"Azərbaycan silahlı qüvvələri peşəkar, ən müasir tələblərə cavab verən orduya çevrilir" -Aqiyə Naxçıvanlı
“Bu gün Azərbaycanda ordu quruculuğu işinin həyata keçirilməsinə tarixi aspektdən nəzər salsaq, bu prosesin bir neçə mərhələyə bölündüyünü görərik.
İlk növbədə, 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti ölkədə milli silahlı qüvvələrin formalaşması üçün əhəmiyyətli addımlar atmışdı. Belə ki, hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə olan Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu, həqiqətən də ölkədə ordu quruculuğu istiqamətində atılmış ilk və ən vacib addımlardan biri idi. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə həmin tarixi gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və artıq uzun illərdir ki, bu tarix ölkəmizdə hər il rəsmi dövlət bayramı kimi qeyd edilir.”
Faktinfo.az xəbər verir ki,bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı söyləyib.
Millət vəkili həmçinin qeyd edib ki, ölkəmizdə milli silahlı qüvvələrin formalaşmasının ən əhəmiyyətli dövrü məhz Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərə aiddir: - “Məlum olduğu kimi, şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti iki ildən də az bir müddət mövcud ola bildi. 23 ay ərzində AXC hökuməti dövlət quruculuğu istiqamətində bir çox mühüm addımlar atsa da, təəssüflər olsun ki, bu başlanğıcların əksəriyyəti tamamlanmamış qaldı. 1920-ci ildə Sovet Rusiyası Azərbaycanı ilhaq edərək özünə birləşdirdi. Təbii ki, bundan sonra ölkəmizdə ordu quruculuğu prosesi də dayandı və durğunluq 1970-ci illərə qədər davam etdi. Yalnız 1969-cu ildə, Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesi yenidən başlandı. Həmin dövrdə Ümummilli Liderimizin bu istiqamətdə atdığı ən mühüm, ən vacib addımlardan biri əlbəttə ki, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması oldu. Bu gün həmin hadisələrdən danışarkən SSRİ-nin öz qüdrətinin ən pik həddində olduğu bir vaxtda Azərbaycanda hərbi məktəbin açılmasına nail olmağın necə çətin, mürəkkəb bir məsələ olduğunu tam dolğunluğu ilə təsəvvür etmək çox çətindir. Təbii ki, SSRi-nin dövlət və partiya rəhbərləri Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına razılıq vermək istəmirdilər. Hətta buna imkan verməmək üçün Moskvadan Bakıya ezam olunan xüsusi komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığı barədə çoxsaylı rəylər təqdim edirdilər. Lakin Ulu Öndər özünün mahir diplomatiyası, uzaqgörən siyasəti ilə bütün bu cəhdləri heçə çıxardı və böyük zəhmətlər bahasına hərbi məktəbin açılmasına nail oldu. Bu tarixi hadisədən cəmi 20 il sonra öz müstəqilliyini bərpa etmiş Azərbaycanda C.Naxçıvanski adına Hərbi Məktəb ölkəmizin ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Həmçinin qeyd olunmalıdır ki, məhz Ulu Öndərin səyləri nəticəsində o dövrdə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumaları, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün olmuşdu. Etiraf etmək lazımdır ki, Ümummilli Liderimizin atdığı təkcə bu addımlar artıq Azərbaycanda ordu quruculuğu prosesinin ən əhəmiyyətli tarixi mərhələlərinin məhz Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə həyata keçdiyini deməyə əsas verir. Lakin Ulu Öndərin bu sahədə gördüyü daha möhtəşəm işlər artıq müstəqillik illərinə təsadüf edir”, - deyə Aqiyə Naxçıvanlı bildirib.
Milli Məclisin deputatı fikirlərinə davam edərək qeyd edib ki, ölkəmizdə ordu quruculuğu istiqamətində ən mühüm addımlar 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra atılıb: “Müstəqilliyimizin ilk illərində o dövrkü iqtidarın səriştəsizliyi və yersiz ambisiyaları ucbatından ölkə sözün əsl mənasında xaos içərisində idi. Belə bir şəraitdə ordu quruculuğundan söhbət belə getmirdi. Pərakəndə halda olan silahlı birləşmələr isə, xalqın və dövlətin deyil, ayrı-ayrı siyasi qüvvələrin maraqlarına xidmət edirdilər. Yalnız 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra bu sahədə də vəziyyət kökündən dəyişdi. Ulu Öndərin səyləri nəticəsində 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Milli Ordumuzun formalaşması prosesi daha da sürətləndi. Bu istiqamətdə əhatəli islahatlar aparıldı, qısa müddət ərzində hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması başa çatdırıldı, Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Qısa müddət ərzində Azərbaycan Ordusu böyük inkişaf yolu keçərək, bölgənin ən güclü silahlı qüvvələrinə çevrildi. Bütün bu inkişafın, uğur və nailiyyətlərin ən başlıca səbəbi, ordu quruculuğuna, dövlətin müstəqilliyinə, xalqın milli maraqlarına sonsuz sədaqət və məhəbbət mücəssəməsi olan Ulu Öndər Heydər Əliyevin rəhbərlik etməsi idi”.
Daha sonra millət vəkili ordu quruculuğu ilə bağlı ölkədə bu gün gedən proseslərdən danışaraq bunları deyib: “Bu gün Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatlarının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsi kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılan prioritet istiqamətlərdir. Birmənalı olaraq demək lazımdır ki, 2003-cü ildən sonra ölkəmizdə ordu quruculuğu tamamilə yeni, keyfiyyətcə daha yüksək bir mərhələyə keçid etdi. Məhz bu mərhələdə Azərbaycan Ordusunun dünya hərb sənayesinin ən son texnoloji məhsulları ilə, ən müasir hərbi texnika ilə təchiz olunması geniş vüsət aldı. Ölkənin iqtisadi gücündən maksimum faydalanaraq Ali Baş Komandan ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və digər dövlətlərin müasir hərbi texnikaları ilə təchiz etdi, modernləşməni həyata keçirdi. Bununla da Azərbaycan Ordusu peşəkar, ən müasir tələblərə cavab verən orduya çevrildi.
Nəhayət 44 günlük Vətən müharibəsi Şanlı Ordumuzun gücünü-qüdrətini bütün dünyaya canlı olaraq nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabrda əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu tarixi Zəfər əldə etdi. Düşmən qısa müddət ərzində və ən əsası bizim tərəfimizdən minimal itki verməklə tamamilə darmadağın edildi və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Qeyd etmək lazımdır ki, Vətən müharibəsinin gedişində Azərbaycanın kəşfiyyat və zərbə dronları düşmən hədəflərinin müəyyənləşdirilməsində və məhv edilməsində mühüm rol oynadı, nəticədə işğalçı orduya məxsus milyonlarla dollar dəyərində hərbi texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları məhv edildi. Beləliklə, Müzəffər Azərbaycan Ordusu XXI əsrdə ilk dəfə olaraq, irimiqyaslı hərbi əməliyyatlarda qalib gəldi və öz ölkəsinin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Ordusu nəinki bölgədə, həm də bütün dünyada hərbi potensialına, döyüş qabiliyyətinə, müasir təchizatına görə ən güclü ordular sırasında durduğunu bir daha təsdiq etdi”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bu xəbər üçün şərh yazın