Deputat aclığı dayandırması üçün Tofiq Yaqubluya çağırış etdi
Milli Şuranın (MŞ) Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsində ona hökm oxunan gün aclıq aksiyasına başladığını açıqlayıb.
O, sentyabrın 5-də telefonla ailəsi ilə əlaqə saxlarkən də aclıq aksiyasını davam etdirdiyini açıqlayıb.
Siyasətçinin hazırkı durumu ilə bağlı, hələlik, Penitensiar Xidmətlə danışmaq mümkün olmayıb.
Deputat Sabir Rüstəmxanlı isə "Turan" agentliyinə deyib ki, T.Yaqublu Azərbaycanın azadlığı yolunda mübarizə aparan, Qarabağ uğurunda vuruşan, vətəni qoruyan şəxslərdəndir:
"Hər halda T.Yaqublu Qarabağ qazisidir. Bəlli bir tərcümeyi-halı, keçdiyi yol var. Ona görə, məişətdə hər hansı qəza hadisəsi ilə bağlı belə adamların həbsini qətiyyətlə pisləyirəm və bunu qəbul etmirəm. Nə baş verib, axı? Həbsxanaları niyə doldururuq? Dünyada qəbul olunan qaydalar var. Cərimə ilə keçinmək olardı. Maddi tərəfdən qarşılığı ödənilə bilərdi. Bununla məsələ bağlanardı. Belə adamları hər xırda hadisəyə görə həbsxanalara doldurmaq metod və üsulu, ümumiyyətlə, qəbul etmirəm".
Deputat həbsə etiraz olaraq T.Yaqublunun aclıq aksiyası keçirməsini haqlı saysa da, səhhətinə ziyan vura biləcəyindən onun dayandırılmasını istəyir. S.Rüstəmxanlının vurğulamasına görə, çox istərdi ki, hakimiyyət orqanları T.Yaqublunun həbsi ilə bağlı məhkəmənin qəbul etdiyi qərara yenidən baxsın: "Belə məsələdə cəmiyyətin rəyi də, ictimaiyyətin fikri də nəzərə alınmalıdır".
Bu xəbər üçün şərh yazın