Əli Kərimli ölkə vətəndaşlarına çağırış etdi - FOTO
“Hamınızı COVİD-19-a qarşı peyvənd olunmağa çağırıram. Bəri başdan deyim ki, bəli, özüm 2 doza peyvənd olunmuşam. Özümə rəva görmədiyimi sizə rəva görmərəm”.
Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib.
Ə.Kərimli bildirib ki, hazırda virus ölkədə çox sürətlə yayılır: “İnanın ki, günlük 4 min nəfər yoluxma şişirtmə deyil, əksinə, günlük yoluxma 4 min nəfərdən də xeyli artıqdır. Çoxlu sayda adamın virusa yoluxduğundan özünün belə xəbəri yoxdur. Xeyli adam isə yoluxduğunu bilsə də, test verməyib, rəsmi statistikaya düşməyib, özü bildiyi şəkildə evində müalicə olunur. Təkcə ətrafımıza nəzər salıb, xatırlaya bilərik ki, COVİD-19 neçə nəfər tanıdığımızın həyatına son qoyub. Bu qədər ağır itkilərdən sonra da "virusa inanmıram" deyənlərin hələ də qaldığına inana bilmirəm.
Məsələnin o hissəsini başa düşürəm ki, yalançının evi yananda da inanan olmur. Bəli, biz hamımız bu hakimiyyətdən saysız-hesabsız yalanlar eşitmişik, saxtakarlıq görmüşük. Ancaq bunun virusa və bizim peyvənd olunmağımıza nə dəxli var? COVİD-19 Azərbaycan miqyaslı məsələ deyil axı. Ümumbəşəri bəladır. Dünyanın ən qabaqcıl ölkələri, ən qabaqcıl alimləri bu bəla ilə necə mübarizə aparmaqla bağlı baş sındırır. Hələ ki, həmin qabaqcıl ölkələr də peyvənddən daha yaxşı vasitə tapmayıblar. Bizə təklif olunan peyvəndlərin heç biri hansısa oliqarxın fabrikində istehsal olunmur. Bizdən başqa da dünyada milyardlarla insan həmin peyvəndlərdən istifadə edir. Ona görə də şəxsən öz həyatınızı, sevdiklərinizin və həmvətənlərinizin həyatını qorumaq üçün peyvənd olunun”. \\Pravda.az
Bu xəbər üçün şərh yazın