Amerika şirkəti SOCAR-ı cərimələtdirdi: “Öhdəliklərinə əməl eləmir”
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) təsis etdiyi “SOCAR AQŞ” MMC 94 min 160 dollar cərimələnib. Bu barədə bu günlərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qərar çıxarıb. Məhkəmə belə nəticəyə gəlib ki, “SOCAR AQŞ” üzərinə düşən öhdəliyi yerinə yetirmir, iş gördürsə də, pulunu ödəmir.
Azadlıq.info xəbər verir ki, “SOCAR AQŞ” MMC-ni cərimələtdirən isə Amerikanın “MMS Holdings Group LLC” şirkətinin Azərbaycandakı nümayəndəliyidir. “MMS Holdings Group LLC” neft məhsulları və neft avadanlıqlarının satışı, quraşdırılması ilə məşğuldur. Onların arasında hələ 2016-cı ildə müqavilə bağlanıb. Müqaviləyə əsasən, “SOCAR AQŞ” qarşı tərəfə göstərdiyi xidmətə görə 37 min 800 dollar bir, 47 min 800 dollar da bir olmaqla, cəmi 85 min 600 dollar pul ödəməliymiş. Ödəniş işlər təhvil alınandan sonra 22 gün ərzində ödənməliydi, amma “SOCAR AQŞ” imtina edib.
Amerika şirkəti iddia edir ki, pulun ödənilməsi üçün dəfələrlə SOCAR rəhbərliyinə həm yazılı, həm də şifahi şikayətləri olub, amma hamısı cavabsız qalıb. Bu borcun ödənilməməsi müəssisənin fəaliyyətinə mənfi təsir göstərib, bir çox maliyyə əməliyyatlarını apara bilməyib, vergi və başqa ödənişlərində çətinlik yaranıb.
“İŞLƏR QÜSURLU OLUB”
Şirkət iddia edib ki, əgər həmin məbləği gecikdirilən müddətdə banka depozit hesabına qoysaydı, xeyli gəlir əldə edə bilərdi. İddiaçı şirkət 85 min 600 dollara görə illik 5 faizdən hesablamaqla, əlavə 8 min 560 dollar tələb edib. Həmçinin pulun gecikməsi, nəticədə öz öhdəliklərini icra edə bilməməsi səbəbindən işgüzar nüfuzuna zərbə dəydiyini iddia edərək, 50 min dollar da mənəvi ziyana görə kompensasiya tələb edib.
“SOCAR-AQŞ” MMC- nin nümayəndəsi Ramil Bayramov isə iddianın əsassız olduğunu deyib və rədd edilməsini istəyib. Deyib ki, düzdür, “MMS Holdings Group LLC” müqavilədə göstərilən xidmətləri göstərib. Amma görülən işlər qüsurlu olub, nəticədə “SOCAR AQŞ”a ziyan dəyib. Bu səbəbdən də ödənişlər edilməyib.
Məhkəmə 50 min dollar mənəvi ziyan istisna olmaqla, qalan hissədə “SOCAR AQŞ” MMC-yə qarşı iddianı təmin edib. Ona əsaslanıb ki, işlər görüləndən sonra tərəflər arasında təhvil-təslim aktı imzalanıb, amma “SOCAR AQŞ” görülən işlərdən şikayətçi olmayıb.
Üstəlik, “SOCAR AQŞ”ın nümayəndəsi görülən işlərin keyfiyyətsizliyini təsdiqləyən sübutları məhkəməyə təqdim edəcəyini desə də, etməyib.
Ona görə də məhkəmə “SOCAR AQŞ” MMC-nin üzərinə qarşı tərəfə 85 min 600 dollar əsas borc, 8 min 560 dollar da dəymiş ziyan olmaqla, cəmi 94 min 160 dollar ödəmək öhdəliyi qoyub.
“SOCAR AQS” MMC 2007-ci ildə SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətlərini göstərən birgə müəssisə olaraq təsis edilib.
Bu xəbər üçün şərh yazın