Ağstafada kəndin örüş yeri satılıb – Vəziyyətlə bağlı ölkə rəhbərinə şikayət olundu
"94 hektar örüş sahəsi də daxil olmaqla, torpaqlar “özəlləşdirilib”.
Elə vəziyyət yaranıb ki, heyvandarlıqla məşğul ola bilmirik. Kəndin torpaqları kənar şəxslərə qanunsuz olaraq satılıb. Komissiya təşkil olunub, əhatəli şəkildə yoxlamalar aparılsa, məlum olar ki, kənd bələdiyyəsinin balansında olan torpaqlar, eləcə də, həyətyanı sahələr 2007-ci il tarixindən əvvələ “rəsmiləşdirilməklə” (hərracdan kənar) satılıb".
Bu fikirlər Ağstafa rayonu Zəlimxan kənd sakinləri tərəfindən Faktinfo.az saytının elektron poçtuna göndərilən şikayət məktubundandır. Ağstafa rayon Zəlimxan kənd sakini Rəhim Mustafayev (AZE № 03369889) daha sonra yazır : “İndiyədək inəyimiz, qoyun-quzumuz örüş üçün ayrılan sahədə otlayırdı, axşamlar da sahədən yığdığımız alaq otları hesabına heyvanlarımızı yemləyirdik. Bununla məşğulluğumuzu, həm də dolanışığımızı birtəhər təmin edirdik. Hal-hazırda isə bütün örüş yeri zəbt edilib, çox az adamda inək qalıb, əksər kənd sakinləri qoyun-quzunu satıb. Kənd bələdiyyəsi və rayon icra hakimiyyəti tərəfindən qanunsuz olaraq, 2007-ci il tarixindən əvvələ satılan örüş sahəsinin isə heç bir rentabelliyi yoxdur. Guya orada çuğundur əkilir, əslində bu işin arxasında başqa planlar gizlənir”.
Göründüyü kimi, var-dövlətdən, puldan gözü doymayanlar bu cür əməllərlə kənd əhalisini ölkə rəhbərliyindən narazı salırlar. Rayon icra hakimiyyətində əyləşən bir qrup işbaz vəzifəlilər kənd əhalisi ilə ölkə rəhbərliyinin arasında "körpüləri yandırmaq"la məşğuldurlar.
Ölkə rəhbərliyinə, eləcə də bir neçə nazirə ünvanlanan şikayət məktubunda qeyd olunur: “Zəbt olunmuş örüş yerində 1-ci il şəkər çuğunduru, 2-ci il isə taxıl əkildi. Heç torpağa əkilən toxumun haqqı çıxmadı. Sanki, məqsəd torpaq sahəsini ələ keçirmək imiş. İndi bütün kənd sakinləri narazıdır. Sakinlərlə elə davranırlar ki, sanki onların yaşamağa haqqı yoxdur. Dəfələrlə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə teleqram vurmuşuq,ancaq heç bir nəticəsi olmayıb. Bir sözlə, örüş yerinin zəbt edilməsi kənd əhalisini zəlil gününə salıb”.
Məlumat üçün bildirək ki, bu rayonda torpaqlara dair məsələ yüzlərlə ağstafalının narazılığı ilə müşayiət olunan məsələlər kateqoriyasında həll olunamış problem kimi bu gün də aktuallığını saxlayır. Rayonda aparılan torpaq islahatları zamanı, eləcə də, dəmyə torpaqlarının istifadəsinə dair bütün hallarda yaranan narazılıqlar, mübahisələr rayon səviyyəsində həll edilmədiyindən Azərbaycan Respublikasnın Prezidentinə, digər rəsmi şəxslərə yüzlərlə şikayət məktubu ünvanlanıb. Təsnifat üzrə təhlillər aparılsa, bəlkə də təsdiqlənər ki, rayondan edilən şikayətlərin 90%-nə dair yaranan mübahisələr torpaqla bağlıdır.
Bəlkə də ona görədir ki, Prezident Administrasiyasının Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş Şöbəsinin məlumatlarında dəfələrlə Ağstafa rayonundan edilən şikayətlərin az olmadığı, birinci hal kimi edilən şikayətlərdən sonra, təkrar olunan şikayətlərin faizi xüsusi vurğulanıb.
Hazırda rayonun Zəlimxan kəndindən olunan şikayət bir daha sübut edir ki, kütləvi xarakter alan və kənd sakinlərinin ümumi marağını özündə ehtiva edən örüş yerinin qanunsuz olaraq, şəxsi istək və arzudan irəli gələn bir şəkildə satılması, kimlərinsə adına rəsmiləşdirilməsi ümumi qaydada bütün kənd sakinlərinin dolanışıq səviyyəsinə mənfi təsir göstərib.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın