"Azərbaycan-Özbəkistan əlaqələri Türk dövlətləri birliyi təşkilatının inkişafına da səbəb olacaq"

"Azərbaycan-Özbəkistan əlaqələri Türk dövlətləri birliyi təşkilatının inkişafına da səbəb olacaq" -Kamaləddin Qafarov

“ Azərbaycanın digər türkdilli ölkələrlə münasibətlərinin Türkiyə səviyyəsinə yüksəldilməsində ciddi marağı var.

 Dil, mədəniyyət və din birliyinin olması, tarixi genetik ortaqlıq bu münasibətlərin yaxşılaşmasını indiki dönəmdə daha da aktual edir. Müasir qlobal proseslər, dünyada gedən siyasi kataklizmlər və böhran göstərir ki, belə birliyin olmadığı coğrafiyada inkişaf etmək, dayanıqlı sülhə nail olmaq çox çətin olacadır. Bu baxımdan Prezident İlham Əliyevin Özbəkistana səfəri həm ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcək, həm də Türk dövlətləri birliyi təşkilatının daha da inkişafına səbəb olacaqdır”.

Bu sözləri millət vəkili Kamaləddin Qafarov Prezident İlham Əliyevin Özbəkistana səfərini mətbuata şərh edərkən deyib.

Milli Məclis deputatı vurğulamışdır ki, Daşkənddə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Meydanın açılışında iştirak edən Prezident geniş nitq söyləmiş, Azərbaycan-Özbəkistan əlaqələrinin dərin köklərə, tarixi zərurətə əsaslandığını qeyd etmişdir. “Cənab Prezident Ulu Öndərin bu əlaqələrə böyük önəm verdiyini xatırladaraq daim Özbəkistanın keçmiş rəhbərləri ilə dostluq münasibətləri saxladığını bildirmidir. Böyük tarixi şəxsiyyət olan Heydər Əliyev bu dostluq münasibətlərinin, qarşılıqlı əlaqələrin yaxın gələcəkdə strateji səviyyəyə qaldırılması zərurətini bilirdi və bu yöndə işlərin inkişafını tövsiyə edirdi. Geniş tərkibli görüş zamanı Prezident İlham Əliyev öz çıxışında əlaqələrin intensivləşdirilməsi, bütün sahələrdə- iqtisadi, siyasi, mədəni, kommunikasiya və rabitə sahələrində əlaqələrin yaxşılaşdırılmasının hər iki tərəfin marağında olmasını bildirmiş, bunun gələcək tərəqqi üçün zəruri olduğunu qeyd etmişdir”.


Millət vəkili bildirmişdır ki, səfərin diqqətçəkən məqamı bu səfərin 25 il əvvəl Ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin tarixi ilə eyni vaxta düşməsidir. Bu mənada cənab Prezidentin özbəkistanlı həmkarı Şövkət Mirziyayevlə keçmişdə imzalanan sənədlərin yeni reallıqlara uyğunlaşdırılması kontekstində müzakirə aparması proseslərə yeni yanaşmanın təzahürüdür. İki dövlət başçısının imzaladığı 19 sənəd bir sıra sahələri əhatə edəcəkdir. İlk növbədə, iqtisadi əlaqələrin daha yüksək səviyyəyə qaldırılması, idxal-ixrac balansının tənzimlənməsi, kommunikasiyaların davamlı səviyyədə inkişaf etdirilməsi, Türk Dövlətləri Birliyinin möhkəmləndirilməsi sənədlərdə öz əksini tapmışdır. Regional təhlükəsizliyin qorunması, hərbi sahədə əməkdaşlığın genişləndirilməsi də gündəmdə olan məsələlərdən biridir. Cənab Prezidentin səfərin nəticələrinə dair Bəyanatı bunu deməyə əsas verir ki, Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarında sülhə və sabitliyə nail olmaq üçün ölkələrimiz arasında münasibətlər daha da möhkəmlənəcək, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq. Bunun əsası liderlərin siyasi iradəsi, eləcə də iqtisadi zəminlərdir.


Millət vəkili sonda qeyd etmişdir ki, Daşkənddə ikili əlaqələrin ən müxtəlif tərəflərini əhatə edən investisiya sazişləri və ticarət müqavilələri paketi imzalansa da, bu səfər, Bəyannamədən də göründüyü kimi, müdafiə və təhlükəsizlik sahəsində dərin əməkdaşlığın özülünün qoyulmasıyla daha çox diqqəti cəlb etdi.” Təbii ki, bu istiqamətlərdə inkişafa nail olmaq həm də digər türkdilli ölkələrin, eləcə də Türk Dövlətləri Birliyi təşkilatının də inkişafına, münasibətlərin daha yüksək səviyyədə qurulmasına xidmət edəcəkdir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi