Könül Nurullayeva: “Azərbaycan bütün tərəfdaşlar üçün cəlbedici ölkədir”
Azərbaycan bütün tərəfdaşları ilə normal əlaqələr qurub və ilbəil münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Qırğız Respublikası da Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır.
Bu ölkənin prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri və imzalanan sənədlər bunu bir daha təsdiqlədi. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin də söylədiyi kimi, strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Dövlət başçılarının birgə bəyanatından da aydın oldu ki, əməkdaşlığın səmərəliliyini artıran amillər kifayət qədərdir. Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlərin daha effektli və fəal surətdə müntəzəm müzakirəsi nəzərdə tutulur.
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin üzvü,deputat Könül Nurullayeva deyib.
Deputat bildirib ki,iki ölkə arasında əlaqələr beynəlxalq platformalarda da inkişaf etməkdədir. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində rəsmi Bakı ilə Bişkek bir-birinin yanındadır.
Eyni zamanda tərəflər nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərin birləşdirilməsində maraqlıdır. Azərbaycanda yüklərin bütün istiqamətlərə - Şimal, Cənub, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğız Respublikası üçün açıqdır. Perspektiv əməkdaşlıq sahələrindən biri də kənd təsərrüfatı sahəsidir. Zirvə görüşündə tərəflər bu sahədə də əməkdaşlığı genişləndirməklə bağlı razılığa gəldilər.
Yeni mərhələdə əsas hədəflərdən biri beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsidir. Azərbaycan-Qırğızıstan münasibətləri həm də ortaq mədəni irs və ortaq tarixə malikdir. Dövlət başçılarının da söylədiyi kimi, münasibətlərin bu səviyyədə inkişafı etibarlı təmələ əsaslanır. Məhz etibarlı, dərin tarixi və mənəvi təməl sayəsində qarşılıqlı əlaqələrin fəallığını təmin etmək mümkün olub. Azərbaycanın qədim Şuşa şəhərinin gələn il Türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsü rəsmi Bişkek tərəfindən də dəstəklənib. Rəsmi Bakı bu dəstəyi təqdir edir. Azərbaycan hazırda Türk dünyasının mədəniyyət paytaxtını bu statusa layiq şəkildə bərpa edir
Bu xəbər üçün şərh yazın