Gürcüstan Azərbaycandan dizel yanacağı almaqdan İMTİNA ETDİ
Gürcüstan Azərbaycandan dizel idxalını dayandırır.
Virtualaz.org bildirir ki, bu barədə Gürcüstanın İctimai Televiziyası məlumat yayıb.
“Moskva-Bakı” portalının yazdığına görə, bu barədə qərar Gürcüstanın Neft İdxalçıları Birliyi tərəfindən təşkil olunan seminarda elan edilib.
Qeyd olunub ki, 2020-ci il yanvarın 1-dən Gürcüstanda Avro-4 dizel yanacağının istifadəsi qadağan ediləcək. Ölkədə yalnız Avro-5 standartlarına cavab verən dizeldən istifadə ediləcək. Bu səbəbdən Gürcüstana Azərbaycandan dizel idxalı dayandırılacaq.
Dizelin Rusiyadan alınacağı bildirilir.
Bu arada SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov 2020-ci ildən Gürcüstanın Azərbaycandan dizel yanacağı idxalını dayandıracağı barədə xəbəri Turan.az-a təsdiqləyib. Onun sözlərinə görə, Azərbaycandan dizel yanacağının idxalı Gürcüstan hökümətinin qərarı əsasında dayandırılacaq: "Qeyd edim ki, Azərbaycan tərəfi özü də hələ əvvəlki illərdə dizelin ixracını əhəmiyyətli dərəcədə azaldıb. Bu isə daxili bazarımızda son illərdə müşahidə olunan ciddi tələbat artımı ilə bağlıdır."
İ.Əhmədov vurğulayıb ki, hazırda SOCAR Gürcüstan ilə yanaşı, bir çox digər ölkələrə də, əsasən Aralıq dənizinin hövzəsinə neft məhsulları və dizel yanacağı ixrac edir: "Mövcud satış şəbəkəmizdən istifadə edərək, biz gələcəkdə sərbəst qalan dizel həcmlərini həmin bazarlara yönləndirməyi və oradakı iştirakımızı artırmağı planlaşdırırıq."
SOCAR sözçüsü sonda deyib: “Ötən illərin təcrübəsi artıq göstərib ki, həmin bazarlara dizel məhsulunun daha böyük həcmlərdə çıxarılması üçün yetərli potensial mövcuddur”.
Xatırladaq ki, hazırda Gürcüstan dizel yanacağını ən böyük həcmdə Azərbaycandan idxal edir. Azərbaycandan idxal edilən neft məhsulları Rusiya məhsullarından 15 tetri ucuzdur.
Bu xəbər üçün şərh yazın