Azərbaycandan Türkiyəyə fəhləliyə getdi – 300 lirəyə görə öldürüldü
Azərbaycandan Türkiyəyə işləməyə gələn 27 yaşlı Axsqa (Məhsəti) türkü Süleyman Nufarov iş yoldaşı tərəfindən bıçaqlanaraq öldürülüb.
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən il iyul ayının 7-də Bursanın mərkəzi Nilüfər ilçəsi, Görükle məhəlləsində baş verib. Ailəsini Azərbaycanda qoyaraq Türkiyəyə gələn 1 uşaq atası Süleyman Nufarov Bursada 41 yaşlı Türkiyə vətəndaşı Süleyman Kebizin yanında inşaat işinə başlayıb. Lakin bir müddət sonra Nufarov işindən ayrılıb, Kebizin yanına gedərək Azərbaycana dönəcəyini bildirib və alacağı 300 lirəni istəyib. İki tərəf arasında yaranan mübahisə davaya çevrilib. Bu zaman Kebiz Nufarovu bıçaqla yaralayıb. Yaralı Uludağ Universiteti Tibb Fakültəsi Xəstəxanasına çatdırılsa da, orada ölüb. Süleyman Kebiz isə həbs olunub.
Süleyman Nufarov
Bursansanın 1 saylı Ağır Cinayətlər Məhkəməsində “qəsdən adam öldürmə”yə görə Süleyman Kebizə ömürlük həbs cəzası istənib. Məhkəmə prosesində şübhəli Süleyman Kebiz, ölən gəncin anası Sandarə Nufarova, həyat yoldaşı Gülnarə Nufarova və qızı Aişə Nufarova da iştirak ediblər.
Süleyman Kebiz
Kebizə məhkəmə prosesində söz verilib. O, keçmiş iş yoldaşını öldürmək istəmədiyini, mərhumun onu bu cinayətə təhrik etdiyini deyib: “Hadisə baş verən gün Süleyman Nufarov təxminən 300 lirə pulunu istəmək üçün mənim yanıma gəldi. Mən ona pulu verəcəyimi söylədim. Mənə “bu gün səndən həmin pulu atrıqlamasıyla alacağam” deyincə “kimsə məndən artıqlamasıyla pul ala bilməz” cavabını verdim. Mübahisə böyüdü və bu zaman Süleyman məni stulla vurdu. Mən də özümü qorumaq üçün qarpızı kəsdiyimiz bıçağı götürdüm, sağa-sola yellədim. Bu vaxt Süleyman çiynimdən tutub özünə tərəf çevirmək istəyərkən bıçaq istəmədən ona tuşlandı. Süleymanın xəstəxanada öldüyünü öyrəndim. Bu hadisə təhrik nəticəsində baş Verdi”,- S. Kebiz bildirib.
Süleyman Nufarovun anası Sandarə Nufarova və həyat yoldaşı Gülnarə Nufarova qatilə ən ağır cəzanın verilməsini tələb ediblər. Məhkəmə, şübhəlinin tələblərini rədd edib. Respublika Prokurorluğu şübhəli Süleyman Kebizin ömürlük həbs cəzasına məhkum edilməsini istəyib. Məhkəmə təxirə salınıb.
Maraqlıdır, Azərbaycan hökuməti, məddahlıqda yarşa girmiş deputatlar, “ekspertlər ölkədə 2 milyona yaxın iş yeri açıldığını iddia edirlər. Bu halda Azərbaycan vətəndaşlarının fəhlə işləmək üçün niyə xarici ölkələrə üz tutduqlarını o “dərin zəkaları” ilə izah edə bilərlərmi? Gənc bir insanın təxminən 50 dollara görə Vətəndan kənarda öldürülməsinə görə, Azərbaycan hökumətinin təmsiçiləri, ölkənin milyardlarını talayıb xaricə daşıyan məmurlar məsuliyyət daşımırmı?
Bu xəbər üçün şərh yazın