Falçıya 1 milyonu Kərəm Həsənovun bacısı veribmiş - Şok
Prezidentin köməkçisi Kərəm Həsənovun bacısı 1 milyon manata yaxın dələduzluğun qurbanı olub.
Axar.az Unikal.org-a istinadən xəbər verir ki, Bakıda fala baxmaq adı ilə xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sabirabad rayon sakini Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın 201900094 saylı cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Novruz Kərimovun icraatına verilib.
Cinayət işində zərərçəkmiş qismində Ağarzayev Sənan Məhərrəm oğlu və Ağarzayeva Reyhan Əvəz qızı tanınıb.
Qeyd edək ki, bu ilin fevral ayında 31 yaşlı Ceyhun Şahin oğlu Zeynallı və onun qısa müddət həyat yoldaşı olmuş İsmiyeva Şəfəq Müslüm qızı barəsində vətəndaş, 1976-cı il təvəllüdlü Reyhan Əvəz qızı Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.
İttiham aktına görə, İsmiyeva Şəfəq Müslüm qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqəsinə girib və 2017-ci ilin əvvəllərində İnstaqram sosial şəbəkəsində "baxıcı” adlı səhifə açıb.
O, özünü “Maya”, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcı kimi təqdim edib. Kart vasitəsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanıb.
Şəfəq İsmiyeva ona müraciət edən R.Ağarzayevanın qız övladının öləcəyi, bəxtinin bağlanması ilə bağlı cadu edildiyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədi ilə ilə Rusiya Federasiyasında yaşayan "Dmitri” adlı baxıcının da köməyindən istifadə olunacağını bildirib.
Ona yalan vəd verməklə aldadaraq 2017-ci ilin ortalarından 2020-ci ilin əvvəllərinə kimi xüsusilə külli miqdarda pulunu ələ keçirib.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.4. (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. Bu maddə 500 min manatdan yuxarı olan məbləğləri nəzərdə tutur.
Xatırladaq ki, Reyhan Ağarzayeva Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısıdır.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın