Könül Nurullayeva: “İdman mərc oyunları bədən tərbiyəsinin, idmanın təbliği və təşviqi məqsədi daşımır”

Könül Nurullayeva: “İdman mərc oyunları bədən tərbiyəsinin, idmanın təbliği və təşviqi məqsədi daşımır” 

Milli Məclisin deputatı Könül Nurullayeva Parlamentin 24.12.2021-ci il tarixdə keçirilən iclasında “Bədən tərbiyəsi və idman haqqında qanun”a dair müzakirələr zamanı çıxış edib.

Deputat qeyd edib ki, müasir medianın təsiri ilə idman ciddi istehlak sektoruna və qazanc gətirən cəlbedici fəaliyyət sahəsinə çevrilib. Qloballaşmanın bir təzahürü də mərc oyunlarının sərhəd tanımamasıdır. “Ölkəmizdə də mərc oyunlarına maraq günü-gündən artmaqdadır. İnsanlar davamlı olaraq bu oyun növündən istifadə edir və gəlirlərinin bir hissəsini mərc oyunlarına xərcləyirlər” deyən K.Nurullayeva  beynəlxalq təcrübəyə toxunub. Bildirib ki, Amerika Birləşmiş Ştatlarında bu sahəni tənzimləyən 1991-ci ildə qüvvəyə minmiş “Peşəkar və Həvəskar İdmanları Mühafizə Aktı” (PASPA) ölkə hüdudlarında idman yarışlarına onlayn mərc oynamağı qadağan edən qanunvericilik aktıdır. ABŞ Ali Məhkəməsinin 2018-ci ilin mayında müvafiq qanunun konstitusiyaya zidd olduğunu bəyan etməsindən sonra idman tədbirlərinə mərc etmək mümkün olub. Böyük Britaniyada lisenziyası olan hüquqi şəxslər bu oyunları təşkil edə bilər. Digər tərəfdən, bir neçə Qərbi Avropa ölkəsində, Milli şans oyunları komitəsi idman yarışları üçün onlayn mərc saytı üzərindən fəaliyyət göstərir. İdman mərc oyunları zamanı bu nöqteyi-nəzərdən “match-fixing” və ya dələduzluq vəziyyətlərinin qarşısını alan normalar əhəmiyyətlidir.

Könül Nurullayeva “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində “idman mərc oyunları” ilə bağlı anlayışına dəyişikliklər ilə bağlı təkliflərini səsləndirib: “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş lotereyalar idman mərc oyunları hesab olunmur hissəsinə lotereyalar  və ya digər şans oyunları sözü əlavə edilməlidir. Çünki  təkcə lotereyalar yox, həmçinin digər şans oyunları da idman mərc oyunları ilə eyni mənanı daşımır. Maddə 53-1.-in idman mərc oyunlarının təşkili və keçirilməsinə dair hissədə (Maddə 53-1.1.-də) qeyd edilir ki, idman mərc oyunları bədən tərbiyəsi və idmanın inkişafına maliyyə dəstəyinin göstərilməsi, bədən tərbiyəsi və idmanın təbliği, təşviqi məqsədi ilə keçirilir. Hesab edirəm ki idman mərc oyunlarının əhəmiyyəti bu formada vurğulanmamalıdır. Bu insanların həmin sahəyə önəm və marağının artırılmasına səbəb ola bilər. Lakin məlumdur ki, əsas hədəf gəlir əldə etməkdir, kommersiya fəaliyyətidir. Əsl məqsəd pərdələnməməlidir”.

Deputat vurğulayıb ki, idman mərc oyunlarının bütün dünyada bir illik dövriyyəsi 227 milyard dollar səviyyəsinə çatıb. Bu da çox ciddi göstəricidir. “Nə qədər tənzimləmələr həyata keçirilsə də, bu sahədə aldadılma, külli miqdar pul itkiləri halları çox olur. Hesab edirəm ki, qanunvericiliyimizdə bu sahənin tənzimlənməsi əhəmiyyət kəsb edir, lakin bu sahənin xüsusi təbliğindən yayınmalıyıq. Reklamın isə maksimum məhdudlaşdırılması ilə bağlı müddəaların olması daha məqsədəuyğun olar”,- deyə Könül Nurullayeva bildirib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi