və sağlamlığını itirir. Basdırılmış minalar bərpa işlərimizi əsaslı şəkildə ləngidir və mülki əhalimizin həyatı üçün təhdid yaradır. Ermənilər yüz minlərlə mina basdırıb. Müharibə başa çatandan sonra - 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da ki, öz sağlamlığını itirib.

Ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır. Xüsusilə qardaş Türkiyə dövləti ilə münasibətlər ən yüksək səviyyədə davam etməkdədir. Bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Ölkələr arasındakı münasibətlər əməldə olmalıdır. Çünki yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı çıxışlar edə bilər. Amma ağır gündə sən gəl yanında dur. Necə ki, Türkiyə İkinci Qarabağ savaşında bizim yanımızda durdu. Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir. Şuşa Bəyannaməsi qardaşlıq münasibətlərin zirvəsidir. Türkiyədə baş vermiş yanğınların söndürülməsində Azərbaycanın yaxından iştirakı bir daha qardaşlığımızın təsdiqi oldu.

Torpaqlarımızın işğaldan azad edilməsi, dost ölkələrlə yeni birləşmə obyekti olan nəqliyyat qovşaqlarının yaranmasına şərait yaratdı. Xüsusilə Zəngəzur dəhlizinin açılması bizim qardaş Türkiyə ilə olan əlaqələrimizi daha da sıxlaşdıracaq. Çünki, Zəngəzur dəhlizinin açılması bir çox məqsədlərə, hədəflərə xidmət edir. Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Dörd il bundan əvvəl Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi olmuşdur. Biz bu dəmir yolu sayəsində Türkiyə ilə birləşdik. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq. Beləliklə, bizim üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Eyni zamanda, biz tələb edirik ki, avtomobil yolu da çəkilsin - Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünki bu da mütləq lazımdır. Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır.

Hazırda işğaldan azad edilmiş ərazilərdə qurulan geniş nəqliyyat infrastrukturu gələcəkdə bölgə ölkələri üçün də yeni imkanlar yaradacaq. Türkiyə öz mallarını Orta Asiyaya daha qısa yolla, alternativ yolla daşıya biləcək. Beləliklə, bu, Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilə bilər. Biz bunu artıq təşəbbüs olaraq ortaya qoymuşuq. Bu dəhlizə Zəngəzur dəhlizi adını da biz qoymuşuq. Artıq bu, beynəlxalq leksikona da daxil edilibdir. Avropa İttifaqı bu məsələyə də çox müsbət yanaşır.Yəni, bu, həm Türkiyə, həm Azərbaycan, həm bölgə üçün və o cümlədən Ermənistan üçün də yeni fürsət olacaq.

Bu gün bir Azərbaycan vətəndaşı kimi, Rusiyanın ermənistanı silahlandırması bizləri də narahat edir. Axı üçtərəfli bəyanata imza atan tərəflərdən biri də Rusiyadır. Bizim Rusiyadan gözləntilərimiz bölgədə sülhün və təhlükəsizliyin təminatı üçün öz səylərini əsirgəməməsidir. Bölgədə yeni silahlandırma prosesinə ehtiyac yoxdur. Təbii ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuz həm silahlanma baxımından, həm də psixoloji və döyüş hazırlığı baxımından hər zaman düşmənə layiqli cavab verməyə hazırdır.

Artıq işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyaslı tikinti-quruculuq işləri aparılmaqdadır. Sevindirici haldır ki, işağldan azad olunmuş ərazilərdə həyata keçiriləcək beynəlxalq və regional əhəmiyyətli layihələrin bir çoxu Füzuli rayonu ərazisində reallaşdırılmaqdadır. Hazırda Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə davam etdirilir. Hal- hazırda yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, Horadiz-Zəngilan, Füzuli-Hadrud, Füzuli-Cəbrayıl avtomobil yollarının tikintisi sürətlə davam edir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsini berpa edəcək, gələcəkdə Türkiyəyə kimi uzanacaq siyasi və strateji əhəmiyyətli Horadiz-Ağbənd dəmir yolunun çəkilişinə başlanması, Füzuli Beynəlxalq Hava Limanının tikintisinə start verilməsi yaxın gələcəkdə Füzuli rayonunun strateji önəmini daha da artıracaq, rayonun sosial-iqtisadi inkişafına zəmin yaradacaqdır.

Görülən işlərin miqyası və sürəti dövlətimizin iqtisadi potensialının göstəricisidir. Bir Azərbaycan vətəndaşı olaraq, dövlətimizlə və ordumuzla fəxr edirik. Doğma Füzulimizi bizə qaytardığına və bütün bu görülən işlərə görə ölkə başçımız cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk.

Şamıyeva Nazimə

Füzuli rayon M.Xəzani adına musiqi təmayüllü

internat tipli gimnaziyanın direktoru

Zəfərimizi möhkəmləndirmək, azad olunmuş torpaqlarımızı yenidən qurmaq qarşımızda duran əsas hədəflərdəndir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi