Könül Nurullayeva: “Ali Ordenlə təltif olunmaq Azərbaycan Prezidentinin türk dünyasındakı liderliyinə verilən qiymətdir”
Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyini uğurla başa vurdu.
Ötən gün İstanbulda keçirilən 8-ci sammitdə sədrlik qardaş ölkəyə ötürüldü. Sammitdə ən vacib məqamlardan biri müzəffər Ali Baş Komandan İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması idi. Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının Qərarı ilə belə bir qərarın qəbul olunması Azərbaycan Prezidentinin şəxsiyyətinə, türk dünyasında liderliyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna verilən qiymət idi. Təbii ki, bunun əsas səbəbi Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsidir. Dövlət başçımızın Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən qiymətdir. Azərbaycan bu ali mükafatı sözün həqiqi mənasında haqq edib. Çünki ölkəmiz hər zaman türk dünyasının birliyi istiqamətində mühüm addımlar atıb.
Prezident İlham Əliyev türk dünyasında uzaqgörən, məqsədyönlü, prinsipial lider kimi nüfuz qazanıb. Təsadüfi deyil ki, hələ 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə Prezident İlham Əliyevin də söylədiyi kimi, qədim yurdumuz Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni, türk dünyasının vahid bir ailə, vahid bir qüvvə kimi fəaliyyəti onilliklər ərzində dayandırılmışdır. Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbə bütün türk dünyasının qələbəsidir. İstanbul zirvəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Azərbaycan faktiki türkdilli dövlətlər arasında coğrafi bağlılığı bərpa edib.
Türk Şurasının Naxçıvandan başlanan inkişaf yolunda Prezident İlham Əliyev böyük əmək sərf edib. 2019-2021-ci illərdə təşkilata sədrlik edən Azərbaycan qurumun inkişafına, onun coğrafiyasının genişlənməsinə, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə, əlaqələrinin artmasına önəmli töhfələr verib. Türk Şurasının digər mötəbər beynəlxalq təşkilatlarla faydalı əməkdaşlığın qurulmasına da nail olunub. Məlum olduğu kimi, artıq şura rəsmi şəkildə təşkilata çevrildi. Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq. Bunun üçün kifayət qədər perspektivlər var. Prezident İlham Əliyevin də söylədiyi kimi, bizim işbirliyimiz səmimidir, biz hamımız qardaşıq, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk və bu birlik, qardaşlıq gündən-günə möhkəmlənir.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın