Dərslikləri heç alimlər başa düşmür -Şagirdlərə bakalavr, magistr pilləsində dərs keçilir-– Eskpertdən SOS
Hazırda orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş dərs vəsaitləri və kitabları qavramaq, dərk etmək 6-17 yaşında olan insanın beyninə görə deyil.
İstifadə olunan kitabların proqramlaşdırılmasından belə məntiq çıxır ki, ilin sonunda məzun olmuş hər şagirdin elmi dərəcəsi olmalıdır. Çünki onlar demək olar ki, bakalavr, magistr pilləsində keçrilən eyni mövzuları mənimsəyirlər.
Faktinfo.az xəbər verir ki,bu sözləri Axar.az-a təhsil eksperi Kamran Əsədov məktəb dərslikləri, onların çətinliyi barədə danışarkən deyib.
Tədris proqramının kifayət qədər ağır olmasından danışan ekspert bidirib ki, illər ötsə də, dərsliklərin yüngülləşdirilməsi ilə bağlı heç bir iş görülmür:
“Apardığımız araşdırmalar göstərir ki, son illər ərzində Azərbaycanda dərsliklərin çəkisi, məzmunu ağırlaşdırılıb. Onlar şagirdlərin yaş xüsusiyyətlərinə və psixologiyalarına uyğun deyil. Bu gün dərsliklər şagirdlər üçün yox, müəllimlər üçün yazılır. Çünki bu kitabları müəllimlər özü güclə qavrayıb başa düşür, o ki qaldı şagirdlər!
Düşünürəm ki, dərslik siyasətinə uyğun olaraq, məktəbin 3 istiqaməti ola bilər - pedaqoji, siyasi və müasir. Əgər məktəbin qarşısına qoyulan vəzifə bir qədər savadlı, kifayət qədər sözəbaxan, sosial baxımdan qeyri-aktiv şagird hazırlamaqdırsa, onda dərsliklər Sovet dövründəki kimi olmalıdır. Orada yalnız vahid düzgün ideya, fikir olmalı, artıq-əskik mətnlərə yer verilməməli, hər şey ölçülü-biçili və "bir udumluq" olmalıdır. Birmənalı suallara birmənalı cavablar və s. Ancaq əgər biz müasir məktəbdən danışırıqsa, o zaman dərslik bu gün tamam başqa funksiyaları daşımalıdır. Ən müxtəlif informasiya texnologiyaları ortaya çıxıb. İnformasiya texnologiyalarına istinad etmədən hazırlanan dərsliklər səssiz filmlər kimidir. Görüntü var, amma bir dənə səs, söz yoxdur. Tədris yönümündən baxanda isə burada peşəkar ekspertlərə ehtiyac var”.
K.Əsədov bildirib ki, dərslikləri hazırlayanlar kitabı nə isə öyrətmək üçün tətbiq etmirlər, səhifələrin dolmasına xidmət edirlər:
“Məktəb dərslikləini hazırlayanlar düşünmür ki, kitabda nə artıqdır, nə əskikdir. Dərsliyə səhifələrin sayına görə yanaşırlar. “Səhifələr bitdi, işimiz də bitdi”. Səhifələri doldurmaq üçün proqram hazırlayırlar. Azərbaycan məktəbində ibtidai sinifdə şagird müəllimin köməyi olmadan dərslikdən heç nə anlaya bilmir, heç bir şagird müəllimin, valideyninin köməyi olmadan müstəqil bir tapşırıq edə bilmir. Çünki dərsliklər kifayət qədər ağırdır.
İbtidai siniflərində istifadə olunan kitablar dərslik deyil, əzab mənbəyidir. Dərslik şagird üçün hazırlanmış olsaydı, onun siması 180 dərəcə dəyişərdi. Avropa dərsliklərinə fikir verin. Qalın, ancaq maraqlı, cürbəcür və şəkilli. Qalın olması da məhz şəkilli olmasına görədir. Əlavə mətnlər, şəkillər, yaradıcı tapşırıqlar. Müəllim bunların 100-də 10-nu istifadə edə bilər. Bu dərsliklərdə qələmlə yazmaq da mümkündür. Bilirsiz, dərslik fikir laboratoriyasıdır. Tapşırıqlarda əlavə göstərişlər olmalıdır. Şagirdə seçim imkanı verilməlidir. O zaman şagird riyaziyyatı yox, riyaziyyatın köməyi ilə həyatı öyrənəcək”.
Dünya təcrübəsindən misal çəkən K.Əsədov bildirib ki, yuxarı sinif dərsliklərində şagirdlərin diqqətini çəkəcək heç bir nüans yoxdur. Kitablar şəkilsiz, uzun və maraqsız mətnlərlə doludur:
“Orta məktəblər üçün dərslik, tədris proqramları hazırlanarkən uşaqların psixoloji durumu, qavrama qabiliyyəti nəzərə alınmalıdır. Dərslikləri çoxyönlü ekspertlər işləməlidir. Dərslik auditoriyaya hesablanmalıdır; hansı şagirdə təqdim ediləcək, şagirdin parta arxasında əyləşmək səbri ölçülməlidir. Bunun üçün də dərslik hazırlanması prosesində uşaq psixoloqları, sosioloqlar da iştirak etməlidir.
İnkişaf etmiş ölkələrin orta məktəblərində bizdən fərqli olaraq, yuxarı siniflərin dərslikləri də şəkillidir. Alimlər artıq çoxdan təsdiq edib ki, yazılı mətnlə görüntü arasında kəskin fərq var. Görüntü ilə biliyin mənimsənilməsi faizi yazı və oxudan xeyli artıqdır - 70 faizdir. Bizdə isə şagirdlərə hələ də "bu mətni oxuyun, əzbərləyin" tapşırıqları verilir. Dərslikdə mücərrəd ifadələr olmamalıdır. O fikri ki sadə cümlə ilə ifadə etmək olar, bizim dərslik müəllifləri ən çətin ifadələr işlədir”.
K.Əsədov bildirib ki, dərslik məktəbliyə hər şey barədə ibtidai məlumat verməlidir. Xüsusilə əsas elmlərdən başqa, köməkçi elmlər öyrənilən zaman ümumi məlumatlar verilməlidir:
“Dərslik uşağı professor etməli deyil. Şagirdin beyni də buna hazır deyil heç. Biologiya, kimya, fizika, coğrafiya və sair fənlər haqqında ümumi məlumat verilməsi kifayət edir. Bizim bu dərsliklərimiz də kifayət qədər sanballıdır. Yəni hər şey haqqında məlumat dolğundur. Ancaq hesab edirəm ki, buna ehtiyac yoxdur. Dolğun dərsliklər ali məktəblərdə olmalıdır. Yəni kimyanı, fizikanı, coğrafiyanı məktəb şagirdə səthi, ümumi anlayış üçün öyrətməlidir. Daha dərinlikləri isə bu ixtisasa yiyələnmək istəyənlər ali məktəbdə öyrənməlidir.
Dərsliyi yazan professor fikirləşməlidir ki, bunu professorlar oxumayacaq, uşaqlar oxuyacaq. Məncə, orta məktəb dərsliklərinin hazırlanmasında gənc nəslə üstünlük verilməlidir. Gənclər uşaqlıq dövrünə daha yaxın məsafədədirlər. Bir var, ibtidai sinif dərsliyini 60-70 yaşlı professor yazsın, bir də var 35-40 yaşında məktəb müəllimi. Dərsliklərin hazırlanmasında məktəblə bağlı insanlar mütləq iştirak etməlidir”.
Bu xəbər üçün şərh yazın