“Havalandırma olmayan vaqonlarda gediş 10 qəpiyə də olmamalıdır”
"İctimai nəqliyyatda baş verənlər provokasiyadır, yoxsa onun başında duranların bacarığı budur? Kimin hansı nəqliyyat vasitəsini istifadə edib – etməməsindən asılı olmayaraq ictimai nəqliyyatdakı məsələləri daima aktuallaşdırmaq lazımdır”.
Bu sözləri Bakı Politoloqlar klubunun rəhbəri Zaur Məmmədov deyib:
“Bakıda ictimai nəqliyyat hansı vəziyyətdədir? “BakuBus”ları çıxmaq şərtilə şəhərin ictimai nəqliyyatında terrorun şahidiyik. Avtobus sürücülərinin şəhərdə “rally” yarışlarına çıxmasından tutmuş dayanacaqlarda onlarla konduktorlar arasındakı “söhbət”ə qədər. Avtobus sürücüləri ucbatından şəhərdəki tıxac da hamıya məlumdur. Mərkəzdən bir qədər kənara çıxan kimi avtobuslardakı vəziyyət Bombeyi xatırladır. Ümid edirəm ki, şəhərdəki bütün avtobuslar tezliklə “BakuBus”ın öhdəsinə veriləcək. Səliqəli sürücülər, mədəni davranış və s".
Politoloq metro problemindən də söz açıb:
"İndi keçək metroya. Metro milyonlarla insanın istifadə etdiyi nəqliyyat vasitəsidir. Metroya minənləri narazı deyil, razı salmaq lazımdır. Metroda baş verənlər hər gün əhvalımıza təsir edən ilk hadisədir. Havalar bir qədər istiləşən kimi Bakı metrosunda fəlakət ilə qarşı - qarşıya dayanırıq. Vaqonlarda ürəkləri gedənlər kim, halsızlaşanlar kim. Havalandırması və soyuducu sistemi olmayan vaqonlarda yol getmək 30 qəpiyə yox, heç 10 qəpiyə də olmamalıdır. Misal üçün, Moskvada havanın Bakıdan daha sərin keçməsinə baxmayaraq , köhnə vaqonlarda belə kondisionerlər qoşulub. Biz də, heç olmasa bu variantdan istifadə edə bilərik”./Yeni Sabah.az
Bu xəbər üçün şərh yazın