"Lənkəranda meşə məhv edilir, Muxtar Babayev harada yatıb?"

"Lənkəranda meşə məhv edilir, Muxtar Babayev harada yatıb?" 

"Lənkəranın Haftoni kəndi yaxınlığında 45 hektar meşə fondu çay bağı salmaq üçün məhv edilir. Bunu həyata keçirən isə "BetaTea Azerbaijan" şirkətidir".

Bunu ekosktivist Cavid Qara yazıb.


O deyir ki, ərazinin "Beta" şirkətinə verilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) də təsdiqləyib.


Cavid Qara ərazidə ağacların kökündən çıxarılmasını əks etdirən şəkillər də yayıb: "Bu şəkil Azərbaycanın ekoloji siyasətidir. Şəkildə qırmızı kitabda olan dəmirağacıdır. Lənkəran Haftoni və Girdəni kəndləri arasında yerləşən meşə. ETSN rəsmiləri ağ yalan danışacaq ki, orada ağac kəsilə bilməz. Bəli, buldozerlə kökündən aşırılır".



O bildirib ki, sözügedən ərazidə yaşıllıq məhv edilir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə buna göz yumur: "BETA  kimi şirkət ağ yalan danışacaq ki, orada ümumiyyətlə ağac yox idi. Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış və danmayacağına söz verən Dayanıqlı Azərbaycan Naminə Milli Alyans - DANMA  ümumiyyətlə susur. Əgər biz meşə qırğınlarının qarşısını ala bilməsək, cəzamız susuzluq, səhralaşma olacaq. Gələcək nəsillər bizə lənət oxuyacaq. Qlobal iqlim və ətraf mühit böhranını biz lokal olaraq daha da kəskin yaşayacağıq".


Haftonu kənd sakinləri də yaşıllığın məhv edilməsinə etiraz edirlər. 



Onlar "Arqument.az"a deyirlər ki, nazir Muxtar Babayev indiyə qədər məsələyə münasibət bildirməyib: "Biz bilmirik ki, nazirin məqsədi nədir. Lənkəranda bu boyda meşə massivi məhv edilir, bəs Muxtar Babayev harada yatıb? Niyə bircə dəfə məsələyə reaksiya vermir? Görünür, özünün də bu məsələdə marağı var və ərazini də "Beta" şirkətinə hədiyyə edib. Biz ictimaiyyətdən bu məsələni diqqətdə saxlamağı xahiş edirik". 



Sakinlərin dediyinə görə, məsələ ictimailəşdirdildikdən sonra ağac kəsintisi müvəqqəti dayandırılıb: "Hələ ki aranın sakitləşməsini gözləyirlər. Bilirlər ki, məsələ ictimai qınağa səbəb olub. Ona görə də nazirlikdən onlara deyiblər ki, bir müddət işi dayandırın, amma yaxın günlərdə yenidən işə başlayacaqlar". 



Bu arada "BetaTea Azerbaijan" şirkəti rəsmi Feysbuk səhifəsində məlumatları təkzib edib. Şirkət bildirib ki, "Baku.tv" ərazidən reportaj hazırlayıb və heç bir qırıntı qeydə alınmayıb.



Sosial şəbəkə istifadəçiləri isə şirkətin səhifəsində yazıblar ki, "Baku TV"nin reportajı tərəflidir və məhz şirkətin istəyi ilə belə bir videosüjet hazırlanıb.


"Arqument.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlamaq istəsə də, məsələyə münasibət öyrənə bilməyib. 


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi