“Ziyalı təkcə mahnı oxumaq, əsər yazmaq üçün deyil” – Arif Əliyev
“Ziyalı ölkədə baş verən ictimai-siyasi proseslərə, haqsızlıqlara münasibət bildirməlidir. Onun sözünə ehtiyac olan yerdə susacaqsa, daha bu nə oldu ki?”.
Bunu “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib.
“Ziyalı təkcə mahnı oxumaq, əsər yazmaq üçün deyil. Ümumiyyətlə, ziyalı ifadəsinin özü dəfələrlə mübahisəyə səbəb olan terminə çevrilib. Çünki dünyada belə termin işlədilmir. Bunlar hamısı Sovet dövründən yaranan bir şeydir və müəyyən fəaliyyət sahəsinə məxsus insanları digərlərindən fərqləndirmək üçün yaradılıb. Amma başqa bir yanaşma tərzi də var. Ziyalılıq peşəylə, hansı zümrəyə aid olmaqla müəyyənləşmir. Ziyalılıq insanın içərisindəki bilikdən əmələ gələn bir şeydir. Görünür, bu nöqtə xeyli dərəcədə zəifləyib, ona görə biz əlimizdə çıraq öz sözünü çəkinmədən deyə bilən ziyalı axtarırıq. Əlbəttə, sözü vaxtında demək lazımdır. Əvvəllər sözü vaxtında deyən insanlar, jurnalistləri var idi.
Siz adlarını çəkdiyiniz adamlarla da, hətta indi vəzifədə olanlarla da bağlı öz fikirlərini bildirən insanlar var. Amma nəzərə almaq lazımdır ki, “sözü vaxtında demək lazımdır” şüardır. Başa düşürük ki, istənilən cəmiyyətdə, o cümlədən Azərbaycan cəmiyyətində buna özündə təpər tapa bilən insanların sayı adətən çox olmur. Çünki onlara müxtəlif təzyiq üsulları var. Məsələn, elə jurnalistlərin, medianın böyük əksəriyyəti vaxtında səsini çıxara bilmirdi. Çünki gözləyirdilər ki, KİV DF-dən pulları nə vaxt gələcək? Media elə bir vəziyyətə salındı ki, o, damar kəsilsəydi, o saat qansız qalardılar.
Ona görə də sakit durub öz işlərini görürdülər. Bir dəfə demişdim ki, qulların intiqamı çox pis olur. Bu cür alçaldılan, tabeçiliyə qoyulan, səsi kəsilən insanlar şərait yaradılanda hamıdan bərk qışqırırlar. Həmişə təxminən belə olur, ona görə də biz o səsləri ucadan eşidirik. Hətta bəziləri iddia edirlər ki, biz həmişə buna qarşı olmuşuq. Biz əslində necə olmalı olduğuinu bilirik. İnsan sözün düzünü deməlidir, gedənin dalınca daş atmamalı, əvvəldən tədbir görməlidir. Amma eyni zamanda başa düşürük ki, bu belə olmur. Xüsusiə də Azərbaycan kimi hələ ənənələrini tapmamış, tam oturuşmamış cəmiyyətlərdə...” – A.Əliyev qeyd edib.Yenisabah
Bu xəbər üçün şərh yazın