Daşnaksütyun partiyasının Gürcüstandakı terror fəaliyyəti

Daşnaksütyun partiyasının Gürcüstandakı terror fəaliyyəti 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi Kamal Salayev Faktinfo.az-a növbəti araşdırma yazısını göndərib. Məqalə Daşnaksütyun partiyasının Gürcüstandakı terror fəaliyyətindən bəhs olunur.

Faktinfo.az məqaləni təqdim edir.

XIX əsrin sonunda erməni millətçiləri Tiflisdə “Daşnaksütyun” partiyasını yaratdılar. 1890-cı ildə Tiflisdə yaradılan və erməni millətçilərinin ən aparıcı təşkilatlarından hesab olunan “Daşnaksütyun” erməni federativ inqilab partiyasının əsas məqsədi [1] – Azərbaycanın Qarabağ və Naxçıvan, eləcə də Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” dövlətini qurmaqdan ibarət olmuşdur. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən “Daşnaksütyun” partiyası, türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra “Daşnaksütyun” partiyası, “türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!” əmrini vermişdir.

“Daşnaksütyun” partiyasının təsisçiləri Xristofor Mikaelyan, Simon Zavaryan və Rostom Zoryan olmuşlar. Əvvəllər partiya, eyni məqsədi daşıyan bir çox tələbə və döyüş qruplarının arasında əlaqələndirici orqan rolunu oynamışdır. Sonralar isə Tiflisdə “Daşnaksütyun” partiyasının əsas mətbu orqanları [2] – “Kentron” (“Mərkəz”) və “Droşak” (“Bayraq”) yaradıldı. Gürcüstanın paytaxtında qəbul edilən qərarlar təşkilatın manifestində öz əksini tapdı. “Daşnaksütyun” partiyasının 1890-cı ilin sentyabrında dərc olunmuş manifestində belə qeyd olunur: “erməni inqilabçıları ittifaqının yalnız indi vahid təşkilat kimi çıxış etməsinə baxmayaraq, bu ittifaq, erməni xalqının arzularını bölüşən və çoxdan fəaliyyətdə olan qrupların ittifaqıdır. Daşnaksütyun partiyasının məqsədi, “Qərbi Ermənistanın siyasi və iqtisadi azadlığına nail olmaq” üçün bütün qüvvələri birləşdirməkdir”. Daha sonra “Daşnaksütyun” partiyasının 1898-ci ildə keçirilən ikinci ümumi yığıncağında [3], partiya strukturunun desentralizasiya prinsipini əsaslandıran nizamnamə işlənib hazırlanmış, partiyanın minimal vahidi təşviqat və təbliğatla məşğul olan 7-10 nəfərdən ibarət dərnəklərdən ibarət olmuşdur.

İrəvan dövlət universitetinin Tarix fakultəsinin dekanı Edik Minasyan [4] qeyd edir ki, guya “erməni əhalisinin məhv edilməsinə dair plan, uzun müddət gənc türklər tərəfindən hazırlanmışdır”. Aydın məsələdir ki, saxtakar tarixçi Minasyan, belə bir iddia ilə heç bir tarixi əsası olmayan “erməni soyqırımı”na bəraət qazandırmağa çalışır. Lakin bu gün hamıya, o cümlədən ermənilərə də məlumdur ki, məhz “Daşnaksütyun”un terror fəaliyyəti nəticəsində günahsız müsəlmanlar qətlə yetirilmişlər. Bu baxımdan qeyd etmək lazımdır ki, məhz “Daşnaksütyun”un 1919-cu ilin oktyabrındakı IX qurultayında, müsəlmanlara qarşı terror aksiyasının [5] - “Nemezis” əməliyyatının həyata keçirilməsi qərara alınmışdı. “Nemezis” əməliyyatı üçün Ermənistanın ABŞ-dakı elçisi Armen Qaronun [6] rəhbərliyi ilə məsul büro, həmçinin Şaan Satçaklyanın rəhbərliyi ilə xüsusi fond yaradılmışdı. Əməliyyatın və əməliyyat rəhbərliyinin maddi təminatını Şaan Natali və Qriqor Mercanov öz üzərlərinə götürmüşdülər. İttiham olunan şəxslərin haqqında məlumat toplamağı isə Qraç Papazyanın bir qrupu həyata keçirmişdi. Armen Qaronun [5] rəhbərlik etdiyi “Nemezis”in siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər dövlət xadiminin və ziyalısının adları salınmışdı. Həmin dövrdə Türkiyə və Azərbaycanın dövlət xadimləri və ziyalıları “Daşnaksütyun” partiyasının “Nemezis” terror əməliyyatının hədəfinə çevrilmişdilər. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3-5 nəfərlik terrorçu qrupların məqsədi, adları siyahıda olan şəxsləri axtarıb taparaq qətlə yetirmək idi.

1920-ci ilin iyunun 19-da, “Daşnaksütyun” partiyasının üvzləri [7] Aram Erkayan və Misak Qriqoryan tərəfindən, Azərbaycan Demokratik Respublikasının qurucularından olan dövrün görkəmli ictimai və siyasi xadimi Fətəli xan Xoyski kürəyindən güllə ilə qətlə yetirildi. Hadisə Rustaveli prospektində baş vermiş, onun yanında olan Xəlil bəy Xasməmmədov isə yaralanmışdı. Fətəli xan Xoyski “Bakıda erməni əhalisinə qarşı soyqırım”ın təşkilində günahlandırılmış və “Daşnaksütyun”un qurultayında təsdiqlənən 41 nəfərin siyahısında ilk qurban olmuşdur. Bu faciəli hadisədən bir ay sonra isə həmin millətçi partiyanın üzvləri [8] tərəfindən daha bir azərbaycanlı ictimai xadim, həkim, jurnalist və Azərbaycan Demokratik Respublikasının Parlamentinin sədr müavini Həsən bəy Ağayev qətlə yetirildi.

Daşnaklar “Nemezis” əməliyyatını davam etdirərək, 1920-ci ildə Tiflis şəhərində Azərbaycan Demokratik Respublikasının Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylini [5], 1921-ci ilin martın 15-də Berlində Osmanlı imperiyasının Daxili işlər naziri Tələt paşanı qətlə yetirdilər. 1921-ci ilin iyulun 19-da Azərbaycan Demokratik Respublikasının Daxili işlər naziri Behbud xan Cavanşir, Türkiyənin İstanbul şəhərində “Daşnaksütyun” partiyasının üzvü Misak Torlakyan tərəfindən qətlə yetirildi. 1922-ci ilin iyulun 25-də Osmanlı imperiyasının keçmiş hərbi dəniz qüvvələri naziri, Osmanlı ordusunun Suriyadakı 4-cü ordusunun baş komandanı Camal paşa və onun müavini, erməni terrorçuları Petros Ter-Poqosyan və Artaşes Gevorkyan tərəfindən qətlə yetirildilər. 1922-ci ilin avqustun 4-də Osmanlı imperiyasının Hərbi naziri Ənvər paşa, Əfqanıstan yaxınlığında ermənilər tərəfindən qətlə yetirildi.

Qeyd etmək lazımdır ki, ermənilərin əsas məqsədi, “erməni xalqına qarşı törədilən soyqırım”ın qisasını almaq bəhanəsi altında əslində “Böyük Ermənistan” dövlətini yaratmaq olmuşdur. Öz məqsədlərindən ötrü saysız-hesabsız cinayətlər törədən erməni terrorçuları, günahsız insanları qətlə yetirmiş, misli görünməmiş vəhşiliklər törətmişlər.

Ədəbiyyat siyahısı:

1. Erməni terrorizmi http://www.dtx.gov.az/news405.php

2. Партия Дашнакцутюн /24.03.2017/ http://www.all-armenia.com/stati/istoriya/partiya-dashnakczuczyun.html

3. Манукян Сурен Альбертович. Пропагандистская деятелъностъ партии Дашнакцутюн на Дону https://cyberleninka.ru/article/n/propagandistskaya-deyatelnost-partii-dashnaktsutyun-na-donu/viewer

4. Армянская "Ярхушта" на месте убийства Талаата-паши /31.03.2016/ https://ru.armeniasputnik.am/armenia/20160331/2667488.html

5. Erməni terrorçularının törətdiyi cinayətlərin bir hissəsinin qısa xronikası http://www.xocavend-ih.gov.az/page/62.html

6. Операция "Немезис" /23.04.2013/ http://planetaarmenia.ru/content/show/14795-operaciya-nemezis/

7. Выстрелы в спину: за что убили основателя Азербайджана /19.06.2020/ https://ednews.net/ru/news/interesting/432564-vistreli-v-spinu-za-tchto-ubili-osnovatelya-azerbaydjana

8. 100 лет со дня убийства в Тбилиси Фатали Хана Хойского /24.06.2020/ https://report.ge/ru/society/100-let-so-dnya-ubiystva-v-tbilisi-fatali-hana-hoyskogo/

Daşnaksütyun partiyasının Gürcüstandakı terror fəaliyyəti
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi