“İşğaldan azad olunmuş ərazilər gündən-günə abadlaşır” - Kamaləddin Qafarov
"Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri bu torpaqlarda aparılan bərpa və yenidənqurma işlərinin ən yüksək səviyyədə həyata keçirilməsini stimullaşdıran mühüm amillərdən biridir.
O cümlədən, dövlətimizin başçısı cari ilin oktyabrın 17-də, "Füzuli şəhəri günü"ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
"Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, Füzuli işğal dövründə erməni vandalizmindən, erməni vəhşiliklərindən ən çox ziyan görən bölgələrimizdən biri olmuşdur. "Füzuli şəhəri azad olunanda isə hərbiçilərimiz bir salamat bina tapa bilmədilər ki, bayrağımızı qaldırsınlar. Cənab Prezidentimizin Füzuli sakinləri ilə görüşü zamanı etdiyi çıxışında dediyi kimi, insanlara zülm etmək, onlara işgəncə vermək, Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmaq Ermənistan hökumətinin əsas siyasət xətti olub. Yalnız torpaqlarımız işğaldan azad olunduqdan sonra dünya ictimaiyyəti erməni vəhşiliklərinin nəticələrini görmək imkanı əldə etdi. Füzulinin timsalında bütün dünya üçün bu vəhşiliyin mahiyyəti açıqlandı."
Fikirlərini davam etdirən deputat Böyük Qayıdış Proqramının hazırda uğurla icra olunduğunu da diqqətə çəkib: "Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi maraq doğuran məqamlardan biri də Böyük Qayıdış Proqramının uğurla icra olunduğuna dair yer almış açıqlamalarla bağlı idi. Dövlətimizin başçısı bildirdi ki, artıq 2026-cı ilin sonunda 22 min insanın təkcə Füzuli rayonunda, ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda isə 140 min insanın yaşayacağı nəzərdə tutulur. Bu gün dövlətimiz tərəfindən işğaldan azad olunmuş bütün ərazilərdə insanların rahat yaşamaları üçün hər cür şərait yaradılır. Layihələri icra edərkən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları bu məsələ ilə bağlı ciddi addımlar atır ki, burada yerləşən insanların məşğulluq imkanları da olsun. Prezidentimiz öz çıxışında gənc füzulililərin də öz doğma torpalarına qayıtmalarını xüsusi qeyd etdi və bildirdi ki, bu, doğrudan da böyük hadisədir. Bu, xalqımızın böyüklüyünü göstərir, doğma diyarına bağlılığını göstərir. Artıq bütün dünya görür ki, Azərbaycan xalqının öz doğma torpağına sevgisi əbədidir. İşğal dövründə illər keçdikcə xalqımızın öz torpaqlarını unudacağına, gənc nəslin, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacağına ümid edən xaricdəki bəzi dairələr isə indi nə qədər səhv etdiklərini anlayırlar."
K.Qafarov Füzuli əməliyyatının gedişində əsgər və zabitlərimizin göstərdikləri misilsiz qəhrəmanlıqlardan da bəhs edib: "Ermənilər 30 illik işğal dövründə Azərbaycan ordusu ilə bütün təmas xətti boyunca güclü müdafiə istehkamları yaratmışdılar. Füzuli rayonu istiqamətində isə xüsusilə möhkmləndirilmiş istehkamlar daha çox idi. Füzulinin azad olunması müharibənin gedişinə və ümumilikdə müqəddəratına həlledici təsir göstərə bilərdi və bu, belə də oldu. Şanlı Ordumuzun qəhrəman döyüşçüləri istehkamları öz canları və qanları bahasına keçərək oktyabr ayının 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərini işğaldan azad etdilər. Bu vacib məqamları öz çıxışında bir daha xatırladan cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün biz əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramımızı ifadə edirik. Çünki, bu günə görə biz hamımız onlara borcluyuq. Hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Bu gün bütün şəhidlərimizin ruhu şaddır ki, insanlar öz doğma torpaqlarına qayıdır. Şəhidlərimiz canlarını fəda edərək tarixi Zəfər çalıblar və bu fədakarlıq gələcək nəsillərin xoşbəxt həyatını təmin edən əsas amildir".
Bu xəbər üçün şərh yazın