İSPANİYA 500 AVRO, YAPONIYA 930, ABŞ 1200 DOLLAR...

İSPANİYA 500 AVRO, YAPONIYA 930, ABŞ 1200 DOLLAR... - Bəs Azərbaycan?

Dünya iqtisadiyyatının yeni “xilas yolu” – əhaliyə qeyd-şərtsiz ödəmələr

Pandemiya dünyanın təkcə gələcək siyasi xəritəsinə deyil, sosial-iqtisadi durumuna da öz möhürünü vurmaqdadır. Və hazırda dünyanın ən böyük iqtisadiyyatları belə, bu epidemiyanın yaratdığı acı reallıq qarşısında tir-tir əsməkdədir. Artıq dünya iqtisadiyyatının 1930-cu illərin böyük depressiyasından da ağır sarsıntı keçirəcəyi barədə proqnozlar əksər tanınmış iqtisadçılar, beynəlxalq qurumlar, nüfuzlu agentliklər və digər mütəxəssislər tərəfindən səsləndirilməkdədir.

Məsələn, son proqnozlara görə, Avropanın öncül iqtisadiyyatlarından olan İtaliyada ilin sonuna Ümumi Daxili Məhsulun (ÜDM) 9.1 faiz, İspaniyada 8 faiz, Fransada 7.2 faiz, Avropanın “lokomotiv”i sayılan Almaniyada isə 7 faiz azalacağı gözlənilir. Ümumilikdə Avropa üzrə bu azalmanın 7.5 faiz, ABŞ-da 6 faiz, Rusiyada isə 5.5 faiz olacağı bildirilir. Digər dünya nəhəngi olan Çinin də vəziyyəti ürəkaçan deyil.

Beynəlxalq Əmək Təşkilatı isə dünyada 1 milyarda yaxın insanın gəlirinin azalacağı, yaxud tamamilə gəlirlərdən məhrum olacağına dair proqnozlar verib.

Dünya lideri sayılan ABŞ-da son ayda müxtəlif növ sosial müavinətlər üçün 20 milyondan çox insan müraciət edib. Və son 30 gün ərzində ABŞ-da son 10 ildə açılan iş yerlərindən daha çox sayda iş yeri itirilib. Bir sözlə, pandemiyanın vurduğu zərbə qarşısında “səndələməyən” iqtisadiyyat yoxdur...

Bəs vəziyyətdən çıxış yolu nədir və postpandemiya dövründə iqtisadiyyatı dirçəltmək, insanları sosial fəlakətdən xilas etmək üçün hansı addımlar atılmalıdır? Son zamanlar dünyadakı bir çox nüfuzlu iqtisadçılarla yanaşı, iş adamları, milyarderlər və digər tanınmış simalar “Qeyd-şərtsiz baza gəliri” üsulunu təkidlə təklif etməkdədirlər. Sadə dildə desək, bu, əhaliyə heç bir şərt, fərq və s. qoyulmadan mütəmadi olaraq, pul vəsaitinin ödənilməsidir.

Qeyd-şərtsiz baza gəliri, təməlində ödəmə modeli olan sosial konsepsiyadır. Konsepsiya üzrə dövlət hər ay hər bir vətəndaşa eyni dərəcədə vəsait ödəyir. Bu konsepsiyanı dəstəkləyən insanlar hətta “Ümumdünya Baza Gəliri Şəbəkəsi” (Basic Income Earth Network) adlı təşkilat da yaradıblar.

Bu təşkilat hesab edir ki, dövlət gec-tez öz vətəndaşlarına onların sadəcə var olduqlarına görə pul ödəyəcək. Yaxın gələcəkdə dövlətlər bir çox peşələrin yox olması problemi ilə qarşılaşacaqlar. Robotlaşdırma sistemi nəticəsində bir çox insanlar işsiz qalacaqlar və yeni peşələrə yiyələnməli olacaqlar. Lakin problem ondan ibarətdir ki, bu, heç də hamıda mümkün olmayacaq və həmin insanların dolanmaları üçün onlara pul lazım olacaq. Bu cür böhranın aradan qaldırılması üçün əsas variantlardan biri də qeyd-şərtsiz baza gəliridir. Bu halda dövlət öz vətəndaşlarına elə-belə pul vəsaiti ödəyir.

İdeyanın fəal dəstəkçiləri sırasında “Space X” və “Tesla”-nın sahibi İlon Mask, “Facebook”-un yaradıcısı Mark Sukerberq, ”Virgin Group”-un sahibi Riçard Brenson kimi tanınmış simalar və hətta Nobel mükafatı laureatları da var. Onlar iddia edirlər ki, onsuz da gələcəkdə hökumətlərin başqa çıxış yolu qalmayacaq.

Məsələn, 2000-ci ildə iqtisadiyyat üzrə Nobel Mükafatının sahibi olmuş Daniel Makfadden hesab edir ki, qeyd-şərtsiz baza gəliri hökumətləri yoxsulluq problemindən böyük ölçüdə azad edə bilər. 

Belə ki, bu sistem insanlarda maliyyə sabitliyi və gələcəyə inam hissi aşılayır. Qeyd-şərtsiz baza gəliri digər tərəfdən dövriyyəyə buraxılan vəsait nəzərə alınmaqla, istehlakın, tələbatın artmasına xidmət edir ki, bu da xüsusilə postpandemiya dövründə iqtisadiyyatın yenidən işə düşə bilməsi, canlanması üçün olduqca vacibdir.

Eyni zamanda, vəsaitin sabit məbləğdə olmaqla hər kəsə sadə yolla paylanması, müxtəlif sənəd və şərtlərin tələb olunmaması, nəticə etibarilə bürokratik aparatın şişirdilməsinin, məsələn, Dölət Sosial Müdafiə Fondu, Əmək Nazirliyi və s. bu kimi qurumlarda böyük sayda məmur ordusunun saxlanmasının, onlara külli miqdarda vəsait ayrılmasının, müavinətlərin hesablanmasındakı bürokratik əngəllərin, ədalətsizliyin (Bunu Azərbaycanda 190 manatlıq yardımın paylanması zamanı müşahidə etdik-C.M.) və s. aradan qaldırılmasına xidmət etmiş olur.

Digər yandan işgüzar aktivlik artır, insanlar aldıqları baza məbləğini öz təhsillərinin artırılmasına, yaxud bizneslərinin irəliləməsinə və s. xərcləməklə, əmək məhsuldarlığının artmasına xidmət etmiş olurlar. Bununla paralel olaraq, əhaliyə paylanan vəsaitin bir hissəsi iqtisadiyyatın işləkliyinin artması nəticəsində vergi yığımlarının çoxalması hesabına büdcəyə geri qayıdır və yenidən iqtisadiyyata qaytarılır.

Baza gəlirilə bağlı artıq bir sıra təcrübələr aparılıb. Bu mövzu ilə əlaqəli ilk təcrübələrdən biri 1974-1979-cu illərdə Kanadada keçirilib. Layihə Mincome adlanırdı. Həmin vaxt Vinnipeq və Dofin şəhərlərinin əhalisi zəmanətli illik gəlir əldə edirdi. Müavinətin miqdarı isə insanların aldıqları maaşlardan asılı idi. Hər qazanılmış dollar əvəzinə müavinət şəklində 50 sent vəsait verilirdi. 

İlk görünüşdən düşünmək olardı ki, belə bir vəziyyətdə insanlar çox çalışmaqdan imtina edəcəklər. Lakin təcrübənin nəticələri həqiqətən də təəccübləndirdi. Məlum oldu ki, insanlar həm kasıblıqdan qurtuldular, həm də öz iş yerlərində çalışmağa davam etdilər. Heç kim işdən çıxmadı. Vəsaitlər isə ailə üzvlərinin səhhətinə və təhsilinə yatırılırdı. 

4 illik təcrübə müddətində məktəbi bitirən 16-18 yaşlı gənclər iş tapmaq üçün dərslərini atmaq əvəzinə öz təhsillərini davam etdirdilər. Bundan əlavə məlum oldu ki, psixi xəstəliklərin və yol nəqliyyat hadisələrinin sayı da azaldı, insanlar daha az xəsarət alıb daha az halda xəstəxanalara düşdülər və s.

Dalia Research” adlı şirkət avropalıların baza gəlirinə qarşı yanaşmaları barəsində məlumatları mütəmadi olaraq yığıb və onları analiz edib. Şirkət tərəfindən keçirilən sonuncu sorğuda 28 ölkədən 11.000 insan iştirak edib. Sorğuda iştirak edənlərə “Baza gəliri sizin iş seçiminzə hansı effekti verərdi?” sualı ünvanlanıb. Sorğuda iştirak edənlərin yalnız 3%-i bildirib ki, baza gəliri halında ümumiyyətlə işləməzdilər. İnsanların çox hissəsi (37%) bildirib ki, baza gəliri onların iş seçiminə təsir etməz. 17% isə qeyd edib ki, baza gəliri onlara ailələri ilə daha çox zaman keçirmələrinə imkan yaradardı.

Qeyd edək ki, artıq bir çox aparıcı dünya ölkələri qeyd-şərtsiz baza gəliri ideyası ilə ciddi şəkildə maraqlanmağa başlayıblar. Bunların arasında İspaniya xüsusi olaraq seçilir. İspaniya hökuməti yaxın zamanda bu ideyanı həyata keçirməyi planlaşdırır.

Plana görə, ölkə vətəndaşlarına aylıq 500 avro ödənilməsi nəzərdə tutulur və bu, sadəcə 1-2 aylıq deyil, daimi olaraq həyata keçiriləcək. Yəni pandemiyanın bitməsindən sonra da davam edəcək. Və getdikcə bu proqram digər sosial yardım layihələrini sıxışdıraraq, aradan çıxaracaq. Bir çox ekspertlər İspaniyanın bu planını yüksək qiymətləndirir və onun digər ölkələr üçün də nümunə olacağını düşünürlər.

Qərb mətbuartında yer alan məlumatlara görə, İspaniya ilə yanaşı, məsələn, pandemiya ilə bağlı vətəndaşlarına qarşılıqsız olaraq adambaşına 930 dollar pul ayıran Yaponiya, 300 dollar ayıran Sinqapur, illik gəliri 75 min dollardan aşağı olanlara aylıq 1200 dollar, hər uşağa isə 500 dollar verən ABŞ kimi ölkələr artıq qeyd-şərtsiz baza gəliri konsepsiyası ilə ciddi maraqlanan ölkələr sırasına aid edilə bilərlər.

Təbii ki, qeyd-şərtsiz baza gəliri konsepsiyanın həyata keçirilməsi üçün maliyyə mənbəyinin mövcudluğu məsələsi əsas yerdə dayanır. Bu konsepsiyanın əsas problemlərindən biri ondadır ki, hər ölkənin iqtisadiyyatı və sosial sistemi onu reallaşdırmaq gücünə sahib deyil.

Bununla yanaşı, baza gəliri konsepsiyasına təkcə ölkənin iqtisadiyyatı deyil, həm də cəmiyyətinin özü hazır olmalıdır. Bu isə mentalitet, təhsil səviyyəsi, sosial məsuliyyət və s. kimi məsələlərdən xeyli asılıdır. Lakin mütəxəssislərin hesablamalarına görə, əksər dövlətlərin bu konsepsiyanı həyata keçirməsi onların ÜDM-lərinin 5 faizi civarında vəsait hesabına başa gələ bilər. Lakin onun sonrakı effekti nəzərə alınsa, bu vəsaitdən keçməyə dəyər.

Hələ ki, bu konsepsiyanın tətbiq ediləcəyi ölkələr sırasında Azərbaycanın adı çəkilmir. Ancaq yəqin ki, nə zamansa bizim ölkədə də əhalinin qeyd-şərtsiz baza gəlirinin təminatı məsələsinin nəzərdən keçiriləcəyini istisna etmək olmaz ...

C.Məmmədov

AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi