Eldar Əzizov Abutalıbovun "sağ əl"indən xilas ola biləcəkmi?- Kiçik məmurun böyük imperiyası
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti adlı qurum uzun müddətdir ki, ölkə mətbuatının gündəmindən düşmür.
Adı çəkilən qurumu daim gündəmə gətirən iki şəxs var. Bunlar Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevlə müavini Vidadi Əliyevdir.
“Google” axtarış sistemində Rəfail Mehralıyevlə Vidadi Əliyevin adlarını yazsanız, qarşınıza yüzlərlə qalmaqallı məlumatlar çıxacaq.
Yenicag.az-a Bakı şəhər İcra Hakimiyyətindən daxil olan məlumata görə, hazırda mer vəzifəsini icra edən Eldar Əzizov Vidadi Əliyev və ətrafından qurtulmaq qərarına gəlib.
Məsələ ilə bağlı Yenicag.az-ı bilgiləndirən etibarlı mənbə iddia edir ki, Eldar Əzizov Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentində yoxlama aparılması haqda qərar verib. Mənbə bildirir ki, bu yoxlama Rəfail Mehralıyevlə Vidadi Əliyevi vəzifələrini itirmələri ilə bərabər dəmir barmaqlıqlar arasına belə apara bilər.
Bakı şəhər İcra Hakimiyyətindən saytımıza daxil olan məlumatda vurğulanır ki, Vidadi Əliyev sabiq paytaxt meri Hacıbala Abutalıbovun ən yaxın adamlarından biri olub. Hal-hazırda da Vidadi Əliyev meriyada baş verən proseslərlə bağlı Hacıbala müəllimi operativ surətdə məlumatlandırmaqda davam edir. Hətta Vidadi Əliyev tez-tez ən yaxın ətrafı ilə keçirilən məclislərdə Hacıbala Abutalıbovun yenə də güc mərkəzi olduğunu və lazım olarsa, BŞİH-nə belə təzyiq etmək gücündə olduğunu dilə gətirir. Əslində Vidadi Əliyevin bu sözlərini özünə təskinlik verməsi kimi də başa düşmək olar. Çünki mer vəzifəsini icra edən Eldar Əzizovun Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentində illərdən bəri yığılıb qalan korrupsiya faktları, yeyinti və qanunsuzluqları araşdırmaq üçün verdiyi qərar onu ciddi şəkildə narahat edir. Vidadi Əliyevin illərdir “əlinin üstündə əl” olmaması onu arxayın salıb və rəhbərlik etdiyi təşkilatda baş verənlərin nə vaxtsa onun həyatını qaraldacağı düşüncülərindən uzaq tutub. Ancaq artıq deyəsən cavab verməyin zamanı gəlib çatıb.
Məlumata görə, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentində aparılacaq yoxlamalardan da ən çox narahat olacaq iki şəxs var – Departamentin sədri Rəfail Mehralıyev və onun müavini Vidadi Əliyev.
Mənbə bildirir ki, o qədər də böyük vəzifəsi olmayan Vidadi Əliyev sabiq mer Hacıbala Abutalıbovun köməkliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində, o cümlədən Bakının bəzi rayonlarının icra hakimiyyətlərində bir çox “yağlı” idarələrə öz yaxın ətrafını yerləşdirə bilib.
Belə idarələrdən biri Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsidir (ona “Parkomat idarəsi” də deyirlər). Bu idarənin müdiri Vidadi Əliyevin oğlu Coşqun Əliyevdir. Bundan əvvəl isə həmin idarənin rəisi Vidadi Əliyevin “sağ əli” sayılan Təyyar Abdullayev adlı şəxs idi. Vidadi Əliyevin oğlu həmin idarəyə rəis təyin olunandan sonra isə Təyyar Abdullayev Bakı şəhər İH-nin İşıqlandırma İdarəsinin rəisi vəzifəsinə keçirilib.
Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin, Kommunal Xidmətlər Müəssisəsi MMC-nin rəhbəri Hüseynov İlqar Sarı oğlu isə Vidadi Əliyevin doğma xalası oğludur. İlqar Hüseynovun müavini Rüfət Qaraşov isə Rəfail Mehralıyevin yeznəsidir.
Rəsmi əməkhaqqı min manatdan yuxarı olmayan Vidadi Əliyev bu gün Bakı Şəhər İcra Hakimiyyətində ən varlı məmurlardan biri sayılır, çünki bu şəxsə məxsus paytaxtın müxtəlif rayonlarında yerləşən onlarla bahalı obyekt, daşınmaz əmlak mövcuddur. Onun varidatının ümumi dəyəri təxmini bazar qiymətləri ilə hesablandığında on milyonlarla dollar məbləğində dəyərləndirilir.
Mənbəmiz bildirir ki, daşınmaz əmlakdan əlavə, Vidadi Əliyevin və Rafael Mehrəliyevin ortaq biznes şəbəkəsinə yanacaqdoldurma məntəqələri də daxildir (məlumata görə, “Sədərək” ticarət obyektinə gedən yolun üstündəki “Lukoil” yanacaqdoldurma məntəqəsi də BŞİH-in bu iki məmuruna məxsusdur). Vidadi Əliyevin digər şəriki isə Bakı şəhər İcra Hakimiyyətində “tener” kralı kimi tarixə düşən “Məmmədoğulları” şirkətinin rəhbəri Ramazan Mirzəyevdir.
Bundan başqa “qəhrəman”ımızın Bərdə şəhərində onlarla obyekti, yanacaqdoldurma məntəqələri və mal-qara təsərrüfatları, torpaq sahələri mövcuddur. Həmçinin, Vidadi Əliyevin biznes şəbəkəsinin ən gəlirli sahələrindən biri də Bakının Zirə kəndindəki nəhəng istixanadır. Yenicag.az-a daxil olan məlumatda vurğulanır ki, Vidadi Əliyev istixana binzesindən yaxşı gəlir əldə etdiyi üçün bu sahəni daha da genişləndirmək “eşq”inə düşüb. Bunun üçün də Bərdə rayonunda aldığı hektarlarla torpaq sahəsində daha böyük və qiyməti milyonlarla manat dəyərində olan, xarici avadanlıqla təchiz olunmuş müasir tipli istixanalar inşa etdirir.
Yazıda adı çəkilən şəxslərin mövqeyini yayınlamağa hazırıq.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın