Çingiz Qənizadə: "Azərbaycan Cənubi Qafqazda söz sahibidir"

Çingiz Qənizadə: "Azərbaycan Cənubi Qafqazda söz sahibidir" 

Bir neçə gün əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi respublikamızın Cənubi Qafqazda söz sahibi və lider dövlət olmasından xəbər verir.

 Çunki Şarl Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasını məhz dövlət başçımızla müzakirə edib, onunla məsləhətləşib. Bundan əvvəl Şarl Mişelin təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə keçirilən üçtərəfli görüşdə də Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələləri müzakirə olunmuşdu.

Faktinfo.az xəbər verir ki,bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə AZƏRTAC-a açıqlamasında söyləyib.


Komitə sədri bildirib ki, Brüssel görüşündə razılaşdırılan məsələlər Azərbaycanın Ermənistana təqdim etdiyi 5 baza prinsipinə əsasən hazırlanmışdı. Azərbaycanın təqdim etdiyi 5 baza prinsipi sivil dövlətlərarası qonşuluq münasibətlərinin formalaşmasına və əməkdaşlıq mühitinin genişlənməsinə xidmət edir və BMT Nizamnaməsinə, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Ermənistanın təqdim olunan 5 baza prinsipini qəbul etməkdən başqa ayrı yolu yox idi. Çünki gündən-günə tənəzzülə uğrayan bu ölkə dəmir və avtomobil yollarının, eləcə də, kommunikasiya xətlərinin bərpasından, o cümlədən Zəngəzur dəhlizinin açılmasından sonra qismən də olsa, özünə gələ bilər: “Avropalı diplomat da kommunikasiyaların açılmasını dəstəklədi və bunun ölkələrarası etimad mühitinin formalaşmasında və yenidəqurma, bərpa-quruculuq işlərində, o cümlədən işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənmə işlərində Avropa İttifaqının dəstək verməyə hazır olduğunu bildirdi. Bununla yanaşı, üçtərəfli görüşdə iki ölkə arasında kommunikasiyaların yenidən bərpası üçün iqtisadi məşvərət şurası mexanizminin yaradılması təsdiq olundu”.


Hüquq müdafiəçisi deyib ki, üçtərəfli görüşlərdə, ümumiyyətlə, Şarl Mişelin təşəbbüsü ilə keçirilən tədbirlərdə heç vaxt Dağlıq Qarabağın adı çəkilməyib və ATƏT-in Minsk qrupundan söhbət açılmayıb. Avropa İttifaqı və bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və üçtərəfli görüş təşəbbüslərini irəli sürən tərəflər bundan sonra ancaq regionda sülh və sabitliyin təmin olunmasına töhfə vermək istəyirlər. Həm də Minsk qrupunun bundan sonra fəaliyyətinə ehtiyac qalmadığını nümayiş etdirirlər.


Ç.Qənizadə vurğulayıb ki, üçtərəfli görüşlərdə də Şarl Mişelin regionda davamlı sülhün və əməkdaşlığın yaranmasına töhfə verməyə hazır olduğunu ifadə etməsi Avropa İttifaqının postmüharibə dövründə Cənubi Qafqazda yaranmış yeni reallığı qəbul etdiyinin və məsələlərin həllinə ədalətli yanaşmasının göstəricisidir: “Bir daha xatırladım ki, 44 günlük müharibədə Azərbaycanın qazandığı parlaq Qələbədən sonra regionda yeni reallıq yaranıb. Artıq dünya birliyi də bu reallığı qəbul edir. Bir neçə gün əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə zəng etməsi bu reallığın qəbul edilməsinin bariz nümunəsidir”.


Ş.Mişel rəhbərlik etdiyi təşkilatın bundan sonra da Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib.


Ç.Qənizadə telefon danışığı zamanı dövlət başçımızın da fikirlərini xatırladıb: “Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu ifadə edib. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın üzləşdiyi genişmiqyaslı mina problemini qeyd edib və birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən itkin düşmüş hesab olunan 4 min nəfərə yaxın azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi