AMEA saytları təhlil etdi-

AMEA saytları təhlil etdi- "Bu saytlarda norma pozuntuları müxtəlif dil səviyyələrində özünü göstərir”.

AMEA-nın Dilçilik İnstitutu “Saytların dil mənzərəsi” mövzusunda mətbuat konfransı keçirib.

AMEA-dan Kult.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ilə bağlı görülən işləri diqqətə çatdırıb. Akademik bu proqramın Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığını vurğulayaraq, KİV nümayəndələri ilə belə görüşlərin tez-tez keçirilməsinin əhəmiyyətindən danışıb.

İnstitutun aparıcı elmi işçisi, fil.ü.f.d, dos. Şahlar Məmmədov çıxışında saytlarda dilin inkişafına təsir edəcək ciddi proseslərin müşahidə edildiyini deyib:

“Saytlar publisistik üslubun yazılı kütləvi nitq forması olduğu üçün danışıq dilinə çox yaxındır. Saytlarda dilin dinamikliyi, sərbəstliyi, yığcamlığı, bəzən də obrazlılığı onun kütləviliyindən irəli gəlir. Məsələn, “Bakıda avtomobil bazarında QİYMƏTLƏR oynayır”,“Firuzə İbadovanın boşanan qızı hicaba keçdi” və s. Bu cür xəbər başlıqları adətən danışıq dilinin təsiri ilə yaranır.

Saytların dilində ədəbi dilin təmizliyini pozan sözlərə də rast gəlirik. Məsələn, “L.Əkbərova onlara 100 min manatdan çox pul “atıb”.

Monitorinqə cəlb etdiyimiz APA, Lent.az, AZƏRTAC, Axar.az, Moderator.az, Müsavat.com, Trend.az, Teleqraf.az, Modern.az, Bakupost.az, Arqument.az, Qaynarinfo.az, Milli.az, İlkxəbər.org, Turkustan.info, Azpress.az, Azxəbər.com, Reaksiya.az, Aydınlıq.az, Cebhe.Info, Minval.info və digər saytlarda norma pozuntuları müxtəlif dil səviyyələrində özünü göstərir”.

Dilçi alim bildirib ki, fonetik normanın pozulması halları əksər saytlarda müşahidə olunur:

“Şəhərdə gəzərkən ehtiyyatlı olun”, “Rusiya açıqladı: 200 tonluq balistik raket...” “...borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib”, “...Türk Dil Qurumunun sabiq sədri, Hacettepe Universitetinin professoru Şükrü Haluku Akalınla görüş keçirilib” və s.

Xəbər mətnləri ilə müqayisədə müsahibə mətnlərində səhvlər daha çox olur. Adətən mətnlər ciddi şəkildə redaktə olunmadan yayımlanır. Məsələn, bir cümlədə eyni mürəkkəb adın iki formada yazılışı da bunu göstərir: “Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Monqolustanın xarici işlər naziri Damdin Tsogtbatarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib”.

Cümlədə söz sırasının dəyişməsi nəticəsində qrammatik normanın pozulduğu hallar da mövcuddur. Bu cür norma pozuntuları daha çox danışıq dilinin təsiri ilə baş verir”.

Ş.Məmmədov saytlarda müşahidə olunan norma pozuntularından birinin də cümlədə durğu işarələrinin düzgün qoyulmaması olduğunu deyib:

Axı, hazırda Azərbaycanda əhalinin gəlirləri ilə xərcləri uyğun deyil”, “Çünki, onu genişlənməyə sövq edən qüvvə hər şeyi genişləndirməli idi” və s.

Qaydaya görə, bu köməkçi nitq hissələrindən (axı, çünki, halbuki) sonra vergül qoyulmur”.

Qeyd edək ki, tədbirin sonunda alimlər KİV nümayəndələrinin suallarını cavablandırıblar.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər