Ağdamda yeni hərbi hissələr açıldı - Video
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.
Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli növbəti iki hərbi hissə istifadəyə verilib.
Birlik komandiri general-mayor Hikmət Həsənov açılış münasibətilə Müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb. Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.
Qeyd edək ki, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili və aparılması məqsədilə modul tipli komplekslərdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.
Azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam edir.
Bu xəbər üçün şərh yazın