Bakı Mətbuat Klubu öz işini bərpa edir

Bakı Mətbuat Klubu öz işini bərpa edir 

Sentyabrın 17-də Bakı Mətbuat Klubunun saytının (pressklub.az) təqdimatı olub. 1998-ci ildə yaradılmış Mətbuat Klubu 7 ildən sonra öz fəaliyyətini dayandırmalı olub.

Mətbuat Klubunun bərpasının təşəbbüsçüsü onun təsisçilərindən biri və "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyevdir. A.Əliyev deyib ki, sayt bütün sağlam qüvvələri birləşdirməyə və əməkdaşlığa cəlb etməyə yönəlib.

Sayt bu və ya digər şəkildə mətbuatla bağlı insanları məlumatlandırmaq, onlara yardım etməyə və birləşdirməyə yönəlib. "Bu da özü-özlüyündə bir növ Asan-xidmət olacaq", - o qeyd edib.

Saytda mətbuata dair yerli və beynəlxalq qanunvericilik, jurnalistlər üçün beynəlxalq strukturların təklifləri barədə məlumatlar olacaq, xarici KİV-lərdə Azərbaycan haqda dərc edilən yazılar yer alacaq.

A.Əliyevin sözlərinə görə, saytın işə salınması Bakı Mətbuat Klubunun tam bərpası yolunda ilk addımdır. "Ümid edirik ki, qarşıdakı müddətdə yer ilə bağlı digər təşkilati məsələlər də həll olunacaq", - o qeyd edib.

Maliyyələşmə ilə bağlı həmkarlarının sualının cavabında A.Əliyev deyib ki, hazırda saytın yaradılması üçün kiçik maliyyə vəsaiti lazım gəlib. O ümidvar olduğunu bildirib ki, Mətbuat Klubunun gələcək fəaliyyəti beynəlxalq və yerli strukturların, KİV-lərin dəstəyi və iştirakı ilə baş verəcək.

Bakı Mətbuat Klubu 1998-ci ildə "Yeni Nəsil" JB, Turan agentliyi, "Zerkalo", "Xalq", "525-ci" qəzetlər və ANS TV tərəfindən təsis edilib.

Bir il sonra ANS, onun ardınca isə hökumətyönlü "Xalq" qəzeti təsisçilərin tərkibindən çıxıblar.

Bir neçə il sonra Mətbuat Klubu maliyyə problemləri və hakimiyyət dəstəyinin olmaması səbəbindən fəaliyyətini dayandırmalı olub./Turan

Bakı Mətbuat Klubu öz işini bərpa edir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər