Kamaləddin Qafarov: “Yeni qanun ölkədə medianın keyfiyyətcə daha yüksək mərhələyə keçidini təmin edəcək”
“Bu gün media sahəsində çalışan hər kəs təsdiq edər ki, 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun müasir dövrün tələbləri ilə ayaqlaşa bilmir.
Bu günə qədər həmin qanuna 79 dəfə tətbiq olunmuş dəyişikliklər də vəziyyətin düzəlməsini təmin edə bilməyib. Məhz bu səbəbdən də “Media haqqında” yeni qanunun qəbul olunması artıq zamanın və formalaşmış yeni reallıqların tələbi kimi ortaya çıxıb. Bu baxımdan Azərbaycanın tarixi Qələbəsi ilə başa çatmış Vətən müharibəsinin bitməsindən az müddət sonra Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi ölkəmizdə medianın inkişafına xidmət edən önəmli təşəbbüs olmaqla yanaşı, həm də milli informasiya məkanında davamlı inkişafın təmin edilməsinin dövlət üçün prioritet istiqamətlərdən biri olduğunun bariz göstəricisidir.”
Bu sözləri yap.org.az. saytına verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili yeni qanun layihəsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, media islahatları və onun əsas tərkib hissəsi olan “Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir və bu yenilik ölkədə medianın inkişafında yeni, keyfiyyətcə daha yüksək mərhələyə keçidi təmin edəcək: “Heç şübhəsiz, ölkəmizdə media sahəsində islahatlara çoxdan bir zərurət yaranmışdı. “Media haqqında” qanun layihəsinin hazırlanması da bu islahatların vacib tərkib hissəsidir və bu təşəbbüs dövlətin siyasi iradəsini təcəssüm etdirir. Əminliklə demək olar ki, yeni qanun layihəsi qəbul olunacağı təqdirdə Azərbaycanda medianın inkişafında yeni, keyfiyyətcə daha yüksək mərhələyə keçidi təmin edəcək. “Media haqqında” qanun ölkəmizdə medianın inkişafı üçün yeni imkanlar deməkdir. Təkcə bunu demək kifayətdir ki, məsələnin mahiyyəti və bu sahənin həssaslığı nəzərə alınmaqla, qanun layihəsinin hazırlanması prosesində çoxsaylı media nümayəndələri, bu sahə üzrə ekspertlər və mütəxəssislərlə fikir mübadiləsi aparılmış, 800-yə yaxın media subyekti və jurnalistlə müzakirələr keçirilmişdir.”
Kamaləddin Qafarov yeni qanun layihəsində əks olunmuş bir sıra demokratik xarakterli qeydləri xüsusi olaraq diqqət mərkəzinə çəkərək onların önəmini vurğulamışdır: “İlk növbədə, birmənalı olaraq vurğulamaq lazımdır ki, yeni qanun ölkəmizdə jurnalist peşəsinin nüfuzunun yüksəlməsinə, bu peşənin daha ciddi mahiyyət qazanmasına vəsilə olacaq, Azərbaycan cəmiyyətində müəyyən səbəblər üzündən jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı inam və etimadın güclənməsini təmin edəcək. Bu qanun, eyni zamanda, dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək. Yeni qanun layihəsi özündə bir çox demokratik xarakterli qeydləri ehtiva edir. Belə ki, yeni qanun sosial şəbəkələrin və blogerlərin fəaliyyətinə müdaxilə etmir, “vətəndaş jurnalistikası” adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyəti hər hansı bir formada məhdudləşdırmır və nəzarətə götürmür. Yeni qanuna görə, internet televiziyaların lisenziya almaları da məcburi xarakter daşımır və çap mediası, eləcə də onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur. Media Reyestrinin yaradılması məsələsinə gəlincə isə, məlumdur ki, çap mediası subyektlərinin fəaliyyətə başlamazdan əvvəl bu barədə məlumat verməsi artıq neçə illərdir ki, mövcud olan bir prosedurdur. Sadəcə olaraq hazırda bu məlumatların sistemləşdirilməsi, müvafiq yanaşmanın onlayn media subyektlərinə də tətbiq olunması və sistemləşdirilmiş məlumatlar bazasının Media Reyestri adlandırılması nəzərdə tutulmuşdur. Media Reyestrinin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinin və onların işçilərinin hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır.”
Sonda millət vəkili “Media haqqında” qanunun, ilk növbədə, jurnalistlərin hüquqlarının ən yüksək səviyyədə müdafiəsini təmin etməyə və media sahəsində müəllif hüquqlarının qorunması istiqamətində ciddi addımlar atmağa imkan verəcəyini qeyd etmişdir: “Yenu qanunda Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması nəzərdə tutulur və bu prosedur da könüllülük prinsipi əsasında həyata keçiriləcək. Yəni Medianın İnkişafı Agentliyi tərəfindən veriləcək jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə bilər. Eləcə də media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam sərbəstdirlər.
Vahid jurnalist vəsiqəsi prinsipinin tətbiqi media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək. Tələb olunan rəsmi məlumatın məqsədi həm media subyektlərinin, həm də jurnalistlərinin fəaliyyətinin daha səmərəli təşkilini və onların hüquqlarının ən yüksək səviyyədə müdafiəsini təmin etmək, heç bir qanuni əsas olmadan özünü media subyekti və ya jurnalist kimi təqdim edən və qeyd olunan statusdan sui-istifadə edən şəxslərin fəaliyyətinin qarşısını almaqdır. Eyni zamanda, informasiyaya dair tələblərin müəyyənləşdirilməsi və müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaq. Media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək, media subyektlərinin bir-birlərindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcək. Beləliklə, yeni qanun layihəsində nəzərdə tutulan müddəalar ölkə daxilində informasiya məkanının təhlükəsizliyini, daxili media məhsulunun istehsalının stimullaşdırılmasını, yerli medianın inkişafını və nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə daha geniş imkanların açılmasını təmin edəcək.”
Bu xəbər üçün şərh yazın