“Mədəniyyət idarələri də regional oldu, nə dəyişdi ki?.." - HƏQİQƏTƏN DƏ...
“Biz həmişə formal tərəfə daha çox üstünlük veririk ki, regional təhsil şöbələri yaransa, hər şey qaydasına düşəcək.
Sanki bütün məsələni həll etmiş oluruq. Yadınızdadırsa, mədəniyyət idarələri də regionala keçirildi. İndi sual edirəm, nəsə dəyişdimi?! Əlbəttə ki, yox. Həmin şey indi də təhsildə təkrar olunacaq. İslahat köklü şəkildə aparılmalıdır”
Faktinfo.az xəbər verir ki,bunu moderator.az-a açıqlamasında şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu rayon təhsil şöbələrinin ləğv edilməsi haqda danışarkən deyib. O, regional təhsil şöbələrindən elə bir gözləntisinin olmadığını bildirib:
“Prezident hər variantı edir ki, hər şey yaxşı olsun, neqativ hallar yığışdırılsın. Amma təəssüf ki, nə qədər ki, rayon İcra Hakimiyyətləri var, heç nə dəyişməyəcək. Sadəcə forma dəyişəcək. Hətta regional təhsil şöbələri olanda şikayətə gedən, az maaş alan müəllimlərin vəziyyəti bir az da çətinləşəcək. Əziyyət ancaq o müəllimlərin üzərinə düşəcək. Hər xırda şeydən ötrü məktəb direktoru deyir ki, mənlik deyil, buna təhsil idarəsi baxır. Mənə elə gəlir ki, nə qədər mahiyyət dəyişməyib, heç nə dəyişməyəcək. Sadəcə formanı dəyişməklə biz heç nə əldə edə bilmərik. Təhsildə köklü islahat aparmaq lazımdır. Bir-iki budağı kəsməklə nəyəsə nail olmaq mümkün deyil. Bunu kökündən calaq etmək, yeni meyvə yetişdirmək lazımdır.
Dəhşətli vəziyyətdir. Məmurlar sanki bu xalqdan deyillər, bunlarla çox qarşılaşıram axı. İnanın ki, hərdən birbaşa açıq pul şəkildə istəyirlər. Özü də ərklə deyirlər ki, “Baba müəllim, şairin pulu daha şirin olur”. Bu dərəcədə bunlar nəzarətsizdirlər, artıq həyasızlaşıblar. Fikirləşirsən ki, səndən çəkinərlər, ictimai adamsan. Amma onda da başqa varianta əl atırlar”.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycanda rayon təhsil şöbələri ləğv edilib və 12 regional idarə yaradılıb.
Bu xəbər üçün şərh yazın