Ermənilərin Gürcüstandakı Ermənistan səfirliyinin qarşısında növbəti təxribatı
2020-ci ilin iyulun 20-də Gürcüstandakı erməni icmasının gənclər və tələbələr ittifaqının üzvləri, ermənilərin iyulun 12-dən bəri Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın Tavuş rayonundan törətdikləri təxribatlara haqq qazandırmaq məqsədilə, Ermənistanın Gürcüstandakı səfirliyinin qarşısında Azərbaycanın əleyhinə təxribat xarakterli mitinq [1] təşkil etmişlər.
Bu fikirlər Faktinfo.az-a göndərilən məqalədə qeyd edilir.AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi Kamal Salayevin müəllifi olduğu məqaləni təqdim edirik:
Həmin mitinqdə Artur Mirzoyanın [1] rəhbərlik etdiyi gənclər və tələbələr ittifaqının üzvləri həm Ermənistan-Azərbaycan sərhədində, həm də Gürcüstanda Azərbaycanın əleyhinə dair müxtəlif dillərdə təxribat xarakterli çağırışlar etmişlər.
Gürcüstanın erməni icmasının tələbə ittifaqının üzvü Vrej Arutyunyan [1], təşkilatçıların adından belə bir müraciət etmişdir: “Bu gün biz, Gürcüstanın erməni icmasının gənclər və tələbələr ittifaqının üzvləri, ölkədəki indiki vəziyyəti nəzərə alaraq, məhdudiyyətləri pozmadan həmvətənlərimizi dəstəkləməyə gəlmişik. Gürcüstanın erməni icmasının təxribatlardan çəkinməyə dair rəsmi çağırışına sadiq olaraq, biz yüksək vətəndaşlıq məsuliyyətini nümayiş etdiririk. Xatırladaq ki, vəziyyətin gərginləşdiyi andan, biz başda Azərbaycan olmaqla müxtəlif qruplaşmaların gələcək təxribatçı əməllərini proqnozlaşdıraraq bəyanat verdik və Gürcüstan vətəndaşlarını təxribata reaksiya verməkdən çəkindirməyə çağırdıq. Biz də bu gün buraya soydaşlarımızı dəstəkləmək üçün gəlmişik. Biz yenə də milliyyətindən asılı olmayaraq, Gürcüstan vətəndaşlarını istənilən təxribata uymaqdan, o cümlədən onlarda və ya təşkilatda iştirak etməkdən çəkinməyə çağırırıq. Bütün dünyanın görünməz düşmənlə mübarizə apardığı bir zamanda Azərbaycan qlobal təlatümlərdən istifadə edir, Ermənistan-Azərbaycan təmas xəttinə təcavüz edir, bununla da Ermənistanı günahlandırmağa cəsarət edir. Azərbaycan, erməni Atom Elektrik Stansiyasını partlatmaqla hədələyir ki, bu da bütün region üçün, həmçinin Gürcüstan üçün terror təhlükəsidir”.
Bəyanat Tbilisidəki səfirliyin qarşısında gürcü və ingilis dillərində səsləndirilmişdir. Ermənistanın Gürcüstandakı səfirliyinin nümayəndələri, aksiyanın təşkilatçılarına, Azərbaycanın əleyhinə dair təxribat xarakterli çıxışlarına görə minnətdarlıqlarını bildirmişlər [1].
Qeyd etmək lazımdır ki, ermənilərin Azərbaycana qarşı təxribat xarakterli mitinqini, həmvətənlərinə dəstək və hətta yüksək vətəndaşlıq məsuliyyəti kimi qələmə verən Vrej Arutyunyan, əslində bugünkü erməni gənclərinin necə şovinist ruhunda formalaşmasını nümayiş etdirir. Ermənilər bir qayda olaraq, məqsədyönlü şəkildə “Böyük Ermənistan” xülyalarını reallaşdırmaq üçün təxribatçı əməllərini planlı şəkildə həyata keçirir, öz məkrli niyyətlərini gizlətmək üçün isə günahı Azərbaycanın üstünə atırlar. Gürcü əhalisini guya təxribata uymaqdan və hər hansı təşkilatda iştirak etməkdən çəkindirməyə çağıran ermənilər, əslində özləri Gürcüstan vətəndaşlarının arasında separatçı əhval-ruhiyyəni qızışdırmaqla ölkədə dini və etnik münaqişələrin yaradaraq, yerli əhaliyə qarşı kütləvi qırğınlar törətmişlər. Bu baxımdan məhz ermənilərin müxtəlif terror təşkilatlarını yaratmaları hamıya məlumdur ki, bunlara sübut olaraq da ermənilər tərəfindən 1885-ci ildə Marseldə yaradılan “Armenakan”, 1887-ci ildə Cenevrədə yaradılan “Hınçaq”, 1890-cı ildə isə Tiflisdə yaradılan “Daşnaksütyun” partiyalarını göstərmək olar [2].
Ermənilər öz bəyanatlarında, dünyanın görünməz düşmənlə yəni koronavirusla mübarizə apardığı bir vaxtda guya Azərbaycanın qlobal təlatümlərdən istifadə etdiyini qeyd edirlər ki, bu da açıq-aşkar şər və böhtandır. Qeyd etmək lazımdır ki, məhz möhtərəm Prezidentimiz İlham Əliyevin müdrikliyi, uzaqgörənliyi və təşəbbüsü sayəsində 2020-ci ilin iyulun 10-da rəsmi şəkildə açıq elan edilən BMT Baş Assambleyasının koronavirusa həsr edilmiş xüsusi sessiyası [3], Azərbaycanın pandemiya dövründə necə mühüm rola malik olduğunu hamıya göstərdi. Belə ki, Azərbaycanda koronavirus pandemiyası ilə bağlı məsələnin gündəmə gətirilməsi və bununla bağlı olaraq 130 ölkənin bizi dəstəkləməsi [4] Ermənistanın artıq hər tərəfdən təcrid olunmasının göstəricisi idi.
Ermənistan öz işğalçı və təcavüzkar siyasətini davam etdirdiyi halda guya Azərbaycanın təmas xəttinə təcavüz etdiyini qeyd edir. Xatırlatmaq istəyirik ki, 2020-ci ilin iyulun 12-də məhz Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu [5] istiqamətindəki atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi ələ keçirməyə cəhd göstərmiş, ermənilərin təxribatına layiqincə cavab verən hərbçilərimiz isə orada qəhrəmancasına həlak olmuşlar.
Ermənilər, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının sözlərini təhdid kimi qələmə verirlər. Halbuki Vaqif Dərgahlı [6] Ermənistan Müdafiə Nazirliyinin Mingəçevir su anbarına zərbə endirə biləcəyi ilə bağlı iddialara cavab olaraq fikrini bu cür qeyd etmişdir: “Ermənistan tərəfi unutmamalıdır ki, Azərbaycan ordusunun malik olduğu ən müasir raket sistemləri Metsamor AES-i yüksək dəqiqliklə vurmağa imkan verir”. Belə bir məqamda isə Vaqif Dərgahlının fikrindən də göründüyü kimi əslində Azərbaycan ordusunun son dərəcədə müasir və yüksək döyüş qabiliyyətinə malik güclü ordu olması Ermənistanı açıq-aşkar qorxuya salır. Qeyd etmək lazımdır ki, məhz Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin, diqqət və qayğısının məntiqi nəticəsi olaraq, Azərbaycan ordusu müasir silah-sursat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır və ordumuz dünyanın aparıcı 50 ordusunun siyahısında yer alır [7].
Son olaraq onu qeyd etmək istəyirik ki, ermənilər tərəfindən bəyanatın, Tbilisidəki erməni səfirliyinin qarşısında gürcü və ingilis dillərində səsləndirilməsi, Ermənistanın Gürcüstandakı səfirliyinin nümayəndələrinin isə bu əsassız bəyanata görə mitinqin təşkilatçılarına minnətdarlıqlarını bildirməsi, Ermənistanda ciddi xaosun, anarxiyanın və başıpozuqluğun baş alıb getdiyini bir daha sübut edir.
Ədəbiyyat siyahısı:
1. Армянская община Грузии провела акцию поддержки перед посольством Армении в Грузии /20.07.2020/ https://infoteka24-ru.turbopages.org/s/infoteka24.ru/2020/07/20/67307/
2. Erməni terror təşkilatları haqqında qısa məlumat http://www.dtx.gov.az/news405.php
3. Sergey Lavrov: BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bağlı müzakirələr başlanır /10.07.2020/ https://azertag.az/xeber/Sergey_Lavrov_BMT_Bas_Assambleyasinin_xususi_sessiyasinin_kechirilmesi_barede_Azerbaycan_Prezidenti_Ilham_Aliyevin_tesebbusu_ile_bagli_muzakireler_baslanir-1533657
4. Prezident İlham Əliyev: Ermənistanın hərbi təxribatı məhz iyulun 12-də törətməsi təsadüfü deyil /16.07.2020/ https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Ermenistanin_herbi_texribati_mehz_iyulun_12_de_toretmesi_tesadufu_deyil-1538197
5. Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz istiqamətində təxribat törədib - Döyüş gedir /12.07.2020/ https://ordu.az/az/news/167797/ermenistan-silahli-quvvelerinin-bolmeleri-tovuz-istiqametinde-texribat-toredib-doyus-gedir
6. Ermənistan Azərbaycanın həmləsindən qorxuya düşüb Ermənistan mediasında etiraflar /16.07.2020/ https://sia.az/az/news/politics/815942.html
7. Ali Baş Komandan İlham ƏLİYEV: Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır /22.06.2018/ https://mod.gov.az/az/pre/23115.html
Kamal Salayev
AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi
Bu xəbər üçün şərh yazın