Binəqədi rayonunda YAP namizədləri ilə görüş keçirildi- Fotolar
Yanvarın 17-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən 9 fevral 2020-ci il tarixdə ölkəmizdə keçiriləcək VI çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib.
Faktinfo.az-a verilən məlumata görə, kampaniya çərçivəsində partiyanın millət vəkilliyinə namizədləri - 8 saylı Binəqədi birinci Seçki Dairəsi üzrə Kübra Əliyarlı, 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə Kamaləddin Qafarov, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə Anar Əliyevin üzərində Yeni Azərbaycan Partiyasının “Daha güclü Azərbaycan naminə” şüarı yazılan təbliğat plakatları müvafiq məntəqə seçki komissiyalarının təbliğat lövhələrinə yerləşdirilib.
Eləcə də,YAP Binəqədi rayon təşkilatı tərəfindən partiyanın millət vəkilliyinə irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə ilk görüşü olub. Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, hər 3 dairə seçki komissiyası üzrə seçicilər, partiyanın fəalları iştirak edib. Görüşü giriş sözü ilə açan Ramiz Göyüşov ölkəmizdə ən məsuliyyətli və ən əlamətdar günlər yaşanıldığını vurğulayaraq, müstəqil bir ölkə kimi Azərbaycanın dinamik inkişafının növbəti mərhələsinə- yeniləşən cəmiyyət, qüdrətli iqtisadiyyat və davamlı islahatlarla zəngin yeni bir dövrə qədəm qoyduğunu bildirilib.
O da bildirilib ki,Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən səmərəli daxili və xarici siyasət, eləcə də iqtisadi, siyasi, sosial və hüquqi islahatların şaxələndirilməsi nəticəsində Azərbaycan nəinki regionun, bütövlükdə dünyanın ən stabil inkişaf tempinə malik dövlətləri sırasında yer almağa başlayıb. Daha sonra natik seçkilərin ölkə tarixindəki mühüm rolunu vurğulayaraq, hər bir namizədə bu məsuliyyətli yolda müvəffəqiyyətlər arzulayıb. Hər bir namizəd haqqında məlumat verərək tədbir iştirakçılarını parlament seçkilərində fəal iştirak etməyə, ölkənin əlamətdar tarixində pay sahibi olmağa çağırıb.
Daha sonra 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə namizəd Kamaləddin Qafarov çıxış edərək bildirib ki, rayonumuzda mövcud olan çətinlik və problemlərin aradan qaldırılması təəssübkeşlik tələb edir.Ümumi olaraq yüksəliş və rifah üçün hər birimizdən məsuliyyətli davranmaq tələb olunur,dövlətimizin adını yüksəkliklərə qaldırmaq üçün səylə çalışmaq lazım gəlir.Binəqədidə öz həllini gözləyən məsələlər müvafiq dövlət qurumlarının, icra strukturlarının, idarə, müəssisə və təşkilatların, dövlət nümayəndələri ilə bərabər, həm də hər bir rayon sakininin qayğı və probleminə çevrilməlidir. Məqsədə və amala çatmaq üçün bu istiqamətdə son beş ildə səylə çalışdım,bundan sonra da bu ənənəni davam etdirəcəyəm.Namizədin sözlərinə görə, neçə illərdir Binəqədi rayonunda aparılan genişmiqyaslı tikinti-abadlıq işləri, park və xiyabanların salınması, yolların çəkilməsi, müxtəlif infrastrukturların yaradılması, sosial proqramların reallaşdırılması göz önündə baş verib. Bundan sonra da abadlıq və quruculuq işləri ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında davam etdiriləcək,Binəqədililərin rifahı naminə həyata keçiriləcəkdir. Bu işlər nəticəsində sizlərin rahat və sakit şəkildə yaşamasında iştirakıma görə, məmnunam,qürur hissi duyuram. Mənə Yeni Azərbaycan Partiyası tərəfindən göstərilən böyük qayğı və yüksək etimada görə partiya rəhbərliyinə təşəkkür edir,bu etimadı bir daha doğruldacağıma söz verirəm.
Görüşdə çıxış edən 8 saylı Binəqədi birinci Seçki Dairəsi üzrə namizəd Kubra Əliyarlı ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün ölkəmizdə çoxsaylı iqtisadi, sosial, siyasi islahatların həyata keçirildiyini, yeni infrastruktur layihələrinin icra olunduğunu, əhalinin rifahının daha da yüksək səviyyəyə qaldırılması üçün, ictimai-siyasi sabitliyin qorunmasını və bu istiqamətdə mühüm işlərin görüldüyünü bildirib.
Bir sözlə seçkilərə YAP deputatlarının hamısının görüləcək işləri nəzərdə tutan geniş platformaları ilə getdikləri qeyd olunub. Dövlətə, xalqa xidmət etməyi özünə şərəf bildiyini və bu yolda seçicilərə fəxarətlə xidmətin ən müqəddəs missiya olacağını vurğulayan gənc namizəd seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Daha sonra çıxış edən 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə namizəd Anar Əliyev qeyd edib ki,ona göstərilən etimad onu daha məsuliyyətli olmağa sövq edir. O,məsuliyyətli və çətin yolda ona göstərilən etimadı doğrultmaq üçün daha səylə çalışacağını vurğulayıb.
Görüşün sonunda seçicilər onları maraqlandıran sualları namizədlərə ünvanlayıblar. Sonda xatirə şəkli çəkilib.
Bu xəbər üçün şərh yazın