İtaliya-Azərbaycan Universiteti ölkələrimiz arasında əlaqələrin parlaq səhifəsidir -Aqiyə Naxçıvanlı
Dövlətimizin başçısı İlham Əliyevin söylədiyi kimi, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq.
Dəyişikliklərin hansı axınla gedəcəyi Ukraynada müharibə nə qədər müddət davam edəcək və bu savaşın sonu necə bitəcək, dünyadakı güclərin balansı hansı şəkildə olacaq kimi amillərdən asılıdır. Müstəqil bir ölkə kimi xarici amillərdən müdafiə olunmaq əsas məsələlərdəndir. Keçən il müstəqilliyinin 30-cu ildönümünü qeyd edən Azərbaycan heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşan siyasət yürüdərək, artıq sabit siyasi və iqtisadi mövqeyə yiyələnib ki, bu da xarici ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq münasibətləri qurmaq imkanı verir.
Bu sözləri sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində keçirilmiş beynəlxalq forumda Prezident İlham Əliyevin “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı ilə əlaqədar münasibət bildirən Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Xanım deputat Azərbaycan Prezidentinin Forumda çıxışında Azərbaycan və İtaliya arasında önəmli əməkdaşlıq istiqamətlərindən biri kimi təhsil sahəsinin vurğulandığını xatırladıb: “Forumda əsas müzakirə edilən mövzu enerji təhlükəsizliyi siyasəti olsa da, təhsil sahəsində əməkdaşlığın da əhəmiyyətinin qeyd edilməsi uzun müddət təhsil sferasında çalışmış biri kimi mənim diqqətimdən yayınmadı. Prezident İlham Əliyev çıxışında bu əməkdaşlığa nümunə kimi Azərbaycanın ADA Universitetinin İtaliyanın beş aparıcı universiteti olan Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universiteti ilə tərəfdaşlıq etdiyini yada saldı. Forumdan bir gün əvvəl Azərbaycanın Romadakı səfirliyinin binasında İtaliya-Azərbaycan Universitetinin yaradılmasına həsr edilmiş gözəl mərasim təşkil olundu. Yada salmağa dəyər ki, Prezident İlham Əliyevin hələ 2020-ci ilin fevralında İtaliyaya rəsmi səfəri zamanı İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılıq əldə olunub. İtaliya-Azərbaycan Universiteti ADA Universitetinin bazasında fəaliyyət göstərir. 2022-ci il sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib və bildirib ki, İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır.
Dövlətimizin başçısı əminlik ifadə edib ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq. Sözügedən ali təhsil ocağında tədris olunacaq akademik proqramlar iqtisadiyyatın strateji sektorlarını əhatə edəcək və yüksəkixtisaslı mütəxəssislər yetişdirəcək. Universitet, eyni zamanda, kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, o cümlədən elektrik və elektronika, nəqliyyat və infrastruktur mühəndisliyi, memarlıq, həmçinin şəhərsalma və landşaft memarlığı, dizayn, sosial elmlər, biznesin idarə olunması, italiyaşünaslıq və digər istiqamətlər üzrə təcrübə, nou-hau, texnologiya və innovasiyaların tətbiq ediləcəyi elm və bilik ocağı olacaq. Həmin tədbirdə Luiss Guido Carli Universitetinin vitse-prezidenti professor xanım Paola Severino isə çıxış edərək çox düzgün vurğulayıb ki, bu gün beynəlxalq səviyyədə yaşanılan çətinliklər dövründə Prezident Əliyev öz qətiyyətini, uzaqgörənliyini nümayiş etdirərək iki ölkə arasında əməkdaşlıq və dostluq münasibətlərinin daha güclü təməlini məhz burada qoyub. ADA Universitetinin rektoru professor Hafiz Paşayev də yaxşı qeyd edib ki, İtaliya-Azərbaycan Universiteti iki ölkə arasındakı münasibətlərin böyük bir hissəsidir”.
A.Naxçıvanlı İtaliyanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa olunmasında fəal iştirakının, iqtisadi layihələrin həyata keçirilməsində aktivlik göstərməsinin iki ölkə arasında münasibətlərdə yeni bir parlaq səhifə açdığını əminliklə vurğulayıb: “Bütün bu işlər Azərbaycan və İtaliya xalqlarının yaxınlaşması, bir-birini yaxşı tanıması və gələcəkdə daha geniş tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin qurulması üçün çox vacib addımlardır. Xüsusilə İtaliya və Azərbaycan arasında turizm, tələbə mübadiləsi, elm sahəsində əməkdaşlıq siyasi və iqtisadi sahələrdə münasibətlərimizin daha da dərinləşməsinə gətirib çıxaracaqdır”.
Bu xəbər üçün şərh yazın