“Cəfər Cəfərov universiteti dedi-qodu meydanına çevirib” –

“Cəfər Cəfərov universiteti dedi-qodu meydanına çevirib” – ADPU-nun professoru Mirzəli Murquzov

“Rektor yaşlı nəslin nümayəndələri ilə yanaşı, istedadlı cavanları da işdən çıxarıb, onların yerinə öz savadsız adamlarını gətirir”

“Hazırda ADPU pedaqoji universitet statusunu itirmək təhlükəsi ilə üzləşmişdir”

“Görmək istəməyəndə fərq etməz, hara baxırsan bax, necə ki, ADPU-nun rektoru Cəfər Cəfərov baxır...”

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) qanunsuz olaraq işdən çıxarılan əməkdaşlardan biri də professor Mirzəli Murquzovdur. Bu isim ADPU-nun bütün məzunlarına, eləcə də elm ictimaiyyətinə çox yaxşı tanışdır. Məlumatı olmayan oxucularımıza isə qısaca olaraq onu deyə bilərik ki, Azərbaycan prezidenti tərəfindən “Əməkdar Müəllim”, “Şöhrət Ordeni” adlarına, eləcə də Pedaqoji Universitetdə işlədiyi müddətdə dəfələrlə “Qabaqcıl təhsil işçisi”, “İlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı alimi” və s. kimi çoxsaylı mükafatlara layiq görülən Mirzəli müəllim sözün əsl mənasında ziyalı, elm fədaisi, həyatını Azərbaycan təhsilinin inkişafına həsr etmiş insandır.

Heç də təsadüfi deyil ki, M.Murquzov orta məktəblərdə tədris olunan bütün fizika kitablarının müəllifi olmaqla yanaşı, ali məktəb tələbələri üçün də 8 dərslik və dərs vəsaiti ərsəyə gətirmişdir. Müxtəlif ölkələrdə nəşr edilən 250-dən çox elmi əsərin müəllifi olan Mirzəli müəllim nəinki Azərbaycanda, dünya səviyyəsində tanınan və qəbul olunan fizikdir. Doğrudur, o, həddindən artıq təvazökar insan olduğundan, özü haqqında çox yüksək fikirdə deyil. Yaşının ahıl çağında olmasına rəğmən, hələ görəcəyi çox işlər olduğunu deyir. Şübhəsiz, bunun üçün də ilk növbədə şərait olmalıdır...

Professor Mirzəli Murquzovun ismi əksər vətəndaşlar kimi bizə də çox yaxşı tanış olsa da, etiraf edək ki, onunla bir təsadüf nəticəsində görüşənədək, elmi fəaliyyəti ilə bağlı o qədər də dərin informasiyamız yox idi. Xüsusən də belə bir şəxsiyyətin uzun illər çalışdığı ali təhsil ocağında – ADPU-da haqsızlıqla üzləşdiyini eşitdikdə, onunla görüşərək son vaxtlar Pedaqoji Universitetdə baş verən xoşagəlməz olaylar, eləcə də təhsil sistemində mövcud olan bir sıra problemlərlə bağlı fikirlərini öyrənmək istədik. Professor Pedaqoji Universitetdə cərəyan edən proseslərlə bağlı danışmağa maraq göstərməsə də, Azərbaycan təhsilinin vəziyyəti ilə əlaqədar geniş söhbət etməyə razılaşdı. Təhsil sahəsi çox geniş bir mövzu olduğundan, əvvəlcədən də təxmin etdiyimiz kimi, söhbətimiz həm geniş və düşünürük ki, həm də çox maraqlı alındı. Beləliklə, müsahibimiz ADPU-nin Fizika fakultəsinin keçmiş dekanı, professor Mirzəli Murquzovdur.


- Mirzəli müəllim, ilk olaraq oxucularımıza Pedaqoji Universitetdəki fəaliyyətinizlə bağlı məlumat vermənizi xahiş edərdik...


- Əvvəla, mənim barəmdə xoş sözlərinizə görə təşəkkür edirəm(ADPU-da baş verən olaylarla bağlı dərc etdiyimiz sonuncu yazıda onun barəsində yazdığımız fikirləri nəzərdə tutur – red.). Azərbaycan Dövlət Pedaqoji Universiteti mənim üçün doğma və unudulmaz bir məkandır. Qocaman tədris məbədidir. Artıq universistetin fəaliyyətinin 100 illik yubileyi yaxınlaşır. Mən bu universitetdə təhsil almışam və 1969-cu ildən burada fəaliyyət göstərirəm. Bundan əvvəl Ukrayna Elmlər Akademiyasının Materialşünaslıq Problemləri İnstitutunda aspirantlıq və doktorantlıq mərhələsini keçərək, V.Kapuskas adına Vilnus Dövlət Universitetinin ixtisaslaşmış müdafiə şurasında doktorluq dissertasiyasını müvəfəqqiyyətlə müdafiə etmiş və 1982-ci ildən “Fizika” kafedrasına müdir vəzifəsinə seçilmşəm. Uzun müddət həmin vəzifədə çalışmış və 1996-cı ildə “Fizika” fakültəsinə dekan seçilmişəm.

İşlədiyim müddət ərzində ölkəmiz üçün yüksək ixtisaslı pedaqoji və elmi-pedaqoji kadrların hazırlanmasında mühüm xidmətlər göstərmişəm. Belə ki, 2 nəfər elmlər doktoru, 12 nəfər elmlər namizədi yetişdirmişəm. 250-dən çox elmi-tədqiqat işi, dərslik, dərs vəsaiti, monoqrafiya və metodiki vəsaitlər hazırlayıb, tələbələrin istifadəsinə vermişəm. 10-dan çox elmi-tədqiqat işim ixtira və kəşflər üzrə Dövlət Komitəsinin “Müəlliflik şəhadətnaməsi”nə layiq görülmüşdür. Yarımkeçiricilər fizikası üzrə tamamilə yeni elmi nəzəriyyənin müəllifiyəm. Bu nəzəriyyə beynəlxalq miqyasda yeni mürəkkəb yarımkeçiricilərin alınmasında və tətbiqində istifadə olunur.

Dəfələrlə xarici ölkələrdə keçirilən bir çox mötəbər beynəlxalq elmi konfranslarda, simpoziumlarda Azərbaycan elmini layiqincə təmsil etmişəm. Ölkəmizdə çox uğurla həyata keçirilən təhsil islahatlarında fəal iştirak etmişəm.

Azərbaycan müstəqillik qazanandan sonra Təhsil Nazirliyinin Elmi-metodiki Şurasının Fizika bölməsi üzrə sədri kimi ümumtəhsil məktəbləri üçün milli tədris kompleksinin (standart  tədris planı, proqram və s.) hazırlanmasına rəhbərlik etmiş və ümumtəhsil məktəblərinin bütün sinifləri üçün yeni milli dərsliklərin və müəllimlər üçün metodiki vəsaitlərin hazırlanmasına rəhbərlik etmişəm. Həm də müəlliflərdən biri olmuşam.

Uzun müddət məktəblərin “fizika” ixtisası üzrə respublika olimpiadasının münsiflər heyətinin sədri kimi, istedadlı gənclərin axtarılması, tapılması və hazırlanmasına nail olaraq, beynəlxalq olimpiadalarda 30-dan çox qızıl, gümüş və bürünc medalların alınmasına nail olmuşam. Bunun nəticəsi olaraq olimpiadada medal qazanan şagirdlər dünyanın ən nüfuzlu universitetlərinə imtahansız qəbul olunmuş, ABŞ, Böyük Britaniya, Sinqapur, Türkiyə və s. universitetlərində həmin ölkələrin hesabına təhsil almaq hüququnu qazanmışlar.

Uzun illərdir ki, ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılmış Respublika Təhsil Şurasının sədri kimi fəaliyyət göstərir və təhsil islahatları, təhsil siyasəti ilə bağlı təklif və töhfələrimizi təhsil nazirinə təqdim etmişik...

- Azərbaycan təhsilinin inkişafına verdiyiniz bütün bu töhfələrə rəğmən, Azərbaycan Pedaqoji Unibersitetindən saxtkarlıq yolu ilə çıxarıldığınız iddia olunur...

- Mən Pedaqoji Universitetin “Fizika” fakültəsinin dekanı olduğum zaman (4 noyabr 2011-ci ildən 4 noyabr 2016-cı ilə kimi, 5 illiyə müqavilə ilə işləməli idim) iki fakültənin əsasında yeni “Fizika və texnologiya” fakültəsi yarandığına görə, əvvəlki əmək müqazviləsi öz gücünü itirmiş və yeni fakültədə əvvəlcə əmrlə işləmişəm, sonra isə müsabiqə yolu ilə 30 dekabr 2015-ci il tarixdən 30 dekabr 2020-ci il tarixə qədər dekan vəzifəsinə seçilmişəm. Mənimlə yeni əmək müqaviləsi bağlamaq əvəzinə, rektor Cəfər Cəfərov saxtalaşdırılmış müqavilə sənədindən istifadə edərək, məni azad etmişdir.


- Sizcə, bu gün Azərbaycan təhsilinin  əsas problemləri nələrdir və bu sahədə inkişafa nail olmaq üçün hansı addımlar atılmalıdır? 


- Təhsil sahəsi olduqca geniş, mürəkkəb və daima inkişafda olan dinamik sistemdir. Təhsilin keyfiyyəti, mahiyyəti onun müasir elmiliyi ilə müəyyən olunur. Təhsil durmadan real biliklər sistemi ilə zənginləşdirilməlidir. Onun yenilənməsi, inkişafı ümumxalq işidir. Elə ailə yoxdur ki, onun təhsillə bu və ya digər səviyyədə əlaqəsi və bağlılığı olmasın.

Klassik elmdə sistem anlayışına müəyyən istisna hal kimi baxılırdı və qiymətləndirilirdi. Məsələn, Kopernikin heliosentrik sistemi, Mendeleyevin elementlərin dövri sistemi, Marksın sosial-iqtisadi sistemi və.s. Buna obyektiv qanunauyğunluq kimi baxılmırdı. Lakin 21-ci əsr elmi sistem nəzəriyyəsi yaratdı və bütün obyektlərə, atomdan tutmuş kainata qədər hər şeyə, onun iyerarxıyalı mərhələlərinə müstəqil sistem kimi baxılır. O cümlədən də təhsilə təhsil sistemi kimi baxılır. Sistemi biz bütövlük, tamlıq, inteqrativlik kimi xüsussiyyətləri özündə əks etdirən obyektiv varlıq kimi qəbul edirik. Təhsilin özü də açıq, mürəkkəb və dinamik sistemdir. Və onun da müasir sinergetik yanaşma baxımdan inkişaf, özünütəşkil və özünüidaretmə qanunları mövcuddur. Müasir təhsil ocaqlarının rəhbərləri və müəlliməri, bütövlükdə təhsil sahəsində çalışan insanlar bu qanunlardan xəbərdar olmalıdır.


20-ci əsrin sonlarında dünyada elm və təhsil sahəsində yaranmış çoxlu qlobal böhranları aradan götürə biləcək elmi inqilab baş verdi və bu, demək olar ki, 21-ci əsr elminin və təhsilinin inkişaf istiqamətlərini müəyyən etdi. Bu elmi inqilab dünyamız üçün 20-ci əsrin sonuna kimi xarakterik olan ideal sistemlərdən real sistemlərə keçidi təsdiq etdi və elmə yeni inteqrativ post-qeyri-klassik elmin gətirilməsinə nail oldu. Bununla da 21-ci əsr elmi elm tarixində 4-cü mərhələni təşkil edən inteqrativ post-qeyri-klassik elm adlandırıldı. Bununla da fundamental təbiət qanunlarına əsaslanaraq və elmdaxili məqsədlərlə yanaşı, elm üçün xaric olan sosial, iqtisadi, siyasi, mədəni, ekoloji, demoqrafik və s. məqsədləri ön plana çəkərək, dünyanın yeni ümumi mənzərəsini formalaşdırdı. Bundan sonra təbii elmi mədəniyyətin humanitar mədəniyyətlə inteqrasiyasını yaradaraq, vahid təbiət-insan-cəmiyyət modelini yaratdı və onun davamı olaraq təbiət-insan-həyat-cəmiyyət-dövlət modelinin formalaşma prosesinin əsasını qoydu. Post-qeyri-klassik elm dərketmənin tamamilə yeni strategiyasnın 3 prinsipi (sistemli yanaşma, özünütəşkil və qlobal təkamülçülük) yaradaraq, müasir təhsil siteminin fundamental bazasını formalaşdırdı. Bununla da məşhur Amerika təhsilşünası Çeykvinin dediyi kimi, “təlimalanların tələbatını sürətlə dəyişən dünya ilə uzlaşdırmaq” üçün təlimverənlərin əsas vəzifələri reallaşdı.

Dünya elmi və təhsili 20-ci əsr üçün xarakterik olan elmi texniki-tərəqqi əsrindən 21-ci əsr üçün xarakterik olan elmi-texnoloji-təkamül əsrinə, atom və kosmik əsri isə təkamül-sinergetik-paradiqma əsrinə keçdi. 21-ci əsr elmi müəyyən etdi ki, bütün canlı və cansızlar bir ən ümumi xassəyə, özünütəşkiletmə xassəsinə və yaxud qabiliyyətinə malikdirlər. Təbii ki, bu keyfiyyət müasir dərsliklərdə məzmun xəttini təşkil edə bilər. Təəssüflə deməliyəm ki, söylədiyim və söyləmədiyim bir çox müasir nəzəriyyələr, yeniliklər, elmi biliklər, dərketmənin müasir metodları 21-ci əsr təhsilinin və elminin reallıqlarıdır.


-Bəs bütün bunlar respublikamızda tədirsə yol tapa bilibmi?


-  Bu sualınıza cavab verməzdən öncə qeyd edim ki, ümumiyyətlə, öyrətmə proseslərindəki ardıcıllıq belədir: nəyi (məzmun), nə üçün (məqsəd) və necə (metodika) öyrənməli. Lakin ilk növbədə aparıcı ali-pedaqoji universitet başda olmaqla, digər pedaqoji təhsil ocaqları 21-ci əsr elminin məzmununu aşkarlayaraq üzə çıxarmağa təşəbbüs göstərmirlər. Göstərilən ardıcllıqda çaşqınlıq mövcuddur. Onu kafedralararası və fakültələrarası elmi seminarlarda müzakirə etmək, elmi və metodiki dəqiqləşmələr aparmaq, Təhsil Nazirliyinə təkliflər vermək əvəzinə, rektor Cəfər Cəfərov universiteti dedi-qodu, mübarizə meydanına çevirərək, insanları kütəvi şəkildə çölə atır. İnsanların əsəbləri ilə oynayır, aspirantların, dissertantların diplom işləri, bakalavr səviyyəsində oxuyan tələbələrin sərbəst işləri, müəllimlərin elmi hesabat işləri demək olar ki, müasir 21-ci əsr elmi ilə səsləşmir. Çox vaxt lazım olmayan səviyyəsiz məqalələr şəklində nəşr olunur. Rektor isə deyir ki, “təhsil islahatı aparıram”.

Rektorun bu əməlləri nazirliyin, onun struktur və şöbə müdirlərinin gözü qarşısında baş verir. Onun nəticəsidir ki, universitet əməkdaşlarının xarici ölkələrdə, o cümlədən Avropada məqalə nəşr etdirmələri problemə çevrilir. Bəzən həmin məqalələr müasir elmi dildə olmur. Yaxud yeni metodologiyaların tələbinə cavab vermir. Odur ki, bu sahədə dünya elminin təcrübəsi, səviyyəsi və yeni metodologiyalar haqqında işçiləri müntəzəm təlimatlandırmaq zərurəti əmələ gəlir.


- Rektorun “Fizika və texnologiya” fakültəsi əməkdaşları ilə ilk görüşü Sizdə hansı təəssurat yaratdı?


- Bu görüşdə məndə yaranan ilk təəssürat qeyri-qənaətbəxş oldu. Onun bu görüşdə səsləndirdiyi 3 fikri diqqətinizə çatdırım. Rektorun ilk sözü bu oldu ki, “fizika elmi xeyir gətirmirsə, o kimə lazımdır”? Onu deməliyəm ki, rektorun belə bir çıxışı məni ancaq və ancaq təəssüfləndirdi. O, bilməli idi ki, fizika başda olmaqla, bütün təbiət elmləri dünyanın təbii elmi mənzərəsini, onun humanitar elmlərlə inteqrasiyası isə dünyanın ümumi mənzərəsini müəyyən edir. Bütün bu elmlərin dialektik əsasında fizika elmi durur. Fizika elmi dünyaya real baxışdır, dünyanın və özünüdərketmənin əsasıdır.

21-ci əsr elm və təhsilində fizikanın əsaslarından xəbərsiz olmaq heç bir təhsil islahatına yol açmır. Məsələn, sosial, iqtisadi və humanitar elmlərdə zamandan asılı olaraq baş verən keyfiyyət dəyişiklikləri fizika qanunlarına əsaslanır. 

İkincisi, rektorun “təbiət elmləri üzrə orta məktəb milli dərsliklərinin yaranmasına və onu yerlı müəlliflərin hazırlamasına ehtiyac yoxdur” deməsi etiraz doğurdu. Hansı ki, bu, həm də siyasi məsələdir. O qeyd edir ki, qabaqcıl ölkələrin nümunəvi dərsliklərini tərcümə etməklə, dərslik tələbatını ödəmək olar. Halbuki ölkəmiz müstəqillik qazandıqdan sonra Təhsil Nazirliyinin ən böyük nailiyyətlərindən biri milli tədris komleksinin, milli proqram və dərsliklərin yaranması olmuşdur. Rektora xatırlatmaq istəyirəm ki, insanın formalaşmasında öz ölkəsinin təbiəti və cəmiyyəti müstəsna rol oynayır.

Üçüncüsü, “gəmi batarkən ilk növbədə gəmidə olan artıq yükləri atmaq lazımdır” fikridir. Sonradan məlum oldu ki, rektor “artıq yük” dedikdə, vaxtilə xarici ölkələrdə məktəb keçmiş elmlər doktorları və professorları nəzərdə tuturmuş. Ölkəmizin və Pedaqoji Universitetin “qızıl fondu”nu təşkil edən belə alimləri universitetdən hər cür vasitələrlə uzaqlaşdırmağı düşünürmüş. Beləliklə də, Cəfər Cəfərov savadlıları uzaqlaşdırmaqla ADPU-ya savadsızlar ordusunu yığır. O, bununla “yeni təhsil islahatları” həyata keçirmiş olur.


- Sizin də sözlərinizdən belə aydın olur ki, ADPU-da müəllimlərə qarşı haqsızlıq edilir, onlar qanunsuz olaraq işdən azad edilir. Ümumiyyətlə, müəllim Sizin üçün kimdir: onu necə görür və qəbul edirsiniz?


- Mən “müəllim kimdir” sualına yenə də görkəmli Amerika təhsilşünası Çeykvinin “hazırkı pedaqoqların (müəllimin) əsas vəzifəsi nədir” sualına verdiyi cavabla başlamaq istəyirəm. O deyir: “Müəllimin əsas vəzifəsi təlimalanların təlabatını sürətlə dəyişən dünya ilə uzlaşdırmaqdır”.

Elmdə son dövrlər yaranan “androp prinsipi”ndən belə çıxır ki, dünyamız ona görə əmələ gəlmişdir ki, sonradan düşünən, şüurlu və müşahidəçi insan yaratsın. Deyirlər, “üzük qaşı ilə tanınar”. Klassik filosoflar isə insanı balaca günəş adlandırmışlar. Hər iki günəşin amalları eynidir. Hər iksi yanır, alovlanır, dünyaya işıq saçır, gözlərə nur, aləmə hərarət və həyat verir. Elə bil ki, bu kəlamlar insanların, o cümlədən də müəllimlərin adına, boyuna-buxununa ölçülüb-biçilmişdir. Mən insanı, insanlığı, müəllimi və müəllimliyi işıq saçan günəş kimi görürəm və belə də qəbul edirəm. Onlar şərəfli və müqəddəs insanlardır. Belə insanları qorumaq, qayğısına qalmaq, onları daima görmək və gözləmək lazımdır. Yaxşı demişlər: “Görmək hara baxmaqdan asılıdır”. Görmək istəməyəndə fərq etməz, hara baxırsan bax, necə ki, ADPU      -nun rektoru Cəfər Cəfərov baxır. Bu barədə bir neçə dəlillərə müraciət etməli olacağam:

Rektor 2016-cı ilin 8 sentyabr və 8 oktyabr tarixdlərində “Azərbaycan müəllimi" və “Xalq” qəzetlərində iki böyük məqalə ilə çıxış etmiş və mənim haqqımda çox yaxşı xoş sözlər işlətmişdir. Onları olduğu kimi xatırladıram: “Pedoqoji universitet Azərbaycanda elmin və təhsilin inkişafında dəyərli töhfələr verən tanınmış alimlər yetirmişdir, fəaliyyəti ərzində elmi mərkəz kimi formalaşıb, inkişaf etmişdir. Bu ali təhsil müəssisəsində Fizika sahəsində A.Q.Abbaszadə, S.M.İmanov, M.U.Murquzov kimi alimlər tərəfindən məktəblər və istiqamətlər yaradılmış və inkişaf etdirilmişdir”. Sual verirəm, necə oldu ki, sizin bu “tərifnamənizdən” heç bir ay da keçməmiş fizika-riyaziyyat elmləri doktoru, əməkdar müəllim, şöhrət ordenli, professor Mirzəli Murquzovu “Fizika və texnologiya” fakültəsinin dekanı vəzifəsindən, üstəlik də seçki sənədlərini saxtalaşdıraraq, azad etdiniz? Bu fakültədə kifayət qədər nüfuza malik olan 30-dan çox professor və dossenti görə bilmədiniz, dekanı qanunsuz olaraq kənardan əmrlə gətirdiniz. Mən fəxr edirəm ki, uzun müddət pedaqoji universitetdə kafedra müdiri və dekan işləmişəm, respublikamız üçün kifayət qədər yüksək ixtisaslı müəllim kadrlarının hazırlanmasında az-çox əməyim olmuşdur. Hazırda ADPU pedaqoji universitet statusunu itirmək təhlükəsi ilə üzləşmişdir.

Mən yuxarıda müəllimi günəşə bənzətdim. Günəşin insanlara işıq, hərarət və həyat vermək keyfiyyətləri ilə yanaşı, böyük təbiət hadisələri olaraq böhran hala çatmaq, müsbət əks-əlaqə effekti yaratmaqla (lazer) yandırmaq və külə çevirmək keyfiyyətləri də vardır. Bunları nəzərə alaraq insanlara qarşı haqqı və ədaləti görməyə çalışın.

Dəfələrlə Təhsil Nazirliyinin mövcud təlimatlarına məhəl qoyulmamış, özlərindən uydurma “qanunlar”, “qaydalar” kəşf edirlər. Belə bir mühitdə təhsil ocağında real təhsil islahatlarının aparılması qəti mümkünsüzdür.

Amerikada, Avropada aparılan təhsil islahatlarının abu-havası hələ qocaman Dövlət Pedaqoji Universitetinə gəlib çatmamışdır.


-ADPU-da müəllim kollektivinə münasibət necədir?


- Yaxşı vəziyyətdə deyil. Yaşlı nəslin nümayəndələrinə elə münasibət göstərilir ki, onlar yaşlı nəslin nümayəndəsi olmaqdan qürur duymaq əvəzinə, daha çox xəcalət hissi keçirirlər. Universitetdə elə mühit yaranmışdır ki, ilk növbədə müxtəlif bəhanələrlə yaşlı nəslin nümayəndələrini yola salmağa çalışırlar. Onları aşağılayırlar, incidirlər... Halbuki onlar universitetin “qızıl fondu”dur. Onların özünəməxsus üstünlükləri var. Şekspirin Hamlet əsərində qəbirqzandan soruşanda ki, “insan kəlləsi nə qədər torpaqda qalır, çürümür”, o cavab verir ki, “əgər cavanlığında çürüməyibsə, torpaq altında uzun müddət qalır”. Bəli, bu da həqiqətdir ki, cavan və qoca söhbəti nisbidir. Filosoflardan biri yaxşı demişdir: “Çox yaşayasan, lakin qocalmayasan”. Müasir dövr üçün bu məsələ çox aktualdır. Ona görə ki, əgər insan xəstə deyilsə, yaşlı olması hələ onun qocalığına, əldən düşməsinə dəlalət etmir. Onu belə qiymətləndirmək ədalətsizlikdir. Onlara fərdi yanaşmaq lazım gəlir. Bu əlamət insan orqanizminin irsi və fizioloji durumu ilə bağlı olan məsələdir. Digər tərəfdən, dövlətimiz işə yaş həddi qoymamışdır.

İkincisi, yaşlanmaq özlüyündə zəngin həyat təcrübəsi keçmək, böyük elmi və təcrübi vərdişlər toplamaq deməkdir. Xüsusilə bu keyfiyyət müəllim və həkim sənətinə yiyələnmiş mütəxəssislər üçün olduqca zəruri, əhəmiyyətli və faydalıdır.

Üçüncüsü, təsadüfi deyildir ki, son zamanlar yaşlanmaqla qocalma arasında interval xeyl genişlənmişdir. Ona görə də bir çox ölkələrdə, o cümlədən bizdə yaşa görə təqaüdə çıxanların yaş həddi artırılır.

Dördüncüsü, mərhəmət baxımından yaşlanan qoca insanlar xüsusi qayğı və diqqətlə əhatə olunmalı, onların mövcud olan enerji və imkanlarından faydalanmaq üçün hər cür şərait yaratmaq lazımdır.

Bizim universitetin insan resursları şöbəsinin müdiri (keçmiş – red.) Aftandil Bayramovdan bir nəfər xahiş edir ki, “mən əmrlə yox, qanunun imkan verdiyi 5 illiyə seçilmək istəyirəm”. O cavab vermişdir ki, “sən hardan bilirsən ki, 5 il yaşayacaqsan”? Belə sözlər bizim universitet üçün xarakterikdir, əlavə izahata ehtiyac yoxdur.

Maraqlı burasındadır ki, Cəfər Cəfərov yaşlı nəslin nümayəndələri ilə yanaşı, istedadlı cavanları da çıxarıb, onların yerinə öz savadsız adamlarını gətirir. Universitetin intellekt fonduna böyük zərbə vurulur. Onun hücumu tək-tək əməkdaşlara yox, bütövlükdə bütün kollektivədir. Onun hansı meyarla işlədiyini başa düşmək müşkül işdir./Muxalifet.az

(Ardı var)
 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi