Könül Nurullayeva: “İranın əsas aqressiyası Azərbaycanın məlum narkotrafik marşrutunu bağlaması ilə əlaqədardır”
Ermənistanın 30 illik işğal dövründə Azərbaycana məxsus ərazilərdə bütün infrastruktur, tarixi və dini abidələri dağıtması MDB dövlət başçıları Şurasının iclasında dövlət başçımız tərəfindən gündəmə gətirildi.
Bu kontekstdə cənub qonşumuz İranın da Ermənistanla birlikdə bu prosesdə iştirak etdiyi diqqətə çatdırıldı. 67 məsciddən 65-inin dağıdılması, saxtalaşdırılması, qalanlarının isə tövlə məqsədilə istifadə edilməsi müsəlmanların heysiyyatını bilərəkdən təhqir etməkdir. Amma təəssüf ki, islam ölkəsi olan İran nəinki bu prosesə mane olub, əksinə iştirakçı olub. Məsələ burasındadır ki, işğal dövründə İranın Ermənistana təsir imkanları olduğu halda bunu etməyib.
Təsadüfi deyil ki, Şuşada 17 məsciddən 16-sı dağıdılıb, biri isə tolerantlıq görüntüsü yaratmaq üçün elə İran mütəxəssislərinin iştirakı ilə bərpa edilib. Daha doğrusu, saxtalaşdırılıb. “Evlər, binalar kərpicinə kimi sökülərək Ermənistana və İrana satılıb. Bütün bunlar Ermənistanın vandallıq irsinin göstəricisidir” deyən dövlət başçımızın diqqət çəkdiyi ən vacib məqamlardan biri də vaxtilə işğal altında saxlanılan ərazilərimizdən narkotrafik məqsədilə istifadə olunmasıdır.
Prezident açıq şəkildə bəyan etdi ki, Azərbaycan Ermənistanla sərhədin 132 km-lik hissəsinə nəzarəti bərpa etməklə İrandan Ermənistana və daha sonra Avropaya gedən narkotrafik marşrutunun qarşısını alıb. Cari ildə İranla sərhədin digər hissələrində saxlanılan heroinin həcmi əvvəlki illərlə müqayisədə iki dəfə artıb. Bu isə göstərir ki, 30 il ərzində Ermənistan İranla əlbir olaraq işğal altında olan ərazilərdən Avropaya narkotrafik məqsədilə istifadə edib. Azərbaycan əvvəllər də həmin ərazilərin narkotrafik və terrorçu düşərgələri üçün istifadə olunduğunu dəfələrlə bildirib. Əslində bu fakt İranın son vaxtlar ölkəmizə qarşı qıcığının əsas səbəblərindən biridir. Yəni, İranın bütün davranışları İslam həmrəyliyi ilə ziddiyyət təşkil edir. Bu illər ərzində əksər müsəlman ölkələri Azərbaycana qarşı işğal siyasətinə görə Ermənistanla diplomatik münasibətlər qurmadığı halda cənub qonşumuz əksinə terrorçu dövlətin əlini gücləndirib. Bu səbəbdən münaqişənin həllinin uzanmasında əslində İran da məsuliyyət daşıyır. Çünki işğal siyasətinə görə təcrid vəziyyətinə düşən Ermənistanın yeganə nəfəsliyi İran idi. Bu nəfəsliyin vaxtında kəsilməsi münaqişənin vaxtında həllinə imkan yarada bilərdi. Amma cənub qonşumuz bunun əksini etdi.
44 günlük savaşdan sonra artıq bu cür manevr imkanları tükənib. Artıq Ermənistanı revanşizmə həvəsləndirmək nəticə verməyəcək.
Azərbaycan sülh prosesinə, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara hazırdır, bir şərtlə ki, qarşılıqlı şəkildə ərazi bütövlüyü tanınsın. Azərbaycan sülh razılaşması ilə bağlı danışıqlara, qalib ölkə kimi münasibətlərin normallaşmasına hazırdır. Dövlət baçımız MDB sammitindən də mövcud reallığın Ermənistanın son şansı olduğunu bir daha bəyan etdi. Bu, həm Ermənistana, həm də bölgədə sülhü pozmaq istəyən dairələrə ünvanlanan mesaj idi.
Bu xəbər üçün şərh yazın