“Azərbaycan bu gün Cənubi Qafqazın ən fəal və ən inkişaf edən ölkəsidir” - Kamaləddin Qafarov
"Azərbaycan yeni dünya düzənində təşəbbüskar və dinamik inkişafa malik ölkələrdən biri olacaq.
Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibəsində bu istiqamətdə qarşımızda açılmış perspektivlər və Azərbaycanın mövqeyi barədə konkret fikirlərini açıq-aydın bəyan etdi. Dövlətimizin başçısı bildirdi ki, əgər bu gün dünyada yeni düzənin formalaşdırılması prosesinə başlanacaqsa, Azərbaycan bu prosesin passiv seyrçisi deyil, ən fəal iştirakçılarından biri olacaq. Bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, iqtisadi müstəqillik, enerji müstəqilliyi, siyasi müstəqillik və bütün bunların fonunda əldə olunmuş Qarabağ Zəfərindən sonra xüsusilə artan imkanlar Azərbaycanın istər Cənubi Qafqaz regionunda, istərsə də daha geniş əhatəli Avrasiya məkanında nüfuzlu söz sahiblərindən birinə çevrilməsini şərtləndirib. Bu, Azərbaycanın son 19 ildə qazandığı ən böyük və indiyədək sahib olmadığımız bir prioritetdir".
Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu gün beynəlxalq aləmdə sahib olduğu mövqelər ölkəmizin qlobal proseslərə müdaxilə imkanlarını artırıb və Azərbaycan bu imkanlardan öz gücünü və nüfuzunu daha da artırmaq məqsədilə məharətlə istifadə edir.
"Həqiqətən də bu gün artıq bütün dünyada beynəlxalq hüququn ciddi böhran yaşaması, getdikcə məhz güc amilinin daha qabarıq formada önə çıxması açıq-aydın müşahidə olunmaqdadır. Belə bir şəraitdə dünyanın yenidən nüfuz dairələrinə bölünməsi ehtimalı da getdikcə daha konkret cizgilər alır. Əlbəttə ki, belə olan halda ilk növbədə iqtisadi cəhətdən daha zəif olan ölkələrin vəziyyəti arzuolunmaz bir hala düşə bilər. Lakin Prezident İlham Əliyevin də öz müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan öz iqtisadi və siyasi müstəqilliyini tam təmin etmiş bir ölkə olaraq dünyada cərəyan edə biləcək qlobal proseslərin istənilən formatına hazırdır. Bunun səbəbi isə ölkəmizdə xüsusilə son 19 il ərzində böyük uğurla həyata keçirilən daxili və xarici siyasət kursudur.
Bəli, bu gün həqiqətən də beynəlxalq müstəvidə ənənəvi davranış qaydaları artıq tükənmək üzrədir. Artıq demokratik dəyərlərin, beynəlxalq hüquq və ədalətin çağırışları sadəcə beynəlxalq görüş və toplantılarda səsləndirilən rəsmi çıxışlara hansısa formal etiket tələblərini gözləmək məqsədilə əlavə edilir. Reallıq isə tam fərqli və getdikcə daha çox güc amilinə dayanan proseslərdən formalaşır. Əlbəttə ki, bu gün artıq bu prosesləri çox insanlar, hətta bütün cəmiyyətlər görür və dərk edirlər. Lakin bir siyasi liderin, bir dövlət başçısının əsl məharəti və müdrikliyi də ondadır ki, bu tendensiyanı artıq hamı ilə eyni vaxtda deyil, proseslərin başlanmasına zəmin yaradan mühitin formalaşdığı dövrdə görməyi bacarsın və öz ölkəsinin, öz xalqının xarici qüvvələrdən asılı hala düşmə ehtimalını sıfıra endirmək üçün bütün lazım olan addımları vaxtında atsın. Birmənalı olaraq demək lazımdır ki, əgər bu gün Azərbaycan özünü yeni dünya düzənlənməsi prosesinə hazır vəziyyətdə hiss edirsə, bunun yeganə səbəbi də məhz Prezident İlham Əliyev tərəfindən vaxtında atılmış məqsədyönlü addımlar, zamanında görülmüş qabaqlayıcı tədbirlərdir. Hələ bir neçə il öncəki çıxışlarında dövlətimizin başçısı deyirdi ki, indi güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq. Məhz buna görə Azərbaycan artıq neçə illərdir ki, ilk növbədə öz iqtisadiyyatını gücləndirmək və buna paralel olaraq da hərbi qüdrətini artırmaq yolu ilə inamla irəliləyir. 2020-ci ildə bu yol bizi artıq ən ali məqsədlərimizdən birinə, ölkənin ərazi bütövlüyünün bərpasına gətirib çıxardı. Lakin göründüyü kimi, qarşıda Azərbaycanı yeni hədəflər gözləyir və yeni dünya düzənlənməsində digərlərinin iradəsini qəbul edən deyil, öz iradəsini diktə edə biləcək ölkələr sırasında qalmaq da bu hədəflərdən biridir", - deyə K.Qafarov bildirib.
Millət vəkili bu məqamı da vurğulayıb ki, bu gün Azərbaycanda ordu quruculuğunun davam etdirilməsi son dərəcə vacibdir və bu istiqamətin dövlətimiz tərəfindən əvvəllər olduğu kimi, yenə də əsas prioritet olaraq saxlanması xalqımız tərəfindən birmənalı dəstəklənir və təqdir edilir. Kamaləddin Qafarovun sözlərinə görə, bu gün Ermənistan cəmiyyətində revanşist əhval-ruhiyyəsinin mövcudluğu da Azərbaycanda ordu quruculuğu işinin daha böyük vüsətlə davam etdirilməsini şərtləndirən əsas amillərdən biridir.
"Məlumdur ki, bu günə qədər Prezident İlham Əliyevin göstərişi ilə dövlət büdcəsində ən böyük xərclər məhz hərbi quruculuq üçün ayrılıb. Vətən müharibəsinin nəticələri bu qərarın düzgünlüyünü bir daha isbatladı. Lakin Azərbaycan müharibədən sonra da ordu quruculuğunu davam etdirməlidir və etdirir. Bunu zəruri tələb kimi ortaya çıxaran bir çox amillər vardır. İlk növbədə, əlbəttə ki, hazırda erməni cəmiyyətində müşahidə olunan güclü revanşist əhval-ruhiyyəsidir. Təəssüflər olsun ki, bu əhval-ruhiyyə təkcə emosional səviyyədə özünü büruzə vermir. Ermənistan hələ də Azərbaycanla sərhəddə ara-sıra təxribatlara yol verir. Öz növbəsində Azərbaycan bu təxribatlara layiqincə cavab verir və Ermənistanda hər kəs bilməlidir ki, heç bir Azərbaycan hərbçisinin, heç bir Azərbaycan vətəndaşının qanı yerdə qalmayacaq.
Digər tərəfdən, müharibə dövründə Azərbaycan çoxlu sayda döyüş sursatından istifadə edib və indi onları bərpa etmək lazımdır. Prezident İlham Əliyev də öz müsahibəsində bildirdi ki, bağlanmış yeni müqavilələr ölkəmiz üçün bunu təmin edir. Artıq silah və sursat tədarükü gedir. Daha bir məqam müxtəlif xarakterli müasir silah sistemlərinin alınması ilə bağlıdır. Hərbi texnologiyalar durmadan inkişaf edir və Azərbaycanın hər zaman ən müasir texnologiyalara sahib olması çox vacib amildir. Buna görə də ölkə rəhbərliyi bu məsələyə həmişə böyük əhəmiyyət verib.
Ordu quruculuğunda əsas məqsədlərdən biri də Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılmasıdır. II Qarabağ müharibəsi əməliyyatlar aparılması sahəsində böyük təcrübə oldu. Bu, Silahlı Qüvvələrin təlim şəraitində deyil, əməli işdə yoxlanmasıdır və dövlət başçımızın dediyi kimi, bizim Silahlı Qüvvələr bu yoxlamadan şərəflə çıxdılar.
Bu gün Azərbaycan Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə edilən bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyir. Bu, ilk növbədə ölkəmizə qarşı, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə qarşı yönələ biləcək hər hansı təhdidin vaxtında aşkarlanması və aradan qaldırılması üçün vacibdir. Ali Baş Komandan cənab İlham Əliyev də bu məsələyə dair konkret fikir bildirərək demişdir: "Bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir."
Beləliklə, Azərbaycanda ordu quruculuğu bundan sonra da bütün tələb olunan istiqamətlərdə davam etdiriləcək, Silahlı Qüvvələrimiz İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirildiyindən daha güclü olacaq və bu güc Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəkdir", - deyə Kamaləddin Qafarov öz fikirlərini tamamlayıb.
Bu xəbər üçün şərh yazın