İranın neft sənayesi tətilə hazırlaşır – “Etirazçılara qarşı zorakılıq dayandırılmazsa”
İran neft sənayesinin müqaviləli işçiləri hökuməti ümumi tətil edəcəkləri ilə hədələyərək etirazçılara qarşı hücumları dayandırmağı tələb ediblər.
Neft Sənayesi İşçilərinin Şurası bu barədə bəyanat verib: "Biz xalqın qadınlara qarşı mütəşəkkil və gündəlik zorakılığa, yoxsulluğa və cəmiyyəti bürümüş cəhənnəmə qarşı mübarizəsini dəstəkləyirik”.
Xatırladaq ki, İranda 22 yaşlı Məhsa Əmininin polis məntəqəsində ölümü ilə bağlı etirazlar sentyabrın 13-də başlayıb və indiyədək ölkənin 80-dən çox şəhərini bürüyüb.
İranda son aylarda həyat səviyyəsinin Qərb sanksiyalarına görə düşməsi ilə bağlı işçi etirazları çoxalıb.
İran polisi sentyabrın 28-də xəbərdarlıq edib ki, iki həftədir gedən, qadınların başçılıq etdiyi etirazların qarşısını var gücüylə alacaq. Etirazlar hicab qaydasını pozduğuna görə saxlandığı deyilən Məhsa Əmininin polisdə ölümündən sonra başlanıb.
Bu arada BMT Tehranı etirazçılara qarşı gərəksiz və qeyri-adekvat gücdən istifadə etməməyə çağırıb.
Rəsmilər etirazlarda 60, İran İnsan Haqları qrupu isə 76 nəfərin öldürüldüyünü bildirir.
Sentyabrın 26-da yayılmış rəsmi məlumatda 1200-dən çox adamın, o cümlədən fəalların, vəkil və jurnalistlərin həbs olunduğu qeyd edilib./AzPolitika.info
Bu xəbər üçün şərh yazın