"ANALOQSUZ" SƏHİYYƏMİZİN PARLAMENTDƏKİ "SƏFİRİ" -

"ANALOQSUZ" SƏHİYYƏMİZİN PARLAMENTDƏKİ "SƏFİRİ" - Və Əhliman Əmiraslanovun “xala-xətrin qalmasın” seçki kampaniyası

Parlament buraxılıb növbədənkənar seçki elan ediləndə “köhnə qvardiya”nın bütünlüklə yola salınacağını düşünənlər yanılmışdılar.

 Belə ki, yeni parlamentə namizədlikləri verilən və qutudan çıxmaları üçün hər cür şərait yaradılanlar sırasında həmin qrupa aid olanların sayı kifayət qədər çoxdur.

Növbədənkənar seçkini islahatın siyasi istiqamətinin əsas tərkib hissələrindən biri, yeni parlamentin formalaşmasını isə qanunverici hakimiyyətin müasirləşməsi, gəncləşməsi, yeni çağırışlarla, islahatlarla ayaqlaşması və s. istiqamətlərdə atılan mühüm addım kimi qəbul etsək, o zaman artıq bir neçə dəfə parlamentdə təmsil olunmuş, yaşı 70-i haqlamış, indiyə qədərki fəaliyyətində hər hansı fövqəladə nailiyyəti olmayan şəxslərin yenidən parlamentə düşməsi heç cür məntiqli görünmür. Bu sıraya yəqin ki, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsindən YAP-ın yenidən namizədliyini irəli sürdüyü Əhliman Əmiraslanovu da aid etmək olar.

Hələ 1992-ci ildən başlayaraq, düz 23 il Azərbaycan Tibb Universitetinin (ATU) rektoru olan və uzun illərdir ki, səhiyyə sektorunda müxtəlif digər vəzifələr daşıyan Ə.Əmiraslanovun 73 yaşı var. Əlbəttə ki, yaşı qüsur hesab etmək olmaz. Lakin insanların istəyindən asılı olmayaraq, yaş amili fiziki imkanlar baxımından olduqca əhəmiyyətlidir. 

Məsələ ondadır ki, Ə.Əmiraslanov deputat, Milli Məclisin Səhiyyə Komitəsinin sədri vəzifəsilə yanaşı, ATU-nun Onkologiya Kafedrasının müdiri, AMEA-nın biologiya elmləri bölməsinin akademik-katibi, Onkoloji Klinikanın direktorudur. Hələ sadalamadığımız irili-xırdalı başqa vəzifə və titulları olan 73 yaşlı insanın bu qədər vəzifənin öhdəsindən keyfiyyətli şəkildə gəlməsi fiziki cəhətdən mümkün görünmür.

Digər tərəfdən, Azərbaycanın səhiyyə sektoru, xüsusilə də onkologiya sahəsi ən çox şikayət olunan, ən bərbad, humanizmdən uzaq, bahacıl, çoxsaylı həkim səhvləri və qeyri-peşəkarlığı ilə seçilən istiqamətlərdən biridir. Ümumiyyətlə, səhiyyə sistemi və onun onkoloigiya sahəsi ölkədə bəlkə də ən dərin, böyük islahatlara ehtiyacı olan olduqca vacib sahədir. 

Hörmətli Əhliman Əiraslanov isə 23 il(!) ATU-nun rektoru, 10 ilə yaxın Səhiyyə Komitəsinin üzvü və 5 il də onun sədri, həmçinin uzun illər onkologiyaya aid tibb müəssisələrinə rəhbərlik etməklə, ölkənin səhiyyə sistemi üçün nə bacarıbsa, onu da edib. Onun zəhmətini yerə vurmaqdan uzaq olsaq da, Azərbaycan səhiyyəsinin, xüsusilə də onkologiya sahəsinin vəziyyəti göz önündədir və bugünkü mənzərənin yaranmasında onun da payı var. Yeni Milli Məclis və onun Səhiyyə Komitəsi isə səhiyyədə aparılmalı olan islahatlarda mühüm rol oynaya bilər. Belədə, Əmiraslanov yenidən parlamentdəki vəzifəsinə qayıdacaqsa, bu sahəni məlum vəziyyətə gətirənlərdən biri olan şəxsdən islahatla bağlı hansı təşəbbüs, addım gözləmək olar?

Onun uzun illər rəhbərlik etdiyi tibb mütəxəssisi yetişdirilməsi sahəsinə gəlincə isə, təəssüf ki, ATU-nun dünya tibb ali məktəblərinin bir çox nüfuzlu reytinq cədvəllərində adı belə yoxdur. Bu ali məktəbdə Ə.Əmiraslanov da daxil olmaqla, 20-30 il, hətta daha çox müddətdə kafedra müdiri vəzifəsini tutan insanlar var. Ancaq bu o demək deyil ki, bizim savadlı, perspektivli alimlərimiz, həkimlərimiz yoxdur. Sadəcə, onların da böyük qismi məlum səbəblərdən ölkəni tərk edirlər, təhsillərini və fəaliyyətlərini başqa ölkələrdə davam etdirməyə üstünlük verirlər.

Onun mütəxəssis yetişdirilməsindəki ən böyük uğuru elə universitetin Onkologiya Kafedrasında öz yerini verə biləcəyi bir alim hazırlaması olardı. Ancaq belə çıxır ki, yetişdirməyib. Əgər yetişdirsəydi, hər halda çoxsaylı vəzifələrindən biri olan kafedra müdirliyini ona verib, başqa işlərilə məşğul olar, məsələn, deputatlığını edərdi.

Söhbət deputatlıqdan düşmüşkən, təmsil etdiyi dairənin seçicilərinin ondan razı qaldığını söyləmək də ən azı insafsızlıq olardı. Əslində, Əmiraslanovu başa düşmək də olar. Adam bu yaşında bir neçə vəzifəni daşımaqla, öz biznesini idarə etməklə yanaşı, həm də seçicilərin ayağına getməyə, onların qapısını döyüb, problemlərilə maraqlanmağa necə vaxt tapa bilər ki? Üstəlik də, şəxsi həyatdakı yeniliklər, ailə qayğıları...

Digər tərəfdən, hörmətli akademikin yenidən parlamentə düşməsi üçün dairədə onsuz da hər cür münbit şərait yaradılıb və ciddi sayılacaq heç bir rəqibi yoxdur – su idarəsində nasos maşinisti, məktəbdə idman müəllimi, məktəb “zavuçu” və sair. Yəni ki, bu dairədə artıq hər şey çoxdan məlumdur. 

Elə Əmiraslanovun həmin dairədə apardığı hazırkı “xala-xətrin qalmasın” seçki kampaniyası da göstərir ki, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsinin camaatını deputat sarıdan hansısa müsbət yenilik gözləmir./AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi