Azərbaycan Dillər Universitetində narazılıq tükənmək bilmir-

Azərbaycan Dillər Universitetində narazılıq tükənmək bilmir- Kamal Abdulla özünə kimlərdən ibarət komanda formalaşdırdı?

Artıq beş aya yaxındır ki, Azərbaycan Dillər Universitetinin (ADU) adı KİV-lərin gündəmindən düşmür.

Yazıların böyük əksəriyyətində ADU-nun rektoru Kamal Abldullaya qarşı ciddi ittihamlar səsləndirilir, ali təhsil ocağının intriqa məkanına çevrildiyi, təhsilin keyfiyyətinin günbəgün aşağı düşdüyü qeyd olunur. Həmçinin, KİV-lərdə universitetdə vəzifələrin satıldığı, rektorun çoxsaylı qohumlarının,tanış və dostlarının  müxtəlif vəzifələrə təyin edildiyi vurğulanır.

Yazılanlara inansaq, universitetdə çoxsaylı yüksək ixtisaslı mütəxəssislərin olmasına baxmayaraq, rəhbər vəzifələr savadsız, təcrübəsiz, ixtisası uyğun gəlməyən, elmi adı və dərəcəsi olmayan şəxslərə verilir.

Xatırladaq ki, ADU-da baş verənlər ilk olaraq 50 ilə yaxın universitetin kadrlar şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışmış Elmira Baxşəliyeva tərəfindən yazılan, həmçinin ölkə prezidentinə də ünvanlanan açıq məktubdan sonra medianın gündəminə gəldi,müzakirə obyektinə çevrildi.

Uzun illər çalışdığı vəzifədən azad edilməsinə etiraz edən E.Baxşəliyevanın müraciətində belə deyilirdi: “Yaşadığım problemin əsas səbəbi universitetdə yerlərin boşaldılması, təhsil müəssisəsində vəzifələrin satılmasıdır. Kamal Abdulla rektor təyin olunandan bəri ADU-ya 200-dən artıq işçi qəbul edib. İşə qəbul olunan şəxslərin nə peşəkarlıq keyfiyyətləri, nə də ki, ixtisasları universitetin profilinə uyğun gəlmir. Xarici dil müəllimi hazırlayan universitetdə hazırda dil mütəxəssislərinin sayı nisbi götürüldükdə tədricən azalmaqdadır”.

E.Baxşəliyeva qeyd edirdi ki, universitetin təmiri məqsədilə keçən tədris ilində 650 min manat, cari tədris ilində isə 400 min manat xərcləndiyini rektor iclaslarda dəfələrlə qeyd etsə də, kollektiv əsaslı təmirin və təchizatın olmamasına şahiddir.

Müraciətdə başqa ittihamlar da səsləndirilirdi. Sitat: “Universitetin bütün korpuslarında insan sıxlığından nəfəs almaq artıq mümkün deyil. Vəzifələri hərraca çıxaran Kamal Abdulla yerini boşaltmaq istədiyi işçiyə əvvəl  hədə-qorxu gəlir, alınmadıqda şər-böhtan atır bu niyyəti də baş tutmadıqda komissiyalar təşkil edir.

Köhnə partokrat olaraq komissiya üzvlərinə təzyiqlər göstərir, zavallı əməkdaşlar çıxılmaz vəziyyətdə qalaraq illərlə yoldaşlıq etdikləri iş yoldaşlarına qarşı qurama fəaliyyət göstərmək məcburiyyətində qalırlar. Hazırda universitetin yüksək rütbəli əməkdaşlarının fəaliyyəti insanlar arasında qarşıdurma yaratmaqdan ibarətdir”.

E.Baxşəliyevanın sözlərinə görə, K.Abdullanın Dillər Universitetinə Bakı Slavyan Universiteti və Bakı Multikulturalizm Mərkəzindən gətirdiyi çoxsaylı işçilər ADU-nun kollektivinə yuxarıdan aşağı baxır, bəzən onları ələ salır, bu da onların arasında ikitirəliyin, münaqişələrin yaranmasına yol açır.

Şikayətçi Elmira Baxşəliyevanın fikirləri saytlarda tirajlanandan sonra universitet rəhbərliyi tərəfindən ona qarşı ciddi təzyiqlər edilməyə başladı. Hətta bəzi saytlarda onun keçmişi ilə bağlı sifariş əsasında aşağılayıcı yazılar verildi. Lakin E.Baxşəliyeva geri çəkilmədi və mübarizəsini davam etdirdi. Yalnız bundan sonra ADU rəsmiləri tərəfindən açıqlama verildi ki, biz Elmira Baxşəliyevanı işdən çıxartmamışıq, sadəcə Kadrlar Şöbəsindən Həmkarlar Komitəsinə keçirmişik.

Bu məsələ ilə bağlı söz-söhbətlər səngiməmiş universitetdə yeni bir münaqişə-rektor-dekan qarşıdurması gündəmə “bomba” kimi düşdü. Məlum oldu ki, rektor Kamal Abdulla ilə filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli arasında qalmaqal yaşanır. Səbəb olaraq isə V.Ağabəylinin “Facebook” sosial şəbəkəsindəki səhifəsində ADU ilə bağlı tənqidi fikirlər yazması göstərilirdi. Dekanın yazdıqlarından: “Niyə adi bir müəssisə rəhbəri özünü daha çox səlahiyyət sahibi hiss edərək onun dediklərini təsdiqləməyənlərə hədə-qorxu gələ bilir? Ziyalı ilə cahilin fərqi nədir? Niyə bu universitetin tələbələri hər il 2000-2500 manat təhsil haqqı ödəyir, 4 il universitet oxuyur, bitirəndən sonra ingilis dilini öyrənmək üçün kursa gedir? Niyə tələbələri elmə gətirmək, onları maarifləndirmək, savadlı olmağa sövq etmək əvəzinə imtahanlarda köçürtmələrinə şərait yaradırıq? Tədris ingilis dilindədirsə, müəllim niyə ingilis dilini bilmədən auditoruyaya girir? Hansı haqla? Niyə haqlı danışana dəstək vermək əvəzinə səsini batırmağa, şər, böhtan atmağa əl atırlar? Tələbələri sağlam gələcəyə hazırlamağa can atmırıqsa, şou düzəldib nəsə edirmiş kimi göstəririksə, bu reklam kimə lazımdır?”

V.Ağabəyli sonradan verdiyi açıqlamalarda rektor K.Abdulla ilə bağlı digər bir sıra ittihamlar da səsləndirmişdi. Belə ki, o, rektoru universitetdə ayrı-seçkilik salmaqda, Elmi Şurada müəllimləri təhqir etməkdə, dostunun qızı olan və ingilis dilini bilməyən müəllimə dərs verməkdə, imtahanlarda köçürməyə şərait yaratmaqda günahlandırmışdı.

Qeyd edək ki, bütün bu açıqlamalar filologiya üzrə fəlsəfə doktoru olan, 4 xarici dil bilən, ayrı-ayrı ölkələrdə keçirilən çoxsaylı beynəlxalq təlim proqramlarında, kurslarda və layihələrdə ölkəmizi uğurla təmsil edən, habelə YAP-ın ADU-dakı İlk Ərazi təşkilatının Qadınlar Şurasının sədri vəsifəsini daşıyan bu gənc xanımı çətin durumla üz-üzə qoydu. Belə ki, ona qarşı çoxlu təzyiqlər edildi, əleyhinə yazılar yazdırıldı, haqqında müxtəlif ittihamlar səsləndirildi, hətta bu kampaniyaya millət vəkilləri də cəlb edildi. Təkcə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızının Vüsalə Ağabəyli ilə bağlı məlum açıqlamasını və ona verilən məntiqli və kəsərli cavabı xatırlamaq yəqin ki, kifayət edər.

Bütün bu baş verənlərin ardınca rektor Kamal Abdulla ADU ilə bağlı səsləndirilən ittihamların əsassız olduğunu bildirdi və dekan Vüsalə Ağabəyliyə töhmət verdiyini açıqladı.Bundan bir müddət sonra isə V.Ağabəyli rektor tərəfindən işdən azad edildi.

Araşdırmalarımızdan və Universitet daxilindəki etibarlı mənbələrimizdən aydın oldu ki, Kamal Abdullanın bu addımları çoxdan hazırlanmış planın tərkib hissələridir. Əvvəlcə baş mühasib Elçin, daha sonra 2 dekan – dosent Samir Həmidov, dosent Zarina Aslanova, kadrlar şöbəsinin müdiri Dürdanə Əliyeva, kafedra müdirləri, professor Fəridə Səfiyeva və dosent Salman Nuriyev, dosent Ceyhun Əliyev, Ümumi şöbənin müdiri Aida xanım, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, Beynəlxalq əlaqələr üzrə prorektor professor Jalə Qəribova və başqalarının vəzifədən uzaqlaşdırılmasına nail olan rektorun növbəti qurbanları isə onun oyununun iştirakçısı olmaq istəməyənlərdir.
Bu yerdə maraqlı bir məqama da toxunmaq istərdik. Belə ki, rektor-dekan qarşıdurmasının əsl səbəbi heç də sosial şəbəkələrdə və saytlarda səsləndirilən qarşılıqlı ittihamlarla bağlı deyil. Bu ədavətin kökü bir qədər əvvələ gedib çıxır. Məsələnin təfərrüatı bizə məlum olsa da, müəyyən səbəblərdən bu barədə açıq yazmağı məqsədəuyğun saymırıq.

Yeri gəlmişkən, son vaxtlar bəzi saytlarda rektor Kamal Abdulla və onun rəhbərlik etdiyi universitet haqqında tərif dolu yazılar verilməsinə də diqqət yetirmək istərdik. Həmin yazıların əsas qayəsi ondan ibarətdir ki, ADU-da hər şey öz qaydasındadır, rektor K.Abdullanın fəaliyyətində heç bir nöqsan yoxdur, yazılan bütün tənqidi fikirlər böhtan xarakterlidir və sifariş əsasında yazılır. Bu yerdə sual ortaya çıxır: Əgər konkret şikayətçilər varsa, yəni ADU-da çalışan Elmira Baxşəliyeva və Vüsalə Ağabəyli (Hələ ADU-da olan digər narazı şəxsləri bir kənara qoyaq) haqsızlığa məruz qaldıqlarını bəyan edirlərsə və bununla bağlı konkret sübutlar ortaya qoyurlarsa, hansı böhtandan və sifarişdən söhbət gedə bilər?

K.Abdulla onu dəstəkləyən KİV-lərə açıqlamasında haqqında səslənən iddiaları rədd edir və hətta bildirir ki, ona yaxın olduğu deyilən şəxslər heç bir qanunsuz iş görmürlər, eyni zamanda əvvəllər rektoru olduğu Bakı Slavyan Universitetindən ADU-ya heç kəsi gətirməyib.Saytımıza daxil olan məlumatlar isə tamam başqa şey deyir.

Konkret faktlara müraciət edək:

Kamal Abdulla rektor təyin olunduqdan sonra vəzifəyə təyin etdiyi və yaxın adamlarından biri Seyfəl Həsənovdur. O, deyir müşavir vəzifəsinə təyin olunsa da, de-fakto prorektor kimi davranır. 

Sərraf Hüseynov Tərbiyə işləri üzrə prorektor əvəzidir. Məlumatlara görə, ADU-da ən böyük saxtakarlıqların başında duranlardan da biri məhz odur.

Kamal Abdulla Bənövşə Məmmədovanı dekan seçdirib.Ən maraqlısı odur ki,belə bir  yüksək vəzifəyə təyin olunan bu şəxsin heç bir elmi dərəcəsi yoxdur.

Buna bənzər digər təyinatlar da baş tutub.Belə ki,magistratura şöbəsinin müdiri Firuzə Rzayeva və Tədris departamentinin müdiri Şəfəq Şahməmmədova da heç bir elmi dərəcəyə malik deyillər.

Nüşabə Tanrıverdiyeva – Maddi Texniki və maliyyə işləri üzrə müşavir vəzifəsinə təyin olunub. Bir çox qohumlarını ətrafına toplayan N.Tanrıverdiyeva qardaşını da 700 AZN əmək haqqı müqabilində özünə sürücü götürüb.

Bir maraqlı faktı da qeyd edək ki, Kamal Abdulla vaxtilə Bakı Slavyan Universitetində rektor olarkən onun ən yaxın adamı kimi pul işlərinə məhz N.Tanrıverdiyeva baxıb. “Alver” məsələləri o qədər böyüyüb ki, hətta o, hüquq-mühafizə orqanlarına çağırılıb.

Azad Məmmədov ADU-nun yeni əməkdaşlarından biridir. Rektor K.Abdullanın doğmaca bacısı oğludur.

Məmməd Əliyev əvvələr Bakı Slavyan Universitetində işləyib. Hazırda ADU-da “Rusiyaşünaslıq” Mədəniyyət Mərkəzinin müdiri vəzifəsini tutur. Bu adamın təhsil sisteminə heç bir dəxli yoxdu. Onun törətdiyi xoşagəlməz hərəkətləri isə etika xatirinə yazmırıq.

Çox maraqlıdır ki, Azərbaycan Dillər Universitetində həm Azərbaycan dilçiliyi, həm Azərbaycan ədəbiyyatı, həm Azərbaycanşünaslıq laboratoriyası, həm Ümumi dilçilik, həm də Xarici ölkələr ədəbiyyatı kafedraları fəaliyyət göstərir. Zənnimizcə, bu strukturlar da bir-birinə çox yaxın strukturlardır, amma yəqin bunların da ayrı-ayrılıqda fəaliyyət göstərməsi “dostluq münasibətləri”nə xidmət edir. Çünki Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Muxtar İmanov – rektorun yaxın dostu qanunverciliyə zidd olsa da həm akademiyada, həm də universitetdə 2,5 ştatla işləyərək əmək haqqı alır. Deyilənlərə görə müxtəlif yerlərdə 3-4 vəzifədə çalışmağına baxmayaraq, universitetdə aya-günə dönən, nadir hallarda işə gələn Aynur Sabitova isə hansısa marağa görə ictimai əsaslarla Xarici ölkələr ədəbiyyatı kafedrasına rəhbərlik etməklə özünü universitetə fəda edir.

Elmi dərəcəsi olmasa da, universitetin rəsmi səhifəsində prorektor kimi təqdim olunan Sərraf Hüseynov isə universitetdəkilərin tərbiyəsi ilə məşğul olur. Onun “tərbiyə” metodu şəxsiyyətə pərəstiş etdirən Kamal Abdullanın reklam təbliğatını aparmaqdan ibarətdir.

Nə qədər təəccüblü olsa da, keçmiş DYP əməkdaşı Azad adlı şəxs də ADU-da işə götürülüb.

Rektor daha bir yaxın adamı Aqşin Rüstəmov üçün “Azərbaycanşünaslıq” elmi-tədqiqat laboratoriyası açıb. Əvvəllər Bakı Slavyan Universitetində Kamal Abdullanın köməkçisi olan Malik Kərimov indi də ADU-da eyni vəzifəni daşıyır. M.Kərimov ADU-ya gətirildikdən sonra qardaşı Şəhriyarı da korpuslardan birinə komendant təyin elətdirib.

K.Abdulla BSU-da rektor olarkən işə götürdüyü Yusif adlı tələbə yoldaşını indi də ADU-da işlə təmin edib.

Kadrlar şöbəsindən işdən çıxarılan Elmira Baxşəliyevanın yerinə rektorun yaxın adamı Kifayət adlı qadın təyin edilib. Ancaq onun işdən başı çıxmır, sənədləşmə işlərindən heç bir anlayışı yoxdur.

 Bütün bunlarla yanaşı, rektor universitetin maliyyə fondunun qayğısına da qalmağı unutmur. Hər gün 7 saat kafedradaoturub laqqırtı vurmağa həvəsi olmayan müəllimlər radara düşəndə, heç bir əsasnamədə olmasa da müəllimlərin elmitədqiqat işlərində problem yarananda onların maaşlarından tutulacağı və universitetin rifahı üçün sosial fonda köçürələcəyi hədə qorxusu gəlinir. Mənəvi, psixoloji və maddi əziyyət çəkən müəllimlər səslərini çıxarıb deyə bilmir ki, cənab Prezident hətta minimum əməkhaqlarını qaldırdı, əhalinin ruhyüksəkliyini artırmaq üçün gündəngünə xalqıxeyrinə qərarlar verdiyi halda bəs Kamal Abdulla niyə özbaşınalıq edir?

Bu qədər faktdan sonra K.Abdulla deyə bilərmi  ki, o özünə yeni komanda yığmayıb?

Onu da bildirək ki, ADU-da baş verən haqsızlıqlara qarşı kim etiraz edirsə, ona qarşı barışmaz mövqe tutulur. Götürək elə Qılıncxan Bayramovun başına gətirilənləri. Bu adam ingilis dilini ən yüksək səviyyədə bilən, tərcümə nəzəriyyəsindən dərs deyən bir şəxsdi. Hətta dövlət səviyyəsində də bu sahənin ən görkəmli mütəxəssislərindən biri kimi tanınır. Ancaq ADU-da baş verən haqsızlıqlara etiraz səsini ucaltdığına görə, universitetdən didərgin salınıb.

 Kamal Abdullanın fəaliyyəti haqda araşdırmalarımız davam edir. Sadəcə, bizə maraqlıdır ki, niyə bu universitetdə 5 prorektorluq mövcud olduğu halda 2 rəsmi prorektor fəaliyyət göstərib?

Niyə həm Elmi işlər üzrə prorektorluq, həElm və təhsil müəssisələri üzrə müşavirlik, həm Elm departamenti, həm Elmi tədqiqatlar şöbəsi, həm Elmi əməkdaşlıq şöbəsi var? Niyə həm maliyyə departamenti, həm də maliyyə məsələləri üzrə müşavirlik var? Niyə həm Beynəlxalq əlaqələr üzrə prorektorluq, Beynəlxalq əlaqələr üzrə departament var? Niyələrimizin sayı çox olsa da, tədqiqat üçün faydalı ola biləcək 2 strukturun “Eksperimental fonetika və tətbiqi dilçilik elmi-tədqiqat laboratoriyası” və “Tərcümə araşdırmaları elmi-tədqiqat laboratoriyası”nın adını eşidib sevinmişdiksə də, məlum oldu ki, rektor təzəlikcə digər yararsız laboratoriyaları deyil məhz bu iki laboratoriyanın fəaliyyətini dayandırıb.
ADU-da gəzən söz-söhbətlərə görə, dekan V.Ağabəylinin etiraz səsi bu qədər ictimailəşməsəydi, daha bir neçə şəxs işdən kənarlaşdırılacaqdı. Yəni V.Ağabəylinin etiraza qalxması, həmin şəxslərin xilası rolunu oynayıb.

Göründüyü kimi, universitetdə özbaşınalıq halları baş alıb gedir. Bu özbaşınalıqlar, haqsızlıqlar, qanunsuzluqlar Azərbaycan ziyalısına qarşı törədilir. Bütün bu baş verənlərə isə universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov biganə yanaşır. Nə üçün bu baş verənlərə bir Həmkarlar Komitəsinin sədri kimi o da etirazını bildirmir? Komitə sədri nə üçün universitetdə müəllim heyətinin hüquqlarını qorumağa deyil, rektorun maraqlarını təmin etməyə  üstünlük verir? Bəlkə rektorun istədikləri ilə Misgər Məmmədovun da maraqları üst-üstə düşür?/Aktualinfo.org

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi