Keçmiş müşavir Maykl Flinn Trampı " satdı " - Onun göstərişi ilə görüşmüşəm

Keçmiş müşavir Maykl Flinn Trampı " satdı " - Onun göstərişi ilə görüşmüşəm 

ABŞ Prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn özünü FTB-yə yalan ifadə verməkdə günahkar bildiyini, Donald Trampın əmri əsasında hərəkət etdiyini və hər şeyi düzəltmək üçün istintaqla əməkdaşlıq etməyə hazır olduğunu açıqlayıb.

Bu barədə BBC informasiya yayıb.

Flinnin FTB-ni aldatmaq cəhdi ilə bağlı ittihamlar dekabrın birində irəli sürülüb. Elə həmin gün məhkəmənin ilk iclası keçirilib. Məhkəmənin “özünüzü günahkar bilirsinizmi” sualına Flinn qısaca olaraq, “Bəli, cənab” cavabını verib.

Flinn həqiqətə uyğun olmayan, uydurma və saxta informasiya verməklə şüurlu şəkildə və bilərəkdən FTB-ni aldatmaqda ittiham olunub.

İttihamlar Robert Müller tərəfindən aparılan 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə Rusiya müdaxiləsi ilə bağlı xüsusi tədqiqat çərçivəsində irəli sürülüb. Prokurorlar Flinnin yanvar ayında verdiyi ifadə zamanı 29 dekabr 2016-cı ildə Rusiya səfiri Sergey Kislyakla görüşü barədə FTB-yə yalan söylədiyini bildiriblər.

Flinn Donald Trampın əmri ilə seçki öncəsi təşviqat kompaniyası zamanı Rusiya tərəfi ilə görüşdüyünü təsdiqləyib.

FTB ilə görüşdə Flinn Kislyakdan ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq vəziyyətin gərginləşməsinə səbəb olacaq addımlar atılmasından çəkinilməsini istəməsi fikrini təkzib edib. O, həmçinin, rus səfirlə görüşü zamanı BMT Təhlükəsizlik Şurasında qəbul ediləcək qətnamə ilə bağlı səsvermənin ləğv edilməsini istəməkdə ittiham olunub. İfadəsi zamanı Flinn həmçinin bunu da Trampın seçki kampaniyasının yüksəkçinli üzvünün göstərişi əsasında etdiyini bildirib.

“Aylar ərzində vətənə xəyanət və digər təhqiramiz hərəkətlərlə bağlı ittihamları daşımaq çox ağır idi. Mən inanıram ki, bu gün məhkəmədə barəsində etiraflar etdiyim hərəkətlərim yanlış idi. İndi isə Allahın izni ilə bunu düzəldəcəyimə ümid edirəm”, - keçmiş müşavirin vəkilləri tərəfindən yayımlanan xüsusi bəyanatda deyilib.

Məsələ ilə bağlı Ağ Evin də bəyanatı gecikməyib.

“Xüsusi prokurorun işinin bu mərhələsinin tamamlanması bir daha göstərir ki, araşdırma əhəmiyyətli bir sürətlə hərəkət edir və nəticələrin açıq və səmərəli olmasına yol açır”, - bəyanatda qeyd olunub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi