Bakıda otellərin qiymətində fantastik artım – 200 faizlik bahalaşma

Bakıda otellərin qiymətində fantastik artım – 200 faizlik bahalaşma 

Mayın 29-u UEFA Avropa Liqasının finalı ərəfəsində paytaxt Bakıda yerləşən otellərdə qiymətlər qalxıb.

Ən böyük beynəlxalq otel bronlaşdırma saytlarında mayın 29-a 1 nəfər üçün bir gecənin qiyməti 30 manatdan 3560 manata qədər qalxır. Bu tarixə təklif olunan bəzi otellərdə bir ay sonra 500-700 manat daha ucuz qalmaq olar. Hostel və qonaq evlərində isə qiymət stabildir: bir gecə 1 adam üçün 4 manatdan başlayır.

Dövlət Turizm Agentliyinin sözçüsü Kənan Quluzadə final maçı zamanı turistlərin otellərdə yerləşdirilməsi ilə bağlı heç bir problemin gözlənilmədiyini və kifayət qədər yer olduğunu, dövlətin otel biznesindəki qiymət siyasətinə qarışmadığını deyib.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi BBC News Azərbaycancaya bildirib ki, Azərbaycanda bəzi otellər futbol maçı tarixində qiymətlərini adi vaxtdakından 2-3 dəfə artırıb və bu, belə tədbirlər zamanı normal qarşılana bilər.

Amma Samir Dübəndi onu da əlavə edib ki, Azərbaycan öz turizm bazarını tanıtmaq yolunda olduğundan belə qiymət artımları "ölkəyə yaraşmır".

Bakının "bahalı şəhər" imici

Bəzi xarici futbol azarkeşləri sosial şəbəkələrdə Bakının bahalı şəhər olduğunu və bu cür oyunlar üçün daha ucuz və əlçatımlı şəhərlər seçilməli olduğunu qeyd edirlər.

Liverpool klubunun rəhbəri Jurgen Klopp final oyununu izləmək üçün Bakıya səyahət etməkdə çətinliklərlə üzləşəcək, bahalaşmış otel və təyyarə biletləri almaq məcburiyyətində olan azarkeşlərə rəğbətini bildirmişdi.

Otel qiymətlərində artım

Ən böyük beynəlxalq otel bronlaşdırma saytlarından biri Bakıda mayın 29-a 1 nəfər üçün bir gecənin qiymətinin otellərdə 30 manatdan başladığını göstərir.

Sözügedən tarix üçün boş qalan otellər arasında ən bahalısı isə 3560 manata (yalnız 6 nəfərlik prezident tipli 1 otaq qalıb) təklif olunur. Eyni otaq bir ay sonra 2602 manata təklif edilir.

Bu tarixə təklif olunan bəzi otellərdə bir ay sonra 500-700 manat daha ucuz qalmaq olar. Hostel və qonaq evlərində isə qiymət stabildir: 1 adam üçün bir gecə 4 manatdan başlayır.

"Otellərə tövsiyə vermişik ki, qiyməti qaldırmasınlar"

Dövlət Turizm Agentliyinin sözçüsü Kənan Quluzadə deyir ki, onların monitorinqi otellərdə hiss olunan dərəcədə qiymət artımı olmadığını göstərir.

"Qiymətlər çox da fərqli deyil. Biznes sərbəstdir, biz dövlət qurumu olaraq qiymət formalaşmasında iştirak etmirik, sadəcə tövsiyə edirik ki, qiyməti qaldırmasınlar. Otellərə müraciət etmişik ki, çalışsınlar qiymətləri gələn qonaqlara uyğun səviyyədə saxlasınlar".

Dövlət Turizm Agentliyi final maçı zamanı turistlərin otellərdə yerləşdirilməsi ilə bağlı heç bir problemin gözlənilmədiyini və kifayət qədər yer olduğunu bildirib.

"35-40 min azarkeş gələcək"

Agentliyin sözçüsü Kənan Quluzadə söyləyib ki, final oyununu izləməyə 35-40 min azarkeşin gələcəyi gözlənir, lakin o əlavə edib ki, xarici azarkeşlərin çoxu oyun günü gələcək və oyundan sonra da geri dönəcəklər.

"Bakıda keyfiyyətli xidmət göstərən, xarici turistləri qəbul edə biləcək 100-dən çox otel, 50-dən çox hostel, çoxlu fərdi mənzil var. Yataq sayına görə otellərdə 25-30 min, hostellərdə 1000-dən çox, turistlərə əlçatımlı mənzillərdə isə 200-dən çox yer var", - cənab Quluzadə qeyd edib.

O deyib ki, Azərbaycanda turizm mövsümi xarakter daşıyır.

"İlin əvvəlindən Novruz bayramına qədər otellərdə tutum az olur, turist axını isə Novruz bayramından sonra başlayır. Müəyyən dövrlərdə bu rəqəmlər fərqlənir. Məsələn, Formula 1 yarışları zamanı otellər demək olar ki, tam tutulmuşdu".

"Bəzi otellərdə qiymətlər 200-300 faiz artıb"

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, Azərbaycanda bəzi otellər futbol maçı tarixində qiymətlərini adi vaxtdakından 2-3 dəfə artırıb və bu, belə tədbirlər zamanı normal qarşılana bilər.

"Azərbaycanda bəzi otellər oyun tarixlərində qiymətlərini gündəlik satış qiymətlərindən 2-3 dəfə artırıblar. Bu artım iri otellərdə 200-300 faiz, kiçik və orta otellərdə 50-100 faiz təşkil edir. Amma bu, normal haldır, çünki belə tədbirlər, yarımfinal, final oyunları keçirilərkən, hər bir bazarda eyni situasiya olur".

Cənab Dübəndi qiymət artımını dünya ölkələrinə görə "adi hal" hesab etsə də, bunun "Azərbaycan üçün tez olduğunu düşünür.

"Düzdür, ümumiyyətlə, bu cür idman yarışlarına bir növ varlı turistlər, varlı azarkeşlər üz tuturlar. Bu, bir o qədər də büdcəli turistlər üçün olan tədbirlər deyil. Amma qiymət artımı Azərbaycana hələ ki, yaraşan addım deyil. Çünki biz hələ öz turizm bazarımızı tanıtmaq yolundayıq".

Samir Dübəndi onu da əlavə edib ki, qiymət artımına baxmayaraq, bahalı otellər belə artıq tutulub.

"Bir neçə gün öncə keçirdiyimiz monitorinq göstərib ki, ən yüksək dolum faizi brend otellər zəncirində olub. Demək olar ki, bir çoxunun bronlaşma faizi bu gün artıq yüz faizdir, boş otaq tapmaq çətindir. Yerdə qalan kiçik və orta biznesə aid olan müəssisələrdə - kiçik otellərdə, hostel və qonaq evlərində dolum faizi nisbətən aşağı, 80 faizə yaxındır", - o söyləyib.

Avropa Liqasının Bakıda keçiriləcək final oyununda Britaniya futbol komandaları Arsenal və Chelsea klubları qarşılaşacaq.

UEFA Arsenal və Chelsea klublarına birlikdə 12 min bilet ayırıb. Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu isə 68 mindən çox yer tutur.

Azərbaycan Hava Yolları bildirib ki, indiyədək Heydər Əliyev Beynəlxalq Aeroportu mayın 28-29-da çarter reyslərinin yerinə yetirilməsi üçün 45-dən artıq müraciəti təsdiqləyib.

BBC Azərbaycan

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər