Kanadada təhsil daha əlçatan olacaq - YENİ ƏMƏKDAŞLIQ
Qərbi Kaspi Universiteti Kanadanın Georgian Kolleci ilə əməkdaşlığa başlayır.
Faktinfo.az xəbər verir ki, bu barədə razılıq Kollecin beynəlxalq şöbəsinin əməkdaşı Catherine Vellinganın Bakıya səfəri və Qərbi Kaspi Universitetində keçirdiyi görüşlərdən sonra əldə olunub.
İlkin razılığa əsasən, Qərbi Kaspi Universitetində Georgian Kolleci ilə birlikdə baza ixtisas hazırlığı həyata keçirəcək Mərkəz yaradılacaq. Burada təhsilini başa vuran tələbələr Georgian Kollecinə qəbul ediləcək. Kollec təhsil müddətində Kanadada tələbələrin işlə təmin edilməsi öhdəliyini də öz üzərinə götürür. Əməkdaşlıq razılaşması müəllim mübadiləsini və birgə elmi tədqiqatların aparılmasını da nəzərdə tutur. Kollecin nümayəndəsi Qərbi Kaspi Universitetində yaradılmış şəraitlə tanış olub, qurulmuş müasir laboratoriya və mərkəzlərin keyfiyyətli təhsil üçün yaxşı baza yaratdığını qeyd edib. Qonaq iki təhsil müəssisəsi arasında əməkdaşlığın gənclərin xaricdə təhsil arzularının reallaşdırılması, beynəlxalq təhsil imkanlarından yararlanması baxımından əhəmiyyətini vurğulayıb.
Bu xəbər üçün şərh yazın