“Kampaniya xatirinə qocaları vəzifədən çıxarmağın əleyhinəyəm” - Məşhur YAP-çıdan ETİRAZ

“Kampaniya xatirinə qocaları vəzifədən çıxarmağın əleyhinəyəm” - Məşhur YAP-çıdan ETİRAZ 

Kadr dəyişiklikləri zamanı ölkə başçısının gənclərə üstünlük verməsi cəmiyyətdə müsbət qarşılanıb. Artıq “köhnə qvardiya”nın tamamilə hakimiyyətdən getməsi ilə bağlı çağırışlar başlayıb.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Azərbaycan Dövlət İqtisad Universitetinin “Sosial sferanın iqtisadiyyatı və idarə olunması” kafedrasının müdiri, professor Əli Əlirzayev bildirib ki, gənc və yaşlı nəsil problemi həmişə olub:

“Yaşlılar bilməlidir ki, insan qocaldıqca enerji və fəallıq müəyyən mənada azalır. Cavanlar isə bəzi işlərdə təcrübənin vacib olduğunu anlamalıdır. Elə işlər var ki, biliklə yanaşı, toplanmış münasibətlər də orada mühüm rol oynayır.  Yaşlının da, gəncin də fərqli baxışları var”. 

Əli Əlirzayev hesab edir ki, əgər bir insan özünü idarə edə bilirsə, o, 70-75, hətta 85 yaşında da fəaliyyət göstərə bilər:

“Sovet vaxtında yaşlı adamlar qorxurdu ki, cavanlar gəlib yerlərini tutacaqlar. İndi isə xalq və dövlət üçün kim daha çox xeyir verirsə, onlar işləyir və işləməlidirlər. Mənə elə gəlir ki, yaş senizi vacibdir, amma bu, o demək deyil ki, vəzifəsinin öhdəsindən layiqincə gələn biri vəzifədən çıxarılmalıdır. Əgər 30 yaşında biri nazir olursa, daha nə olsun... Belə məsələdə tələsmək lazım deyil. Mənim 75 yaşım var. Mən özümü 30-35 yaşındakı istənilən bir insandan istər debatda, istər məqalələrdə, istərsə də tələbənin, cəmiyyətin, qonşunun, qohumun qarşısında yüksək sayıram. Nə üçün mən vəzifədən getməliyəm? Nazirliklər üçün də təcrübə lazımdır. Düzdür, nazirlər həmişə təyin olunub və olunacaq. Amma gəlin baxıb görək, 30-32 yaşındakı bir adam həyatda kimlərlə oturub-durub, kimləri görüb?  Xaricdə bir məktəb bitirib, yataqxanadan bayıra çıxmayıb. Pullu və ya pulsuz oxmağını da Allah bilir... Amma biz Moskvaya gedib orada 10-20 il oxuyurduq, Qorbaçov səviyyəsində olan akademiklərlə müzakirələrimiz olurdu.  İndi biri mənim yerimə gəlib çıxır, düzdür, mən xəstə ola bilərəm, ölə bilərəm, amma yenə də mən düşünürəm ki, bu düzgün siyasət deyil”.

Həmsöhbətimiz bəzi adamları yaş xatirinə vəzifədən çıxarmağın doğru olmadığını diqqətə çatdırıb:

Kampaniya xatirinə qocaları vəzifədən çıxarmaq doğru deyil. Mən bir ziyalı kimi bunun əleyhinəyəm. Heç kəs də deməsin ki, qocaların yaşı çatıb, onları işdən çıxarın. Şəxs istəyirsə, müqavilə ilə işləyə bilər. Ola bilsin ki, səhv edib, amma dərhal çıxarmaq olmaz. Çünki hər insan səhv edə bilər. Cavan adam varlanmaq istəyir, yaşlı adam da nəvə-nəticələrini  saxlamaq... Müxtəlif pozisiyalar var. Ona görə də bu məsələyə yanaşma müxtəlif prizmadan olmalıdır.

İnsanın həyat tərzi elədir ki, cəmiyyət onu görür və bilir. Baxırlar ki, bu adam 15-20 il vəzifədə olub, amma yaşayışı orta təbəqədən fərqlənmir, vətənpərvərliyi, insanlara münasibəti yerindədir, yəni tamahı öndə getmir. Belə olan halda niyə kampaniyanın bir parçasına çevrilməlidir. Mən parlamentdə 8 il olmuşam, hər kəs fəaliyyətimi görüb təqdir edib. İndi bunun millətə nə ziyanı var? 60-65 yaşında olan biri vəzifə baxımından yetişmiş biridir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi