“Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfrans keçirilib
Qərbi Kaspi Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfrans təşkil olunub.
Faktinfo.az-a verilən məlumata görə,Universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseynqulu Bağırov ulu öndərin Azərbaycan tarixindəki əvəzsiz rolunu, dövlətimizin qurulması və möhkəmlənməsindəki xidmətlərini, eləcə də ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini qeyd edib. H.Bağırov konfransın həsr olunduğu sahənin problemlərinin dünyanın nüfuzlu tədqiqatçılarının iştirakı ilə müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.
Universitetin rektoru, professor Andris Leitas qeyd edib ki, dünyadakı bütün dağlıq ərazilərə sərhədsiz qaynaqların istismarı və hazırda da inkişaf edən turizm sektoru təsir edir. Bu inkişaf bioloji müxtəlifliyə və dağların populyasiyalarına təzyiq göstərir. Konfransın məqsədi bu problemləri həll etmək üçün yeni və yaradıcı həll yollarını tapmaq məqsədilə alimlər, ekoloqlar, bioloqlar, turizm mütəxəssisləri və digər bu problemin həlli ilə maraqlanan mütəxəssislərin müzakirələrini təşkil etməkdir.
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi Qulam İsakzai, AMEA-nın Coğrafiya İnstitunun direktoru professor Ramiz Məmmədov, Böyük Britaniyanın Kral Coğrafiya Cəmiyyətinin üzvü, Beynəlxalq Dağçılıq və Alpinizm Federassiyasının Dağların mühafizəsi Komissiyasının vitse-prezidenti Maykl Maunsel, Beynəlxalq Dağçılıq və Alpinizm Federassiyasının Dağların mühafizəsi Komissiyasının üzvü, Birinci Albert Dağçılıq İdarə Heyətinin üzvü Lode Bekers , BMT Qida və Kənd təsərrüfatı təşkilatı nəzdində Dağ tərəfdaşlığı katibliyinin proqram rəhbəri Rozalauro Romeo, “Zukov” ətraf mühitin müdafiəsi Fondunun təsisçisi Mixael Zukovun çıxışlarında dağ landşaftlarının xüsusiyyətləri, məskunlaşmanın vəziyyəti, dünyanın müxtəlif ölkələrində bu sahədəki problemlər, perspektivlər, dağlıq ərazilərdə infrastruktura, təhsil və müxtəlif xidmətlərə çıxış imkanlarının təmin olunmasının vacibliyi məsələləri, dağların mühafizəsi sahəsində həyata keçirilən layihələr və s. müzakirə olunub. Daha sonra suallar cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
Konfrans işini bu gün və sabah sessiyalarda davam etdirir.
Qeyd edək ki, konfransda dünyanın 40-dək ölkəsindən xarici tədqiqatçılar, eləcə də yerli mütəxəssislər iştirak edirlər. Konfrans “Dağ ekosistemləri, ekoloji və bioloji müxtəliflik”, “Dağ landaşftları”, “Dağ Mədəniyyətləri”, “Dağ turizmi və Rekreasiya” sessiyaları üzrə keçirilir.
Bu xəbər üçün şərh yazın