"Ermənistan sərhəddə təxribat törətməklə vəziyyəti gərginləşdirmək istəyir" - XİN

"Ermənistan sərhəddə təxribat törətməklə vəziyyəti gərginləşdirmək istəyir" - XİN 

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatı pisləyib.

Nazirliyin hadisə ilə bağlı yaydığı açıqlamada deyilir:

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 1 iyun 2021-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində növbəti təxribatının qarşısı alınıb.

Belə ki, 40-a yaxın şəxsi heyətlə Azərbaycan ərazisinə daxil olan erməni silahlı qüvvələri Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin dərhal və silah tətbiq etmədən həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizin ərazisindən çıxarılıb.

Ermənistan tərəfinin iki dövlət sərhədində davamlı təxribatlara əl atması bu ölkənin məqsədyönlü şəkildə bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edən addımlar atdığını nümayiş etdirir.

Tərəfimizdən bu kimi təxribatların yolverilməzliyini bir daha vurğulayır və sərhəd məsələsində mövcud olan fikir ayrılıqlarının yalnız danışıqlar yolu həllinin vacibliyini vurğulayırıq. Azərbaycan iki dövlət sərhədinin delimitasiya və demarkasiya prosesinin başlanmasının tərəfdarıdır.

Ermənistanı beynəlxalq hüquq prinsiplərinə riayət etməyə, əsassız şəkildə sərhəd məsələsində gərginliyi artırmaqdan çəkinməyə və sərhəd məntəqəsində təxribatlara son qoymağa çağırırıq".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi