1980-ci ildə hərbi çevrilişdən əvvəl Co Bayden Türkiyəyə niyə gəlmişdi? — FOTO
Hazırda ABŞ prezidentliyinə çox yaxın olan Co Bayden əgər seçilsə Amerika tarixinin ən yaşlı prezidenti olaraq tarixə keçəcək.
Prezidentliyə namizəd olana qədər onun adını digər Amerika siyasətçiləri kimi tez-tez mətbuatda eşitməsək də, Co Bayden siyasətdə yeni deyil. Aşağıdakı foto isə bunun sübutudur. Bu foto 1980-ci ilin 12 sentyabrında Türkiyədə baş vermiş hərbi çevrilişdən bir müddət əvvəl çəkilib və soldan ikinci şəxs məhz Co Baydendir. Bəs onun belə bir kritik dövrdə Türkiyədə, həmin vaxt ölkənin aparıcı müxalifət partiyasının lideri Bülent Ecevitlə nə işi vardı?
Faktinfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin tanınmış jurnalisti Murat Yetkin maraqlı yazı qələmə alıb. Yazıda qeyd olunur ki, 40 il əvvəl 37 yaşlı C. Bayden vacib bir missiyanı yerinə yetirmək üçün - ABŞ hökumətinin tələblərini çatdırmaq məqsədilə Senatın Xarici Məsələlər Komitəsinin nümayəndə heyətinin rəhbəri olaraq Ankaraya gəlib.
Bayden və senatın 3 üzvü Ankarada Baş nazir Süleyman Dəmirəl, əsas müxalifət partiyası CHP-nin rəhbəri Bülent Ecevit, Xarici İşlər naziri Hayrettin Erkmenlə görüşdən sonra ölkənin Baş Qərargah rəisi Kənan Evrən və onun tabeçiliyindəki generallarla da görüşmüşdü. Çünki onun buraya gəlməsinə səbəb olan tələblərin hamısı hərbi tələblər idi. Bu tələblərdən ikisini daha əvvəl – həmin ilin 10 yanvarında ABŞ Xarici İşlər nazirinin köməkçisi Uarren Xristofer də gətirmiş, lakin əliboş geri dönmüşdü.
Tələblər isə bunlar idi:
Türkiyə Yunanıstanın 1974-cü ildə həyata keçirilmiş Kipr əməliyyatını boykot məqsədilə çıxdığı NATO-ya geri dönməsi üçün qoyduğu vetonu qaldırsın;
ABŞ və SSRİ arasında imzalanmış Stratejik Silahların Məhdudlaşdırılması Müqaviləsinin şərtlərinə nəzarət etmək üçün ABI-ın İncirlik bhərbi bazasında təyyarələr qaldırmasına icazə verilsin;
U. Xristofer Türkiyədən qayıtdıqdan sonra isə üçüncü tələb ortaya çıxmışdı:
- ABŞ-a məxsus U-2 cəsus təyyarələrinin İran səmalarında kəşfiyyat işini həyata keçirmək üçün İncirlik hərbi bazasından qaldırımasına icazə verilsin.
Co Bayden bu problemləri aradan qaldırmaq və Senat adından müəyyən vədlər vermək məqsədilə aprelin 5-də günlərlə davam edəcək görüşlər üçün Ankaraya gəlmişdi. Lakin nə C. Bayden nə də sonradan 7 mayda yenidən Türkiyəyə gələn Xristofer heç bir nəticə almadığı üçün Ağ Evdə Türkiyəyə qarşı böyük bir hiddət yarandı.
Bu problemlərin hamısı bir neçə ay sonra tamamilə öz həllini tapdı. Lakin bu zaman S. Dəmirəl və B. Ecevit həyat yoldaşlarıyla birgə Çanaxqala vilayətinin Hamzakoy adlanan ərazisində, istifadə olunmayan bir ABŞ hərbi bazasının türk ordusuna verilmiş yataqxanasında saxlanılırdı. Çünki sentyabr ayının 12-də Kənan Evrən və generalları hərbi çevriliş nəticəsində hakimiyyəti devirmiş, Türkiyə Böyük Millət Məclisini və Konstitusiyanı öz əlinə almışdı.
6 oktyabrda isə NATO-nun Avropa korpusunun komandiri Bernard Rocers Türkiyəyə gələrək K. Evrənlə görüşdü. Bu görüşdən sonra isə Türkiyə Yunanıstanın NATO-ya geri dönməsinə və kəşfiyyat xarakterli təyyarələrin İncirlik hərbi bazasından qaldırılmasına icazə verdi.
C. Bayden 2013-cü ildə Misirdə Məhəmməd Mursinin Qərargah rəisi Abdel Fəttah Sisi tərəfində çevrilişlə hakimiyyətdən salınmasından əvvəl ABŞ-ın oxşar tələblərini Mursiyə çatdıran şəxs idi.
Qeyd edək ki, Co Bayden seçki kampaniyası ərəfəsində dəfələrlə Rəcəb Tayyib Ərdoğan və Türkiyə əleyhinə sərt mövqedən fikirlər səsləndirmiş, Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemlərinə görə xəbərdarlıq etmişdi.
Xatırladaq ki, ABŞ-da prezident seçkilərinin nəticələrinin rəsmi şəkildə açıqlanmasına çox az qalıb və Demokrat PArtiyanın namizədi Co Bayden bu posta seçilməyə çox yaxındır.
Co Bayden (soldan ikinci), Bülent Ecevit (sağdan ikinci), o vaxtkı ABŞ səfiri Ceyms Spein (ən sağdakı)
Bu xəbər üçün şərh yazın