Eldar Əzizov əmlakı Qalib Salahzadə tərəfindən zəbt olunan vətəndaşı qəbul etdi: "Həll olunacaq"

Eldar Əzizov əmlakı Qalib Salahzadə tərəfindən zəbt olunan vətəndaşı qəbul etdi: "Həll olunacaq" 

“9 ildir ki, mənim əmlakımı zəbt edən Hacı Qalib Salahzadə Azərbaycan qanunlarını saymır, Konstitusiyamızın tələblərinə məhəl qoymur.

 Bununla bağlı iyulun 9-da Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qəbulunda oldum. Eldar Əzizov mülkiyyət hüququmu təsdiq edən sənədlərə baxdı, mənə qarşı baş verənləri biabırçılıq adlandırdı. Müavini Mübariz müəllimə tapşırdı ki, təcili Bilgəhə getsin, məsələni araşdırsın. Müavinə dedi ki, onun adından Qalibə tapşırsın ki, qapını açsın, mənim torpağıma gedib-gəlməyimə şərait yaradılsın”.

 

Bu sözləri vətəndaş Seymur Quliyev deyib. O, illərdir ki, tapdanan mülkiyyət hüququnun bərpası üçün mübarizə aparır. Bu müddət ərzində Qalib Salahzadə tərəfindən zəbt olunan özəl torpağının geri qaytarılması üçün müxtəlif instansiyalara ardıcıl müraciətlər edib. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2 dəfə torpağın Seymur Quliyevə məxsus olmasını təsdiq edən qərar verib. Bundan başqa Baş Prokurorluq torpaq sahəsinin Seymur Quliyevin sahibliyinə qaytarılması üçün göstəriş verib. S.Quliyev deyir ki, bütün bu məsələləri Eldar Əzizovun diqqətinə çatdırıb. Eldar Əzizovun göstərişinə əsasən Reyestr Xidmətinə sorğu verilib ki, əraziyə gedən yol müəyyən edilsin: “Eldar Əzizov məni dinlədi, dedi ki, məsələ həll olunacaq. Həll edilməsə, Qalib Salahzadə qanunsuzluğu davam etdirsə, məsələni ölkə rəhbərliyinin diqqətinə çatdıracaq. Bu günə qədər gözləyirik. Eldar Əzizovun göstərişlərinə hələ ki, Hacı Qalib əməl etmir”.

 

Seymur Quliyev deyib ki, 2018-ci ilin oktyabrında Baş Prokurorluq eks-deputat Hacı Qalib Salahzadənin qanunsuz olaraq bağladığı yolun açılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısına məktub ünvanlayıb. Məktubda Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi döngə 21, ev 2, ev 1 ünvanlarına və dəniz çimərliyinə gedən yolun açılmasının təmin edilməsi istənilib. O dövrdə məktubun yazılmasına səbəb Bilgəh qəsəbə sakinləri Seymur Quliyev, Nurid Əliyev və 35 vətəndaşın imzası ilə Baş Prokurorluğa ünvanladıqları müraciət olub. Müraciət müəllifləri qeyd edib ki, sabiq deputat Qalib Salahzadə yolu kəsərək dəmir darvaza qoydurub və şlaqbaum quraşdırıb. Yola maneələr qoyub. Vətəndaşlar xahiş ediblər ki, həmin maneələrin götürülməsi üçün əməli tədbirlər görülsün. Məktubda icra müddəti 1 ay göstərilib, lakin  məsələ bu günə qədər həllini tapmayıb.

 

Xatırladaq ki, Qalib Salahzadənin barəsində Daxili İşlər Nazirliyi (DİN) İstintaq İdarəsinin Ağır Cinayətlərin İstintaqı İdarəsində araşdırma aparılıb. Hacı Qalib Salahzadə vətəndaş Seymur Quliyevin 3 və 2 mərtəbəli evlərinin, həyətdəki ağacların, su quyusunun dağıdılması işi üzrə dindirilib. Seymur Quliyevin iş üzrə zərərçəkən kimi tanınması da 2 il əvvəl olub.

 

Seymur Quliyev deyir ki, Qalib Salahzadədən saxta sənədlə bağ torpaq sahəsi satmaqda iştirakçılıq işi üzrə də ifadə alınıb: “Fakt üzrə Cinayət Məcəlləsinin 186-cı - əmlakı qəsdən məhv etmə və ya zədələmə və 188-ci - torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə cinayət işi araşdırıldı. İş üzrə Cinayət Məcəlləsinin 259-cu - qanunsuz ağac kəsmə və 320-ci - rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddələri ilə də araşdırma aparılıb”.

 

Seymur Quliyev deyir ki, Qalib Salahzadə Milli Məclisin deputatı olduğu dövrdə vətəndaş olaraq onun mülkünü zəbt etməklə qanunları saymadığını ortaya qoyub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər