Cavid Qurbanovun “sağ əli”ndən dövlətə meydan oxuyan TƏMTƏRAQ: - Qalib Məmmədov Qubadlıda nə axtarırdı?
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun əsas adamlarından biri sayılan Qalib Məmmədov ölkə prezidentinin xəbərdarlığına məhəl qoymur.
Yenicag.az xəbər verir ki, “KDY Logistics” şirkətinin Azərbaycan qrupunun Direktorlar Şurasının sədri Qalib Məmmədov erməni işğalından azad edilmiş Qubadlıda qurduğu məclislə özünü diqqət mərkəzinə gətirib.
Qubadlıda zəngin süfrə qurduran və əsgərlərimizin qabağında hazır dayandığı Məmmədov bölgənin işğaldan azad olunmasını özünün və patronunun yeni biznes planlarının dəyərləndirilməsi fonunda “qeyd edib”.
“KDY Logistics” rəhbərinin bu təmtərağı prezident İlham Əliyevin azad edilmiş Şuşaya səfəri zamanı sərgilədiyi təvazökarlığı bir daha göz önünə gəririr. Dövlət başçısının Şuşada bəzi məkanlara baş çəkdikdən sonra Cıdır düzündə əyləşdiyi sadə çay süfrəsini hər kəs xatırlayır.
Yəni prezident belə müzəffər Ali Baş Komandan olaraq, Şuşada ehtiyac görmədiyi təmtərağı Cavid Qurbanovun “sağ əli” sayılan Qalib Məmmədov Qubadlıda özünə rəva görür. Bununla da dövlətə meydan oxumaqdan çəkinmir.
Prezident İlham Əliyevin Şuşada “şöbə açmaq istəyən” bir sıra nazirlərə məlum iradı hələ də müzakirə olunmaqdadır. Lakin buna baxmayaraq, Qalib Məmmədov kimi məmurlar dövlət başçısının xəbərdarlığına məhəl qoymayaraq, azad edilmiş bölgələrimizdəki füsunkar yerləri özlərinin “eyş-işrət zonaları”na çevirmək haqda düşünürlər.
Ancaq bu kateqoriyaya aid məmurlar və onların kölgəsində daldalanan iş adamları hər bir hərəkətlərinin ictimai nəzarət altında olduğunu və bu meydan oxuyan davranışlara görə cavab verəcəkləri saatın yetişəcəyini unutmasınlar!
Bu xəbər üçün şərh yazın