Azərbaycanda rüşvətə görə tutulan 2 vəzifəli şəxsə BƏRAƏT VERİLDİ
Azərbaycanda rüşvətə görə tutulan vəzifəli şəxslərə bəraət verilib.
Bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Belə ki, məhkəmədə rüşvət almaqda tqəsirləndirilən Daşkəsən rayonunun Xoşbulaq bələdiyyəsinin sədri vəzifəsində işləmiş Rasim Allahverdiyev, hazırda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri Şahbaz Mehdiyev və həmin şöbənin mütəxəssisi Vüqar Məmmədova hökm oxunub.
Hökmə əsasən, R.Allahverdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə digər iki şəxs barəsində isə bəraət hökmü çıxarıb. Ş.Mehdiyev məhkəmə zalından azadlığa buraxılıb. V.Məmmədovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub.
Qeyd edək ki, hər üç şəxs 2021-ci ilin fevralında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən R.Allahverdiyevin Ş.Mehtiyev və V.Məmmədov ilə qabaqcadan əlbir olaraq Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsini müvafiq qanunvericiliyin tələblərini pozaraq köhnə tarixə saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı şəxslərə satılması müqabilində vətəndaşlardan ümumilikdə 25 min 400 manat pul vəsaitini rüşvət qismində alaraq öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan sübutlar əsasında R.Allahverdiyev, Ş.Mehdiyev və V.Məmmədova 1 fevral 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
R.Allahverdiyev və Ş.Mehdiyev barəsində məhkəmənin qərarı ilə həbs, V.Məmmədov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib./report.az
Bu xəbər üçün şərh yazın