Könül Nurullayeva: “Uşaq intiharları və azyaşlılara qarşı şiddətin qarşısını almaq üçün nəzarət mexanizmləri sərtləşdirilməlidir” - VİDEO
Milli Məclisin deputatı Könül Nurullayeva parlamentin iclasında çıxış edib.
O, son vaxtlar istənilən yaş kateqoriyasından olan şəxslərin, xüsusilə uşaqların intiharı hallarına diqqət çəkib. Bildirib ki, bu problemə xüsusi həssaslıqla yanaşmaq vacibdir.
Faktinfo.az xəbər verir ki,K.Nurullayeva aprel ayında qeydə alınan azyaşlıların intihar faktlarını xatırladıb: “22 aprel 2021-ci il tarixində KİV-də yayılan məlumata əsasən, 13 yaşlı uşaq özünü asaraq intihar etmişdir. İddia olunur ki, 13 yaşlı Ramizə qarşı laqeyd və diqqətsiz davranış, ayrılmış valideynləri və ailəsində baş verən problemlər onun intihar etməsi ilə nəticələnmişdir. Digər bir məlumatda təmsil etdiyim Nizami rayonu Keşlə qəsəbəsində atası tərəfindən azyaşlı qız uşağına qarşı mütəmadi şiddət göstərilməsi faktı qeyd edilib, həmin valideynlərin valideynlik hüququnun məhdudlaşdırılması məsələsi ilə bağlı məhkəməyə müraciət edildiyi də bildirilir.
27 aprel 2021-ci il tarixində isə 17 yaşlı İsa Alməmmədov intihar edib. Təəssüflər olsun ki, bu siyahını genişləndirmək də olar. “
Uşaq intiharları və onlara qarşı göstərilən fiziki şiddətlə əlaqədar dəqiq statistik məlumatların əldə edilməsində hələ də problemlər olduğunu qeyd edən K.Nurullayeva bildirib ki, adətən ailə daxilində yaranan münaqişələr ailə daxilində qalaraq yalnız ağır nəticələrə səbəb olduğu təqdirdə hüquq mühafizə orqanları tərəfindən araşdırılır: “Bu məsələlərdə iki problemə diqqətinizi çəkmək istərdim: Uşaq intiharlarına və azyaşlılara qarşı törədilən cinayət xarakterli əməllərə vaxtında ciddi hüquqi reaksiya verilirmi, mütəmadi olaraq həmin uşaqlar psixoloji və digər yardımlar ala bilirlərmi?! Risk qrupuna aid olan bütün uşaqlarla fəal iş aparılırmı?! Latent - yəni qapalı cinayətlərin aşkar edilməsi istiqamətində hansı işlər görülür?! “
Azyaşlı uşaqların polisə müraciət edəcək qədər hüquq düşüncəsinə malik olmadığını və ya sonrakı nəticədən qorxduqları üçün çəkindiklərini bildirən millət vəkili qeyd edib ki, bu sahədə işlər gücləndirilsə törədilmiş cinayətlərin sayının azaldılmasında da ciddi nəticələr əldə oluna bilər. K.Nurullayeva hesab edir ki, cinayətlərin profilaktikası bu kimi əməllərin acı nəticələrini aradan qaldırmaqdan daha asan və effektivdir: “Əsas istiqamət isə intihar cinayətlərinin araşdırılması ilə bağlı hüquqi yanaşmada olan problemlərdir. İntihar faktları zamanı adətən “özünü öldürmə həddinə çatdırma” maddəsi üzrə araşdırma aparılır ki, bu halda da əksər işlərdə yaxın qohumların, mütəmadi psixi və fiziki işgəncə tətbiq edən valideynlərin cəzalandırılmamasını görürük. Hüquq tətbiq edən orqanlar bu məsələlərdə humanist yanaşaraq uşaq itirmiş bir ailəyə cəza verməklə onlara qarşı sərt tədbir görmürlər. Halbuki belə tədbirlər görülməlidir ki, digər şəxsləri də həmin hərəkətləri etməkdən çəkindirmək məqsədi reallaşsın. Əslində biz uşaq hüquqlarına dair bir çox məsələləri qanunvericilik prosesində həll etmişik. Lakin sadalanan tədbirlərin həyata keçirilməsi zamanı nəzarət mexanizmləri sərtləşdirilərsə, uşaqların daha sağlam və normal psixologiya ilə cəmiyyətdə layiqli yer tutmasına kömək etmiş olarıq.”
Bu xəbər üçün şərh yazın