Goranboyun icra başçısı İTTİHAM OLUNUR... - Bu adam nəyin hesabına varlanıb?
“Hürriyyət”in ötən saytlarının birində Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin oğlunun Ermənistan hərbçiləri tərəfindən “girov götürüldüyü”nün iddia olunması barədə məlumat vermişdik.
Qeyd etmişdik ki, rayon sakinləri arasında yayılan məlumatlara görə, icra başçısının oğlu Nazim Quluzadə İkinci Qarabağ müharibəsi zamanı ermənilərə “girov” düşüb.
Araşdırmalarımızdan sonra məlum oldu ki, Nazim Quluzadə ümumiyyətlə müharibədə iştirak etməyib. Onun paytaxtda yerləşən “elit” hərbi hissələrin birində xidmət etdiyi bildirilir. Təbii ki, əgər buna “xidmət” demək olarsa…
Daha sonra isə məlum oldu ki, Məhərrəm Quliyevin oğlunun xidmət etdiyi yer yalnız “xüsusi status”u olanlar üçündür. Mənbənin bildirdiyinə görə, həmin “elit yer”də xidmət etmək əsgərin valideynlərinə nə az, nə çox, düz 90-95 min manata başa gəlir.
Əlbəttə, yalnız icra başçısı olduğu üçün dövlətdən məvacib alan bir məmurun 90-95 min manat pulu hardan əldə etdiyi isə müəmmalıdır. Lakin fakt odur ki, Məhərrəm Quliyev hamının bir nəfər kimi Vətənin müdafiəsinə qalxdığı bir zamanda, heç bir idman nailiyyəti olmayan oğlunu “elit hərbi hissəyə” xidmətə gönədərməklə, onu döyüşdən yayındırmaq məqsədi güdüb.
Şübhəsiz, oğlunu hərbi xidmətdən yayındırmaq üçün “xüsusi statuslu” N saylı hərbi hissəyə göndərən və buna görə 90-95 min manat bu pulu rahat xərcləyə bilirsə, icra başçısının “sandığında” əlavə nə qədər pulunun olduğunu da təxmin etmək olar.
Xatırlaqda ki, Goranboyun icra başçısı Məhərrəm Quliyev mövzuyula bağlı açıqlama almaq istəyən əməkdaşımızın bu haqda suallarına söyüşlə cavab vermişdi…
Məmur övladlarının qanunsuz hərbi xidmət keçmələri ilə bağlı “Hürriyyət” olaraq bəzi əlavə faktları da ortaya çıxarmışıdıq. Məlum olmuşdu ki, M.Quliyevin oğlu xidmət edən hərbi hissədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat zamanı saxlanılan Kürdəmir rayonunun keçmiş icra başçısı Ceyhun Cəfərovun oğlu da “qulluq edir”.
Görəsən, sözügedən icra başçıları övladlarını Vətənə xidmətdən yayındırmaq üçün övladlarının “xidmət etdiyi” hərbi hissəyə yerləşdirmək üçün ödədikləri pulu hansı yollarla qazanıblar? Və yaxud, qanunsuz yollarla övladlarına saxta idman dərəcələri alan bu şəxslər nə üçün cəzalandırılmır?
Xatırladaq ki, Prezident İlham Əliyev Neftçala və İsmayıllı rayonlarına yeni təyin etdiyi icra başçılarını qəbul edərkən “Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq”, – deyə bəyan etmişdi.
İ.Əliyev daha sonra əlavə etmişdi: “Təsəvvür edin, rayonun ən zəngin insanlarından biri Mərkəzi Rayon Xəstəxanasının baş həkimidir. Onun varidatı haqqında indi hüquq mühafizə orqanları məlumat əldə ediblər. Bu adam nəyin hesabına varlanıb? Bu, biznesmendir? Yox. Bu, ixtiraçıdır? Yox. Buna böyük miras qalıb? Yox. Nəyin hesabına? Xəstələrin boğazından kəsilən pullar hesabına. Yazıq xəstələr məcbur olub bu tamahkar insanlara pul veriblər ki, öz sağlamlıqlarını təmin etsinlər. Ona görə bu yolla gedən hər bir adam bilməlidir ki, bunun axırı olacaq”.
Təbii ki, ölkə başçısının bu kimi çıxışları hər bir məmur üçün siqnal olmalıdır. Bəs, niyə icra başçıları prezidentin çıxışlarından dərs götürmür?
Düşünürük ki, rüşvət alan və verən şəxslərin cəzalandırılması üçün qanunvericiliyimiz kifayət qədər sərtdir. Sadəcə, onu real olaraq həyata keçirmək lazımdır. Bu baxımdan, Baş Prokuror Kamran Əliyev Prezidentin çıxışlarını diqqətdə saxlayıb, “Hürriyyət”də dərc olunan faktlar, o cümlədən Goranboy rayon icra başçısı Məhərrəm Quliyevin əldə etdiyi küllü miqdarda pulun mənbəyinin araşdırılmasıyla bağlı göstəriş verməlidir. İlk olaraq, sözügedən icra başçılarının oliqarx övladlarının “xidmət etdiyi” hərbi hissəyə yerləşdirmək üçün ödədiyi pulun mənbəyindən başlamaq lazımdır. //hurriyyet.org//
Bu xəbər üçün şərh yazın